Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

Facebook-da saxta xəbərlərlə savaşanlar – Qərb mediası


İllüstrativ foto

Filippində saxta xəbərlər o qədər geniş yayılıb ki, Facebook sosial şəbəkəsi bununla mübarizə məqsədilə Rappler onlayn xəbər startapına üz tutub. Bu startap məhz Facebook-dakı saxta xəbərlərin üzə çıxarılması ilə məşğuldur. Bu haqda “The New York Times” qəzetində Alexandra Stevenson yazır.

Rappler-də çalışanlar Facebook-la sıx işləyir, tapıntıları barədə məlumat verirlər, amma daha çox iş gərəkdiyini də vurğulayırlar.

32 yaşlı Marguerite de Leon deyir ki, hər gün saxta xəbərlərlə bağlı oxuculardan onlarla ipucu alır. “Məyusedicidir. Facebook-u zir-zibildən təmizləyirik”, – o söyləyir.

Bəzi vətəndaş cəmiyyəti qrupları Facebook-un bu işdən onlara yetərli dəstək vermədiyini, nəyin işə yaradığını, nəyin yaramadığını açıqlamadığını bildirir.

Facebook isə bu sahədə böyük işlər görüldüyünü bəyan edir, nöqsanları da boynuna alır. Sosial şəbəkənin hər yerdə faktyoxlayanı yoxdur, amma bəzi alətləri işə salmaq üzrədir.

Bu iş heç vaxt bitməyəcək, daha çox iş görməliyik”, – Facebook-da proqram meneceri Jason Rudin deyib.

Mark Zuckerberg
Mark Zuckerberg

Faktları yoxlayanlar isə ölüm, zorlama hədələri alıblar. Rappler işə psixoloq dəvət edib. Pəncərələri gülləkeçirməz etməyi götür-qoy edib, ikinci mühafizəçi cəlb olunub.

Rappler-in yaradıcısı Maria Ressa-nın fikrincə, Facebook-un saxta xəbərlərlə mübarizə sistemi qüsurludur. O, hələ 2016-cı ildə Filippində seçkilər zamanı sosial şəbəkədə saxta hesabların peyda olduğunu deyir. Məsələni həmin ilin avqustunda Sinqapurda Facebook-un regional rəsmiləri ilə qaldırıb, həmin hesabları bağlamalarını istəyib.

Onlara dedim ki, bunu düzəltməsəz, noyabrda ABŞ-da seçki gəlir”, – 55 yaşlı xanım Ressa yada salır. O hətta ötən il Facebook rəhbəri Mark Zuckerberg-lə nahar zamanı ona deyibmiş ki, problem həll olunmalıdır, çünki Filippində internetdə olanların 97 faizi Facebook-dan istifadə edir. Zuckerberg də qayıdıb ki, “bəs istifadə etməyən 3 faiz necə olsun?”

Qəzet bu naharla bağlı Facebook-dan şərh ala bilməyib.

Müəllif yazır ki, Filippində saxta xəbərlərin yayılmasına görə kimin məsuliyyət daşımasına xanım Ressa-nın şübhəsi yoxdur: “Demokratiyanı pozan Facebook oldu, indi də bunu yoluna qoymalıdırlar”.

Jurnalistin itməsi Səudiyyənin 'iç üzünü açır'

Səudiyyə Ərəbistanının 33 yaşlı vəliəhd şahzadəsinə qarşı çıxan fəallar, opponentləri görünür, xaricdə belə onun caynağından qurtula bilmirlər. “The Associated Press” agentliyinin əməkdaşı Jon Gambrell yazır ki, Şahzadə Mohammed bin Salman asi şahzadələri, opponentlərini xaricdə belə ələ keçirib özəl təyyarələrdə Ər-Riyada aparmasıyla tanınıb.

İstanbulda Jamal Khashoggi-nin itməsinə etiraz aksiyası
İstanbulda Jamal Khashoggi-nin itməsinə etiraz aksiyası

“The Washington Post”un yazarı Jamal Khashoggi-nin Türkiyədəki Səudiyyə konsulluğunda yoxa çıxması bu təcrübənin yeni, qorxunc bir səviyyəyə çatdığını göstərir. Türkiyə rəsmiləri yazarın artıq öldürüldüyündən ehtiyatlanır.

“Bu yoxaçıxma Şahzadə Mohammed ətrafında incəliklə yaradılmış islahatçı örtüyü də qoparmış olur, avtokratik tendensiyaları ortaya qoyur…” – müəllif yazır.

Səudiyyə Ərəbistanı Khashoggi-nin itməsinə dair iddiaları “əsassız” adlandırır, amma yazarın konsulluqdan çıxmasına sübut da təqdim etməyib.

Səudiyyə mediası, bu ölkəyə məxsus peyk kanalları yazarın itməsini Qətərin planı sayır, axı, krallıq üç başqa ölkəylə birlikdə ötən ildən Qətəri təcrid edib.

Bəzi saytlarda Khashoggi al-Qaeda tərəfdarı adlandırılır, səbəb kimi onun Osama bin Laden-dən vaxtilə aldığı müsahibələr göstərilir.

Müəllif yazır ki, beynəlxalq ictimaiyyət Səudiyyənin Şahzadə Mohammed və atasının idarəçiliyi altında tutduğu yoldan narahatdır. İyunda qadınlara avtomobil sürməyə icazə verildi, ancaq bundan qabaq ölkədə qadın fəallara divan tutuldu, birini qonşu Birləşmiş Ərəb Əmirliklərindən tutub gətirdilər.

Bir tərəfdən Şahzadə Mohammed beynəlxalq şirkətlərə yaxşı şərtlər vəd edir, Ər-Riyadda Ritz Carlton-da böyük biznes sammiti keçirir. Bir neçə həftə sonra Ritz Carlton dəbdəbəli həbsxanaya çevrilir, biznesmenlər, şahzadələr buraya həbs olunur, vəliəhd şahzadənin korrupsiyayla mübarizə apardığı bildirilir.

“Ən pis ssenari gerçək olsa, Səudiyyə Ərəbistanının açıq tənqidçisinin qətlində əli olduğu ortaya çıxar… Bu, rejimi tənqid etməyə özündə cəsarət tapan digər jurnalistlərə də birmənalı mesaj göndərmiş olar”, – Nyu Yorkda mənzillənən Soufan Mərkəzi bildirir.

İdmançıların etirazı
İdmançıların etirazı

Rusiya Amerikada ağdərili məsələsindən necə yararlanır

Rusiyanın trollar ordusunun niyyəti Amerikada ümumi “xaos” yaratmaq deyildi. Kreml strateji olaraq ağdərililərin üstünlüyü kimi yanacaq mənbəyinin ağzını açmağa çalışır.

Bunu “The Daily Beast” portalında Spencer Ackerman yazır.

Müəllif Kremlin dəstəklədiyi troll fabriki kimi tanınan İnternet Araşdırmaları Assosiasiyasının (IRA) 2017-ci ilin sentyabr-dekabr aylarında Amerikanın Milli Futbol Liqasıyla (NFL) maraqlanmağa başlamasından yazır. Trolların tvitlərində NFL-in “Black Lives Matter” hərəkatını dəstəklədiyi vurğulanır.

Bu tvitlərdən öncə NFL oyunçuları koordinasiyalı şəkildə sosial ədalət etirazı təşkil eləmişdilər. Əsasən qaradərili oyunçular milli himn çalınan zaman diz üstə çökmüş, afrikan mənşəli amerikalıların polis tərəfindən öldürülməsinə səssiz etiraz etmişdilər.

“Etirazçıların tələbi minimal sayıla bilərdi – qaradərililər polis tərəfindən öldürülməməlidir, polis bu qətllərə görə cəzasız qalmamalıdır. Amma etiraz ağdərili auditoriyanın kəskin reaksiyasını doğurdu… hətta Birləşmiş Ştatlar prezidenti də onları dəstəklədi. Sonucda NFL komandalarının əsasən ağdərililərdən ibarət rəhbərliyi etiraz etmiş oyunçuları cərimələdi…”, – yazan müəllif bu ağdərili qəzəbinin Moskvaya fürsət yaratdığını vurğulayır. Faktiki olaraq, bu, Kreml və müttəfiqlərinin bir il öncə vurğuladığı eyni propaqanda üsulu idi.

Almaniyanın Marshall Fondunun Demokratiyanın Təminatı Alyansının sosial media təhlilçisi Bret Schafer deyib ki, 2017-ci ilin sonunda IRA-nın tvitlərinin təxminən 10 faizi futbolçuların etirazyla bağlı olub.

XS
SM
MD
LG