Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 01:18

6 eyniməzmunlu saytın bloku götürülüb


Müstəqil saytların bloklanması barədə nə düşünürsüz?
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Müstəqil saytların bloklanması barədə nə düşünürsüz?

Azərbaycan ərazisindən girişinə 2017-ci ilin sonlarından məhdudiyyət qoyulan 6 saytın bloku qaldırılıb.

Bu haqda «Turan» agentliyinə həmin saytların sahibi İkram Rafiqoğlu bildirib. Söhbət realliq.info, realliq.az, realliqinfo.org, realinfo.az, realliqinfo.com və realliqinfo.az saytlarından gedir.

İ.Rafiqoğlunun bildirdiyinə görə, təsisçisi olduğu realliq.info saytı 2017-ci ilin noyabrında bloklanıb. Bunun ardınca jurnalist realliq.az saytını yaradıb və blok edilmiş saytın məzmunu həmin resursa köçürülüb. Ancaq bir neçə gün sonra həmin sayt da blok edilib.

«Daha sonra realliqinfo.org, realinfo.az, realliqinfo.com və realliqinfo.az saytlarını yaratdıq. Ancaq onların hər biri yaradıldıqdan bir müddət sonra blok edildi», - deyən jurnalistin sözlərinə görə, saytların bloklanması ilə bağlı heç bir məhkəmə qərarı olmayıb.

İ.Rafiqoğlu məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etdiklərini söyləyir. Ancaq onun sözlərinə görə, nazirlik saytları bloklamadığını bildirib: «Ən sonda əlaqəli bütün qurumlara, o cümlədən Prezident Administrasiyasına müraciət etdim. Bir müddət əvvəl məni administrasiyanın ictimai-siyasi şöbəsində qəbul etdilər».

İ.Rafiqoğlunun vurğulamasına görə, orada eşidib ki, dövlətçilik əleyhinə yazılarla bağlı saytları bloklanıb.

«Eyni zamanda bildirdilər ki, blok qaldırılacaq», - deyən jurnalistin sözlərinə görə, artıq saytların 6-sının da bloku götürülüb.

Ancaq dövlətçilik əleyhinə heç bir yazı yaymadıqlarını bildirən təsisçinin görüş haqqında dediklərini, hələlik, Prezident Administrasiyasından dəqiqləşdirmək mümkün olmayıb.

Azərbaycanda təcrübədə internet saytlarına girişdə iki formada məhdudiyyət üzə çıxır. Bəzi hallarda saytlara ölkə ərazisindən giriş mümkün olmur. Əlaqəli dövlət qurumları isə həmin sayta girişə heç bir blokun qoyulmadığını bildirirlər. Mütəxəssislər bunu qanunsuz müdaxilə hesab edirlər.

Azərbaycanda saytların qanuni yolla bloklanmasına isə, əsasən, ötən il, 2017-ci ildə «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanununa edilən dəyişikliklərdən sonra başlanıb. Həmin vaxtdan saytlara giriş məhkəmə qaydasında məhdudlaşdırılır. Bundan ötrü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəməyə müraciət etməsi tələb olunur.

Xatırlatma

2017-ci il martın sonundan AzadlıqRadiosu.az daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Mayın 12-də isə Səbail Rayon Məhkəməsi bununla bağlı qərar verib. Söhbət AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Bu yaxınlarda, avqustda yerli məhkəmələr daha bir çox saytın blok edilməsi haqda qərar çıxarıblar. Avqustun 7-də az24saat.org, xural.com, arqument.az və daha iki saytın bloklanması ilə bağlı qərarlar verilib. Bloklanan saytlar böhtan yazılar yaymaqda günahlandırılırdı. Hərçənd, sayt rəhbərləri bunu qəbul etmirdilər.

Apellyasiya məhkəməsi arqument.az saytının blokunu qaldırıb, ancaq başqa saytlar barəsində çıxarılmış qərarlar qüvvədə saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG