Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:39

Səudiyyəli jurnalistə görə ‘sanksiyalar qoyula bilər’


Jamal Khashoggi, arxiv fotosu
Jamal Khashoggi, arxiv fotosu

“The Associated Press” agentliyi Türkiyə dövlət mediasına istinadla yazır ki, jurnalistin itməsiylə bağlı danışıqlar aparmaqdan ötrü Səudiyyədən nümayəndə heyəti Türkiyəyə gedib.

***

Türkiyə və Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına təzyiqi artırır, ötən həftə İstanbuldakı konsulluğa girən jurnalistin necə yoxa çıxmasının izahatını istəyirlər. “Frans Pres” agentliyi yazır ki, ABŞ konqresmenləri tərəflərin hərbi əlaqələrinə risk yaranması barədə xəbərdarlıq edirlər.

Prezident Donald Trump Ər-Riyadla bağlı kəskin danışsa da, Konqresin daha böyük qətiyyət göstərmək çağırışlarını rədd edib, deyib ki, yaxın müttəfiqinə silah satışına təhlükə yaratmaq istəmir.

ERDOGAN-IN TƏLƏBİ

Səudiyyə vətəndaşı olan Jamal Khashoggi məqalələrində vəliəhd şahzadə Mohammed bin Salman-ı tənqid edirdi. O, nikahı üçün rəsmi sənədləri əldə etməkdən ötrü İstanbuldakı konsulluğa oktyabrın 2-də girib, sonra onu “gördüm” deyən olmayıb.

Türkiyə rəsmiləri onun Səudiyyədən gəlmiş 15 nəfərlik “sui-qəsd briqadası” tərəfindən öldürüldüyünü deyir, amma Ər-Riyad jurnalistin konsulluqdan sağ-salamat çıxdığını iddia edir.

Jamal Khashoggi (sağda) konsulluğa girir
Jamal Khashoggi (sağda) konsulluğa girir

Prezident Recep Tayyip Erdogan Səudiyyədən tələb edib ki, iddialarını əsaslandıracaq CCTV kamera görüntülərini yaysın.

Konsulluqda, səfirlikdə kamera sisteminin olmaması mümkündürmü? Sistemlər hətta quş, ağcaqanad uçuşunu belə qeydə almalıydılar...” – prezident türkiyəli jurnalistlərə deyib.

Konsulluq isə həmin gün CCTV kameralarının işləmədiyini iddia edir, qətl iddialarını “əsassız” adlandırıb.

Amma “The Washington Post”un yazmasına görə, Türkiyə hökumət rəsmiləri amerikalı həmkarlarına deyiblər ki, Khashoggi-nin konsulluqda “dindirilməsi, ona işgəncə verilməsi və daha sonra qətlə yetirilməsi, bədənin bir neçə yerə parçalanması” barədə onlarda audio və video yazılar var.

ABŞ KÖMƏK EDİRMİ?

“Frans Pres” bu deyilənləri müstəqil təsdiqlədə bilməyib, ABŞ Dövlət Departamenti rəsmilərindən də açıqlama almaq mümkün olmayıb.

Agentlik yazır ki, bu məsələ Trump administrasiyasının şahzadə Mohammed ilə güclü münasibətlərinə təhlükə yaradıb. Axı, Amerikadakı tərəfdarları şahzadəni indiyədək islahatçı kimi alqışlayırdılar. O, neftə söykənən mühafizəkar krallığı innovasiya habına çevirməyə çalışan kimi görünürdü.

Tərəflər İrana qarşı mübarizədə də çiyin-çiyinə dayanıblar. Amma bu arada şahzadənin dissidentlərə təzyiqləri artırması narahatlıq yaradırdı, tənqidçilər bütün bunların onun idarəçiliyinin əsl üzünü ortaya qoyduğunu deyirdilər.

Donald Trump, arxiv fotosu
Donald Trump, arxiv fotosu

“Buna yol verə bilmərik. Çox sərt davranırıq, müstəntiqlərimiz orada işləyir, Türkiyə ilə, səmimi desəm, Səudiyyə Ərəbistanı ilə birlikdə işləyirik”, – Trump “Fox and Friends” proqramına müsahibəsində deyib.

Amma Türkiyədən diplomatik mənbə Anadolu xəbər agentliyinə deyib ki, ABŞ-dan müstəntiqlərə bu məsələylə bağlı tapşırıq verilməyib. Dövlət Departamentinin sözçüsü Heather Nauert-in daha sonra bildirməsinə görə, Birləşmiş Ştatlar bu məsələdə kömək təklif edib. O, detalları açıqlamayıb.

SİLAH SATIŞI VƏ SANKSİYALAR

Trump Səudiyyəyə silah satışından bu məsələdə təzyiq vasitəsi kimi istifadə olunmağını dərhal çıxdaş edib.

“Bu, qəbuledilməz olardı. Onlar hərbi avadanlığa, iş yerlərinin yaradılmasına 110 milyard dollar xərcləyirlər”, – Trump Oval Ofisdə bildirib.

Onun sözlərinə görə, səudiyyəlilər “bu pulu götürəcək, Rusiya, Çin, yaxud başqa yerlərdə xərcləyəcəklər. Məncə, başqa yollar da var. Pis hala gəlsə, durumu idarə etməyin başqa yolları da var”.

Amma silah satışını bloklamaq səlahiyyəti olan ABŞ Konqresi Səudiyyə ilə münasibətlərə risk yarandığını aydın şəkildə bildirib.

Robert Menendez (sağda) və senator Bob Corker
Robert Menendez (sağda) və senator Bob Corker

Trump-ın Respublikaçı Partiyasından Cory Gardner deyib ki, jurnalistə görə Səudiyyənin məsuliyyət daşıdığı ortaya çıxsa, silah satışı “böyük narahatlıq” mənbəyinə çevriləcək.

“Heç bir müttəfiqimizə imkan verməməliyik ki, istədiklərini edə bildiklərini düşünsünlər”, – Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı demokrat üzvü Bob Menendez deyib.

Konqresmenlər Magnitsky qanununu yada salıblar. Rusiyada korrupsiyaya qarşı çıxan vəkilin həbsdə ölməsindən sonra qəbul olunan bu sənəd çərçivəsində Khashoggi-yə hər hansı ziyana görə məsul rəsmilərə qarşı da sanksiyalar qoyulması mümkündür.

Səudiyyənin daha bir yaxın müttəfiqi olan Britaniyanın xarici işlər naziri Jeremy Hunt isə “Frans Pres”ə deyib ki, “həddən artıq narahatdır”.

Bu iddialar doğrudursa, bunun ciddi fəsadları ola bilər, çünki dostluğumuz və tərəfdaşlığımız ortaq dəyərlərə əsaslanır”, – o vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG