Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:05

'Büdcə pulu ilə zavod tik, avtomobilləri hədiyyə ver'-Media icmalı


"Khazar" Avtomobil Zavodu
"Khazar" Avtomobil Zavodu

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 15 il, yerli avtomobillərin taleyi, Badamdarda torpaq sürüşməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Aldım qoz, satdım qoz»

Azadliq.info saytında «Hakimiyyətin «aldım qoz, satdım qoz» iqtisadi siyasəti» sərlövhəli yazı oxumaq olar.

Yazıda Mənəvi Dəyərlərin Təbliği Fondunun yaxınlarda Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən «Azərmaş» MMC-dən 22 ədəd «Khazar SD» markalı minik avtomobili alması dəyərləndirilir.

Müəllif yazıb ki, Fond buna görə zavoda 359 min 986 manat ödəniş edib və həmin avtomobillərin 14-ü bu il oktyabrın 11-də 14 dini icmaya təqdim olunub.

Yazıda habelə bildirilir ki, Neftçala Sənaye Məhəlləsində Azərbaycanın «Azevrocar» MMC şirkəti İranın «Iran Khodro» şirkəti ilə birgə 2016-cı ildən avtomobil istehsalı üzrə layihə icra edir.

Müəllif yazıb ki, bundan illər öncə analoji olaraq Şamaxıda «Azsamand», Naxçıvanda «NazLifan» avtomobil zavodları istifadəyə verilmişdi və bir neçə il sonra onlar fəaliyyətini dayandırmışdı.

Yazıda vurğulanır ki, əslində həmin zavodlarda avtomobillər sadəcə yığılıb.

Müəllifin bildirməsinə görə, bu avtomobillərin satışı da problemə dönüb.

Yazıda bildirilib ki, Naxçıvanın istehsal etdiyi maşınların bir hissəsi müharibə əlillərinə hədiyyə kimi verilib: «Prezident İlham Əliyevin müdaxiləsi də, həmişəki kimi, nəticəsiz oldu. Onun dövlət qurumlarına bu maşınları almaq göstərişi verməsi o qədər də uğur qazanmadı...».

Müəllif hesab edir ki, indi Neftçalanın «Khazar SD» avtomobilləri də eyni taleyi yaşayır. Yazıda belə müəssisələrin iqtisadi faydasına şübhə bəslənir: «Deməli, büdcə pulu ilə zavod tikirsən, büdcə puluyla o zavoda maşın və detallar alırsan, sonra da büdcə puluyla həmin maşınları alıb kimlərəsə hədiyyə verirsən...».

Bayılda yenə sürüşmə olub
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

«Bu ərazinin kanalizasiya sistemi mövcud deyil»

«Yeni Müsavat» qəzetində «Badamdarda qorxulu sürüşmə, sakinlər səksəkədə» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Bakının sürüşmə zonalarında yenidən aktivlik müşahidə edilməkdədir. Oktyabrın 13-də Səbail rayonunda, Badamdar-20-ci Sahəni birləşdirən yolda (Bayıl şosesi) növbəti dəfə sürüşmə baş verib.

«Yeni Müsavat» qəzetinin əməkdaşları da hadisə yerində olublar. Onlar müşahidə ediblər ki, sürüşmənin baş verdiyi yerdən keçən magistral yol ikitərəfli bağlanıb.

«Yola beton sədlər düzülüb və avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Yaşayış evləri sürüşmənin yuxarı tərəfində tikildiyi üçün sürüşən torpaq kütləsinin altında heç bir mənzil, iaşə obyekti qalmayıb», - yazıda bildirilir.

Hadisə yerində olan jurnalistlər sakinlərlə də söhbətləşiblər. Sakinlərdən Fərid Məmmədov söyləyib ki, bu ərazidə tikintilər aparıldıqdan sonra torpaq kütləsinin axını başlayıb: «Yuxarı hissədə tikinti işləri görülürdü. Traktor işə başlayan kimi torpağın bir hissəsi sürüşüb. Sonra da proses davam etdi. Ümumiyyətlə, burada evlər tikilsə də, bir dənə də olsun ağac əkilmir. Həmçinin, yuxarıda yaşayan camaatın hamısının həyətində qazılmış quyu var. Çünki bu ərazinin kanalizasiya sistemi mövcud deyil. Mən uzun illərdir ki, bu ərazidə yaşayıram. Əvvəllər hazırda sürüşmə baş verən yerin üstündə bir dənə də tikili yox idi. Sonradan yavaş-yavaş orada evlər, hətta villalar tikməyə başladılar».

Yazıda bildirilir ki, artıq 11 evə elektrik enerjisi, su və qazın verilişi dayandırılıb. Bəzi ailələrə evlərini boşaltmaları ilə bağlı xəbərdarlıq edilib.

İ.Əliyev
İ.Əliyev

«Yüksəliş yolu»

«Azərbaycan» qəzetində «Qürur doğuran yüksəliş yolu» sərlövhəli yazı dərc edilib. Yazıda hazırkı dövlət başçısı İlham Əliyevin hakimiyyətdə olduğu son 15 il dəyərləndirilir.

Müəllif yazıb ki, İ.Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də prezident seçilib.

Yazıda iddia edilir ki, İ.Əliyevin rəhbərlik etdiyi bu 15 ildə xalq yüksəliş dövrünü yaşayıb, daha da güclənib, ölkənin müstəqilliyi möhkəmlənib, milli mənafelər uğurla müdafiə olunub: «Xalq inkişaf və sabitliyin, sosial rifahın, güclü dövlətçiliyin tərəfdarıdır. Bütün bunlara nail olmaq isə son 15 ildə prezident İlham Əliyevin fəaliyyətinin əsas prioritetləri olub».

Müəllifə görə, islahatların real nəticəsi olaraq Azərbaycanda iqtisadiyyatın bütün tərəfləri inkişaf edib və bütün bunlar paralel olaraq vətəndaşların sosial rifahının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərib: «Bu dövrdə milli iqtisadiyyat 3.2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2.8 dəfə artıb. Yoxsulluq həddi 50 faizdən 5 faizə endirilib, 1 milyon 900 min yeni iş yeri yaradılıb».

Müəllif yazıb ki, uğur göstəriciləri bütün sahələri əhatə edir, bu illər 12 min 300 kilometr avtomobil yolu çəkilib, tikilən yeni 7 aeroportun 6-sı beynəlxalq status alıb, 443 körpü inşa edilib.

Yazıda vurğulanır ki, prezident İ.Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq mövqelərini də əhəmiyyətli dərəcədə gücləndirib: «Azərbaycanın 15 ildə keçdiyi böyük inkişaf yolu göstərir ki, Heydər Əliyev siyasəti, ideyaları yaşayır, müstəqil dövlətimizin yüksəlişinə xidmət edir».

XS
SM
MD
LG