Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Jurnalistləri niyə öldürürlər – Qərb mediası


Jamal Khashoggi (sağda) konsulluğa girir
Jamal Khashoggi (sağda) konsulluğa girir

Jurnalistlər müharibə zonalarında çalışmağın risklərindən agahdırlar. Amma Türkiyə, Bolqarıstan və Meksikada son ölüm və yoxaçıxma halları qələm əhlinin peşəsinə görə getdikcə daha artıq təhlükəylə üzləşdiyini ortaya qoyur. Bunu “The Associated Press” agentliyi yazır.

Hazırda Türkiyə hakimiyyəti “The Washington Post” qəzetinin yazarı Jamal Khashoggi-ni axtarır. O, ötən həftə Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyinə girəndən sonra itkin düşüb. Bolqarıstanda televiziya jurnalisti Viktoria Marinova amansızlıqla qətlə yetirilib. Meksikada isə ötən həftə jurnalist və fəal Sergio Martinez Gonzalez həyat yoldaşı ilə kafedə səhər yeməyi yeyərkən iki nəfər tərəfindən güllələnərək öldürülüb.

Jurnalistləri Müdafiə Komitəsi bu il 43 jurnalistin öldürüldüyünü bildirir. Ötən il ərzində cəmi 46 jurnalist qətlə yetirilmişdi.

Bu il azı 27 jurnalist məhz ayrı-ayrılıqda qətlə yetirilib, yalnız səkkiz nəfər münaqişə zonasında həlak olub. Ümumilikdə isə, 1992-ci ildən bəri 848 jurnalistlə sui-qəsd olub, 1322 nəfər münaqişə zonasında ölüb.

Münaqişə zonasında ölmək ayrıdır, ayrıca sui-qəsdlə öldürülmək ayrı”, – Kolumbiya Universitetindən Bruce Shapiro agentliyə deyib.

Avropada jurnalistlərin qətlinin yayılması özəlliklə narahatlıq yaradır. Çünki Meksika kimi ölkələrdə narkotik maddələrlə bağlı zorakılıqlar ucbatından jurnalistika onsuz da illərdir riskli peşə sayılır. Bunu isə CPJ-nin direktor müavini Robert Mahoney söyləyib.

Jamal Khashoggi-nin itkin düşməsinə etiraz aksiyası
Jamal Khashoggi-nin itkin düşməsinə etiraz aksiyası

Həqiqət təhlükədədir

Avropa Birliyi ərazisində jurnalistlərin qətli və səudiyyəli yazarın həyatı sarıdan narahatlıq mediada çalışanlara artan təhlükəni göstərir. “The Guardian” qəzeti redaksiya məqaləsində belə yazır.

ABŞ Prezidenti Donald Trump-ın Səudiyyə Ərəbistanına sevgisi və digər yerlərdə insan haqlarına sayqısızlığı cənab Khashoggi-nin başına gələnlərə şərait yaratmış oldu. Prezidentin “saxta xəbərlər”ə ritorik hücumları, medianı “xalqın düşməni” adlandırması qoluzorlulara ənam oldu, tərəfdarlarının mətbuata fiziki hücum riskini gücləndirdi. Bu xəbərdarlıqla bu yay BMT-nin ekspertləri çıxış ediblər.

Avtoritar liderlər tənqidçi medianı təkcə şöhrətpərəstlikdən hədəfə almırlar. Onlar həm də bilirlər ki, jurnalistlərin susdurulması media vasitəsilə danışan səslərin susdurulması deməkdir… Cəsarətli jurnalistlər adətən demokratiyanı müdafiə edən azsaylı qüvvələr içində yer alırlar, azından, hakimiyyətə müəyyən qədər nəzarət edirlər: polisin, dövlət qurumlarının məyus etdiyi vətəndaşlar bu şəxslərə üz tuturlar; vətəndaşları baş verənlər haqda məhz jurnalistlər bilgiləndirir”, – qəzet yazır.

Ukrayna dini müharibəyə yaxındır

Belə bir xəbərdarlıqla “Bloomberg” agentliyindən saytında ilahiyyatçı və jurnalist Sergei Chapnin çıxış edir və qan axıdılmasını önləməkdən ötrü bütün tərəfləri müdrik davranmağa çağırır.

Vladimir Putin (sağda) və Patriarx Kirill, arxiv fotosu
Vladimir Putin (sağda) və Patriarx Kirill, arxiv fotosu

Pravoslav Kilsəsinin Ukrayna hissəsi Rusiyayla bağları qoparmağa hazırlaşır. Bu, Moskvanın şərqdə xristianlıqda oynadığı mərkəzi rola zərbə vurmuş olar.

Bu parçalanma dindarlar üçün böyük əhəmiyyət daşımasa da, Moskvaya zərbə vuracağı şəksizdir, nəhəng mülkiyyət və nüfuz itkisiylə üzləşəcək. Moskva patriarxatının tərkibindəki 36 mindən çox prixodun üçdə biri Ukraynada yerləşir. “Ən vacibi, bu addım Rusiya Prezidenti Vladimir Putin və Moskva Patriarxı Kirillin hakimiyyətlərini gücləndirmək, Qərblə qarşı-qarşıya dayanmaqdan ötrü seçdiyi neo-imperialist ideologiyanı – ‘Rusiya dünyası’ konsepsiyasını zəiflətmiş olacaq”, – müəllif yazır.

Sergei Chapnin tərəflərin münaqişədən qaçması üçün 3 əsas addımın vacibliyini vurğulayır. Birincisi, Patriarx Kirill Ukraynanın addımının legitimliyini tanımalıdır. İkincisi, tərəflər nifrət çıxışından, zorakılığa çağırışdan çəkinməlidir. Və üçüncüsü, Ukrayna hökuməti elan etməlidir ki, vətəndaşlarının seçimi nə olursa, olsun, ona hörmətlə yanaşacaq. Hökumət həmçinin yeni Ukrayna kilsəsinə qoşulmaqdan ötrü heç bir açıq, yaxud gizli təzyiq göstərilməyəcəyinə təminat verməlidir.

İdlibdə qasırğadan öncə sakitlikdir?

“Human Rights Watch” təşkilatının Qaçqınların Hüquqları Proqramının direktoru Gerry Simpson Suriyanın İdlib vilayətinə müdhiş sakitlik çökdüyünü yazır. Bu vilayət üsyançıların əlindədir, Suriya hökuməti müttəfiqləri ilə birgə buraya hücum planlaşdırırdı, ancaq indi ortalıq səngiyib.

İdlibdə suriyalı üsyançı, arxiv fotosu
İdlibdə suriyalı üsyançı, arxiv fotosu

Müəllif ərazini bombalayan Suriya və Rusiya qırıcılarının uzaqlaşdığını qeyd edir. Yoxsa Türkiyə sərhədlərinə doğru yeni qaçqın axını qaçılmaz idi, sərhədçilər isə sərhədi icazəsiz keçənlərə atəş açırdı.

Qurum rəsmisi qeyd edir ki, indilik sakitlik yaransa da, döyüşlər qızışsa qaçqınların qorunması üçün ciddi tədbir görülməyəcəyi riski qalır.

Sentyabrın 17-də Türkiyə və Rusiya İdlibə planlaşdırılan hücumun ertələnməsi üzrə razılığa gəldilər. 15-20 kilometr enində neytral zona yaratmağa razılaşdılar.

“Tarix dəfələrlə təhlükəsiz zonaların mülki şəxslər üçün təhlükəsiz olmadığını üzə çıxarıb. Türkiyənin İdlibin şimalına köçürdüyü silahlılara Suriya və Rusiya tərəfdən hücum başlanarsa, bu zonaya yenidən dinc sakin axını baş verəcəkmi? Belə olarsa, İdlibdə getdikcə pulu tükənən yardım qrupları neyləyəcək? Zonada döyüşlər qızışarsa, onlar dinc sakinlərin çıxmasına icazə verəcəklərmi?...

Suriyada müharibə tərəfləri, Rusiya və Türkiyə nüfuz yarışmasına girib, amma onlar İdlibdə və kənarda dinc sakinləri də qorumalıdırlar”, – müəllif vurğulayır.

XS
SM
MD
LG