Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

'Problemli kreditlərdə əhalinin payı bilinmir'-Media icmalı


Sizcə, dollarla götürülən kreditlər hansı məzənnə ilə ödənməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Sizcə, dollarla götürülən kreditlər hansı məzənnə ilə ödənməlidir?

Bu ilin 9 ayında ölkənin iqtisadi vəziyyəti, problemli kreditlərdə bilinməyən mətləblər, Azərbaycan Beynəlxalq Bankı ətrafında yeni istintaq hərəkətləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Problemli kreditlərin gizlinləri

«Yeni Müsavat» qəzetində «Dollar kreditləri ajiotajının arxasındakı sirr» sərlövhəli yazı oxumaq olar.

Yazıda 2015-ci ildə baş vermiş devalvasiyaların xarici valyuta ilə götürülmüş kreditlərə təsiri barədə Konstitusiya Məhkəməsi Plenumunun bu ilin sentyabrında qəbul etdiyi qərar ekspert Əkrəm Həsənovla müzakirə edilib.

Ə.Həsənov deyib ki, problemli kreditlərlə bağlı məhkəmə prosesləri çoxaldığından Apellyasiya Məhkəmələrinə müraciətlər də artıb. Onun fikrincə, problemə vahid baxışın müəyyən edilməsindən ötrü Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə müraciət etməsi qanunauyğun idi: «Lakin hesab edirəm ki, hansısa məsələnin Konstitusiya Məhkəməsinə çıxarılması sadə vətəndaşların istəyi ilə reallaşmayıb. İlk dəfə 2015-ci ildə bu məsələyə baxılmasında təşəbbüskar banklar idi. Çünki əhali devalvasiyalardan sonra dollar kreditləri üzrə ödənişləri tam dayandırmışdı».

Ə.Həsənov iddia edir ki, 2018-ci ilin avqustunda məsələnin Konstitusiya Məhkəməsinə çıxarılmasında banklardan irihəcmli pul götürən dairələr maraqlı olublar.

Ekspert vurğulayır ki, bəzi banklar kütləvi şəkildə hüquq-mühafizə orqanlarına borclularının adlarını göndərir: «Deyir ki, bunlar məndən qanunsuz kredit götürüblər. Vermişəm yox, məhz alıblar. Hüquq-mühafizə orqanları da həmin şəxslərə qarşı cinayət işləri qaldırıblar, artıq bəzi şəxslər həbs olunub. Cinayət Məcəlləsinin 195-ci maddəsinə görə, qanunsuz kredit alma maksimum 5 il müddətində azadlıqdan məhrumetmə ilə cəzalandırılır».

Ekspert deyir ki, mövcud problemli kreditlərin çoxu istehlak krediti adı ilə rəsmiləşdirildiyindən burada əhalinin payını müəyyən etmək çətindir: «Azərbaycanda belə bir statistika açıqlanmır...».

Konstitusiya Məhkəməsinin Plenumunun ötən ay verdiyi qərarda devalvasiyalar şəraitin dəyişməsi kimi dəyərləndirilməyib. Yəni qərara görə, kreditlər cari məzənnə ilə qaytarılmalıdır.

C.Hacıyev
C.Hacıyev

Keçmiş bankirin ikinci cinayət işi...

Marja.az saytında «Cahangir Hacıyevin ikinci cinayət işinin istintaqı başa çatıb» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, «Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş sədri Cahangir Hacıyev və daha 25 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Saytın əldə etdiyi məlumata görə, keçmiş bank rəhbəri hazırda cinayət materialları ilə tanış olur. Digər 25 nəfər isə artıq cinayət materialları ilə tanış olub.

Yazıda vurğulanır ki, C.Hacıyevin tanışlıq mərhələsi yekunlaşdıqdan sonra cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək: «Məlumata görə, C.Hacıyev bu dəfə də mənimsəmədə təqsirli bilinir və onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb».

Yazıda xatırlanıb ki, «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin keçmiş sədri C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifə saxtakarlığı kimi bir neçə cinayətdə ittiham olunub. Ancaq ittihamları qəbul etmir.

TANAP-ın açılışı
TANAP-ın açılışı

«Verilən vədlər yerinə yetirilib»

«Azərbaycan» qəzetində «Prinsipial siyasət, davamlı inkişaf və iqtisadi islahatların təntənəsi» sərlövhəli yazı dərc edilib. Yazıda Nazirlər Kabinetinin bu ilin 9 ayı ilə bağlı görülən işlərin yekunu və qarşıdakı vəzifələrlə bağlı oktyabrın 9-da keçirilmiş iclası fonunda ölkədəki iqtisadi vəziyyət dəyərləndirilir.

Müəllif yazıb ki, dövlət başçısı İlham Əliyevin yeni strateji konsepsiyasının uğurla həyata keçirilməsi ilə ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlayır və bunun əsası kimi ölkədə icra edilmiş 28 layihənin adı çəkilir. Bu sırada müəllif Avropaya qaz nəql edəcək «Cənub qaz dəhlizi»nin açılışını, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsini, «Azerspace-2»nin orbitə göndərilməsini, Bakıda hərbi parad keçirilməsini, yeni sənaye məhəllələrinin fəaliyyətini və başqa məsələləri göstərir: «Bunlar müstəqil Azərbaycanda ilin 9 ayı ərzində reallığa çevrilib, verilən vədlərin yerinə yetirildiyini təsdiqləyən faktlardır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət davam edir».

Müəllif hesab edir ki, bu müddətdə ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlayıb, mürəkkəb xarici risklər şəraitində dayanıqlılıq və sabitlik qorunub: «Bu, prezident İlham Əliyevin reallaşdırdığı strateji inkişaf kursunun uğurla həyata keçirilməsi və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi nəticəsidir».

Yazıda bildirilir ki, hesabat dövründə ümumi daxili məhsul (ÜDM) 0.8, kənd təsərrüfatı 4.3 faiz inkişaf edib.

XS
SM
MD
LG