Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Kreml böhrana necə cavab verəcək – Qərb mediası


Vladimir Putin Kremldə tədbirdə, 11 oktyabr, 2018-ci il
Vladimir Putin Kremldə tədbirdə, 11 oktyabr, 2018-ci il

Vladimir Putin martda dördüncü müddətə Rusiyanın prezidenti seçiləndə çox az adam onun növbəti altı ay ərzində çoxsaylı böhranla üzləşəcəyini təsəvvür edirdi. Keçmişə baxsaq, Putin böhrana özünəməxsus cavab verib – ya xaricdə hərbi əməliyyat başladıb, ya da ölkədə siyasi dəyişikliklər edib. Bəs görəsən, bu dəfə necə reaksiya göstərəcək? Wilson Mərkəzinin Kennan İnstitutunun saytında Maxim Trudolyubov bu suala cavab axtarır.

Müəllif yazır ki, Kreml artıq reaksiyasının texniki hissəsinə başlayıb, administrasiya pis işləyən qubernatorlardan canını qurtarır. Rossiya 1 televiziyası Vladimir Putin şəxsiyyətinə həsr olunmuş yeni proqrama da start verib. Amma deyəsən, bu, işə yaramayıb. Hətta Kremlə sadiq müşahidəçiləri belə bu şounu Sovet İttifaqının son günlərinin televiziyasına bənzədir.

Reaksiyanın ikinci hissəsi daha çox maraq yaradır. Putinin əlində güclü asimmetrik kart varmı? Bu sual Rusiyanın gələcəyini müəyyənləşdirir. Bundan öncə Kreml oxşar utancverici durumlardan ya xaricdə böyük bir avantüraya əl atmaqla, ya da ölkədə köklü siyasi islahat aparmaqla çıxıb.

Hamının ağlına Belarusun işğalı gəlir, amma indi Rusiyada siyasi müşahidəçilər arasında konsensus baxışı belədir ki, hazırda belə bir macəradan söhbət gedə bilməz. Axı, ictimaiyyət Ukrayna və Suriya böhranlarından yorulub... Televiziya prodüserləri yeni partladıcı mövzular axtarırlar, amma bəxtləri çox da gətirmir.

Onda müzakirə gündəminə böyük siyasi islahat gəlir. Prezidentlik müddətinə limiti qaldırmaq, yaxud Putin üçün yeni “ali” vəzifə yaratmaq, hətta yeni seçki keçirmək – bütün bunların nəzərdən keçirilməsi ətrafında söz-söhbət dolaşır. Hələliksə, siyasətçilərdən, Kremlə yaxın siyasi şərhçilərdən bu haqda detallı informasiya əldə etmək mümkün deyil”, – müəllif yazır.

“Atam edam olunanadək bilmirdim ki…”

29 yaşlı stilist Sasha Yakavitskaya-nın atası Belarusda ölüm cəzasına məhkum edilib və təxminən bir il sonra edam olunub. Belarus Avropada və Orta Asiyada ölüm cəzasının qüvvədə qaldığı yeganə ölkədir. Elə Sasha da ölkəsində bu cəzanın qüvvədə olduğunu atasından dolayı xəbər tutub.

Stalin repressiyası qurbanlarının basdırıldığı ərazi
Stalin repressiyası qurbanlarının basdırıldığı ərazi

Atamı sonuncu dəfə gördüyümü xatırlayıram. 2016-cı il noyabrın 5-i idi. O deyirdi: ‘Darıxma, hər şey yaxşı olacaq, yetərincə vaxtımız var’. Həbsxana nəzarətçilərindn biri ironiyayla zarafat edirdi: ‘Hə, vaxtın var, lap az qalıb’. Nəzarətçi aydın şəkildə deyirdi ki, atam tez, ya da gec edam olunacaq. Mən oradaykən o, atamı mənən əzmək istəyirdi”, – Sasha “Amnesty International” hüquq-müdafiə təşkilatının saytında yazır.

Belarusda ölüm cəzası çoxdan mövcuddur. Sovet dönəmində 250 min nəfərin edam olunduğu və Kurapati adlı yerdə basdırıldığı bildirilir. “Adama elə gəlir ki, bu, çoxdan, lap çoxdan olub, amma elə deyil, bu gün də baş verir. Adamlar edam olunur və heç kəsə xəbər verilmir. Ailələr yaxınlarının harada basıdırıldığını da bilmir”, – Sasha vurğulayır.

Atamızı dəfn etməmişik, onun cəsədini belə görməmişik deyə, bütün bunları qəbul etmək bizə çox çətindir. Bizə elə gəlir ki, o, haradasa başqa yerdədir, sağ-salamatdır. Onun qəbri üçün yer ayırmışıq, boşdur, amma yenə onun üçün dua edirik. Anama lap çətindir, çünki bəzi adamlar ona ərinin hələ də sağ olduğunu deyirlər. Kimlərsə zəng edir və deyirlər ki, pul versək, harada basdırıldığını bizə söyləyərlər...

Mən Belarusda ölüm cəzasının qaldığını heç bilmirdim, ilk dəfə bu haqda məhkəmədə eşitdim. Dövlət ittihamçısı ölüm cəzası tələb edəndə sarsıldım. Mənə elə gəldi ki, səhv eşitmişəm. Problem ondadır. Yəni bir şey başına gəlməsə, o haqda düşünmürsən”, – Sasha yazır.

Amnesty International Belarusda hazırda azı dörd məhbusun ölüm cəzasının icrasını gözlədiyini qeyd edir. Qurum bu cəzanın mövcud olduğu Belarus, Qana, İran, Yaponiya və Malayziya ilə bağlı kampaniya aparır.

Moskva, arxiv fotosu
Moskva, arxiv fotosu

Havadan, sudan razılar və narazılar

Bu həftə BMT-nin İqlim dəyişikliyi üzrə hökumətlərarası komissiyası xəbərdarlıq etdi ki, hökumətlər 2030-cu ilədək ətraf mühit fəlakətilə üzləşmək istəmirlərsə, kəskin dəyişikliklərə getməlidirlər.

“Gallup” sorğu mərkəzinin tədqiqatı üzə çıxarıb ki, iqtisadi baxımdan daha az inkişaf etmiş regionlarda sakinlər havanın və suyun keyfiyyətindən daha çox narazıdırlar.

2017-ci ildə dünyada rəyi soruşulan hər dörd nəfər yetkin yaşlıdan üçü (77%) yaşadığı şəhərdə, yaxud ərazidə havanın keyfiyyətindən məmnunluğunu dilə gətirib.

Hər 10 nəfərdən yeddisi isə (70%) suyun keyfiyyətindən razılığını bildirib.

Di gəl, nəticələr regionlar üzrə fərqlənir. Avstraliya və Yeni Zelandiyadan sakinlərin 90 faizi həm sudan, həm də havadan razıdır. Amma postsovet ölkələrinin sakinləri barədə bunu demək olmaz, məsələn, 67% havadan razıdır. Saharaaltı afrikalıların isə cəmi 55%-i suyun keyfiyyətindən məmnundur.

XS
SM
MD
LG