Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:12

'Azərbaycanda əhali artımı azalıb'-Media icmalı


Bakı bulvarı
Bakı bulvarı

Əhalinin təbii artımının azalması, ölkədə nəqliyyat infrastrukturu, neft bahalaşsa da, manatın məzənnəsinin sabit qalması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Əhalinin artımının azalmasının səbəbləri

Azadlıq.info saytında «Azərbaycanda ümumi nəsilvermə əmsalı pisləşib» sərlövhəli yazı oxumaq olar.

Yazının müəllifi iqtisadçı-ekspert Qubad İbadoğludur.

Ekspert rəsmi statistik rəqəmlərə istinadən bildirir ki, 1989-cu il ilə müqayisədə Azərbaycan əhalisi 40 faiz artıb, Gürcüstan əhalisi 31, Ermənistan əhalisi isə 9.12 faiz azalıb.

Amma ekspert bildirir ki, 2011-ci ildən etibarən Azərbaycanda bu məsələdə narahatlıq yaradan tendensiya ortaya çıxıb.

İqtisadçı yenə də rəsmi statistikaya istinadən son 7 ildə nəsilvermə əmsalının azalmasını illər üzrə təqdim edir.

Q.İbadoğlu bildirib ki, 2011-ci ildə əhalinin təbii artımı 122 min 310 nəfər, 2012-ci ildə 119 min 452 nəfər, 2013-cü ildə isə 118 min 288 nəfər azalıb.

Ekspertin araşdırmasına görə, əhalinin artımının azalması sonrakı illərdə də davam edib. 2014-cü ildə bu azalma 114 min 855, 2015-ci ildə 111 min 513, 2016-cı ildə 102 min 816, 2017-ci ildə isə 86 min 932 nəfər təşkil edib: «Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı isə təqdim olunan dövrdə 2.4-dən 1.9-a düşüb. Fertillik -ümumi nəsilvermə əmsalı olmaqla reproduktiv dövr (15-49 yaşlı) ərzində bir qadının orta hesabla neçə uşaq dünyaya gətirməsini göstərir. Bu isə o deməkdir ki, bu templə davam edərsə, bir neçə yaxın 10 ildə Azərbaycanda əhali artımı olmayacaq».

Ölkə əhalisinin təbii artımındakı enişin səbəblərinə gəlincə isə ekspert bunları deyib: «Görünür ki, əhalinin təbii artımındakı enişin başlıca səbəbi ölkədə 2015-c ildən başlayaraq ölənlərin sayının artması, yaşam şərtlərinin pisləşməsi və xaricə miqrasiyanın çoxalmasıdır».

Dollar/Manat
Dollar/Manat

Neft bahalaşdı, manatın məzənnəsi dəyişmədi

«Novoye Vremya» qəzetində «Manat çəkisini saxlayır» sərlövhəli yazı yer alır.

Müəllif Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyədə milli valyutaların dollara nisbətdə dəyər itirməsinə baxmayaraq, manatın sabitliyini qorumasının səbəblərin təhlil etməyə çalışıb.

Yazıda vurğulanır ki, adları çəkilən qonşu ölkələrdəki proseslər manatın məzənnəsinə təsir edə bilməsə də, yay aylarında dollara tələbatı artıb.

Müəllifin fikrincə, bu ölkələrdə milli valyutaların məzənnələrindəki qeyri-sabitlik manata güclü psixoloji təzyiq göstərib: «Bu yay aylarına, daha dəqiq ölkədə məktəbə hazırlıq dövrünə təsadüf edib. Bu da aydındır ki, məktəbə hazırlıqla bağlı geyim, dərs ləvazimatlarının çoxu Türkiyədən gətirilir və buna görə də dollara tələbat artmışdı».

Yazıda habelə bildirilir ki, sentyabr ayından xarici valyutaya maraq ciddi şəkildə azalıb və manatın məzənnəsinə psixoloji təzyiqlər zəifləyib.

İqtisadçılardan N.Cəfərli qəzetə deyib ki, artıq Rusiya rublu və Türkiyə lirəsinin məzənnəsində də nisbi sabitlik yaranmaqdadır.

Başqa bir iqtisadçı Elşad Məmmədov da deyib ki, manat məzənnə sabitliyini saxladıqdan sonra xarici valyutaya maraq azalmağa başlayıb.

E.Məmmədov vurğulayıb ki, son aylarda dünya bazarında neftin qiymətinin bahalaşması da manatın sabitliyini təmin edən başlıca amillərdən biri olub.

Müəllif daha sonra da yazıb ki, neftin kəskin bahalaşmasına baxmayaraq, nə hökumət, nə də Mərkəzi Bank manatın məzənnəsini dəyişmək fikrindədir...

Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı
Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı

Müasir nəqliyyat infrastrukturu

«Azərbaycan» qəzetində isə «Azərbaycan dünyanın müasir nəqliyyat infrastrukturuna malik ölkəsinə çevrilir» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilmiş iclasında ölkənin nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi ölkənin inkişafında əsas istiqamətlərdən biri sayılıb.

Müəllif yazıb ki, Azərbaycan son illər təkcə ölkə miqyasında yox, eləcə də dünya əhəmiyyətli layihələr icra edib: «Məsələn, Azərbaycanın təşəbbüsü ilə bərpa olunan Tarixi «İpək yolu» Avrasiya kimi geniş bir məkanı özündə birləşdirir. Bu yolla Şərqdən Qərbə və əks istiqamətə daşınan yüklər təhlükəsiz və tez bir zamanda ünvanına çatdırılır. Hazırda bu dəhliz özünün ilk istismar mərhələsindədir».

Müəllif vurğulayıb ki, bu dəhlizdən istifadə etmək istəyən ölkələrin sayı artır və bu da yaxın gələcəkdə Transxəzər nəqliyyat dəhlizinin dünyanın aparıcı tranzit marşrutlarından birinə çevriləcəyini göstərir.

Yazıda həmin dəhlizlə bağlı dövlət başçısı İlham Əliyevdən də sitat gətirilir: «Bu dəhliz vasitəsilə göndərilən yüklərin həcmi artır. Mən bu rəqəmi səsləndirmişdim, bir daha demək istəyirəm ki, ilin əvvəlindən «Şimal-Cənub» nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artmışdır, bu, hələ başlanğıcdır».

Yazıda daha sonra bir sıra daxili layihələrdən də bəhs edilir. Müəllif sonda da yazıb: «Təkcə 2017-2018-ci illərdə hava, avtomobil, su, dəmir yolu nəqliyyatı sahəsində 12 ölkə ilə 15 saziş və memorandum imzalanıb. Beynəlxalq sərnişindaşıma ilə bağlı 25 istiqamət üzrə müntəzəm beynəlxalq marşrut rəsmiləşdirilib. Avtomobil nəqliyyatı sahəsində sərnişin və yükdaşımalar üzrə tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb».

XS
SM
MD
LG