Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:11

Fındığın qiymətindən şikayət-Media icmalı


Fındıq
Fındıq

Fındıq istehsalçılarının narazılığı, Azərbaycanla Sinqapurun müqayisəsi, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası medianın aparıcı mövzularındandır...

«Fındıq istehsalçılarına sərf etməyən qiymət»

Marja.az saytında «Fındıq sektorundan etiraz: bu qiymətlər bizə sərf etmir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, artıq ölkə ərazisində fındıq yığımı yekunlaşmaq üzrədir, istehsalçılar builki məhsuldan kəmiyyət və keyfiyyətinə görə razıdırlar: «Bol və keyfiyyətli məhsul isə, sözsüz ki, emal müəssisələrinin də işinə yarayır. Bu halda onlar ixracyönümlü məhsul olan fındığı xarici tərəfdaşlarının qarşısına üzüağ çıxarır, qiymət məsələsində sözlərini arxayın deyə bilərlər».

Yazıda vurğulanır ki, Qax rayonunda 9552 hektar fındıq bağı var. Onun 6228 hektarı bar verən, 600 hektarı cavan, 2724 hektarı isə təzə salınan bağlardır. Bu il təqribən 5300 ton fındıq gözlənir.

Emal müəssisəsindən isə deyiblər ki, fındıq qəbulu təxminən mart ayına kimi davam edir.

Müəllif yazıb ki, bunun da səbəbləri var, bəzi fermerlər qiymət artımını gözləyərək fındığı gec təhvil verir və ya satışa az həcmdə çıxarırlar.

Yazıda bildirilir ki, Azərbaycanda istehsal edilən fındığın əsas ixracatçıları, əsasən, Rusiya, İtaliya, Hollandiya və Almaniyadır.

Müəllif qeyd edib ki, fındığın alış və satış qiyməti keçən il ilə müqayisədə aşağıdır.

Yazıda bildirilir ki, hazırda 1 kiloqram fındığın alış qiyməti 2.50-3 manat arasında dəyişir.

Müəllifin qeyd etməsinə görə, beynəlxalq bazarlardakı tərəfdaşlardan emalçılara 1 kiloqram fındıqdan ötrü gələn təklif isə daşınma da daxil olmaqla 5 ABŞ dolları təşkil edir: «Bu da keçənilki və bu ilin əvvəlinə olan qiymətlə müqayisədə azdır, qiymətlərin aşağı olması isə nə istehsalçılara, nə də emalçılara sərf edir».

Sinqapur
Sinqapur

Azərbaycan və Sinqapur

Moderator.az saytında «Nə üçün Azərbaycan Sinqapur ola bilmir?» sualına cavab axtarılır.

Saytda keçmiş maliyyə naziri Saleh Məmmədovun yazısı yer alır.

Keçmiş maliyyə naziri öncə Sinqapurda iqtisadi uğurlardan və bunun səbəblərindən bəhs edir. S.Məmmədovun yazmasına görə, 50 il öncə bu kiçik ölkə Qərb banklarının maliyyə vəsaitlərini özünə yönəldib. Üstəlik, bankların fəaliyyətindən ötrü bütün azadlıqlar təmin edilib. Keçmiş nazir vurğulayıb ki, Sinqapur 5 ilin içində dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxıb.

S.Məmmədovun bildirməsinə görə, ölkənin əlverişli coğrafiyada yerləşməsi inkişafa təkan verib: «Beləcə yeni bir qlobal maliyyə mərkəzi yaradıldı və dünyanın bütün iri bankları, investisiya, sığorta şirkətləri Sinqapura üz tutdular».

Müəllif yazıb ki, Sinqapurda 121 bankdan 114-ü xarici banklardır. İslahatlar başlayandan sonra 15 il ərzində ümumi daxili məhsul (ÜDM) 15 dəfə artıb, Sinqapur dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilib.

S.Məmmədov həmçinin yazıb ki, Azərbaycan Bakını qlobal maliyyə mərkəzinə çevirmək, xarici kapitalı cəlb etmək və sürətli inkişafdan ötrü daha əlverişli şəraitə malikdir, amma nailiyyətlər müqayisə olunmaz dərəcədə zəifdir: «Hazırda Sinqapura dünyanın top-100 bankının hamısı cəlb olunub, bank aktivləri 1 trilyon dollara yaxındır. Azərbaycana isə bu banklardan heç biri cəlb edilməyib, bank aktivləri heç 17 milyard dollara da çatmır. Fond birjaları isə ümumiyyətlə, heç bir müqayisəyə sığmır».

Müəllifə görə, Bakının qlobal maliyyə mərkəzinə çevrilməsi hər bir maliyyəçinin arzusudur. Onun fikrincə, kapitalı dünyadan Azərbaycana axıtmaq əsas hədəf olmalıdır, nəinki Azərbaycandan başqa ölkələrə.

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

Prezident əsas hədəflərdən danışdı

Oktyabrın 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına rəsmi media orqanları geniş yer veriblər. AZƏRTAC dövlət başçısının çıxışlarını tam dərc edib.

Prezident toplantıdakı yekun nitqində, əsasən, ölkənin iqtisadi həyatı ilə bağlı qarşıdakı əsas hədəfləri göstərib.

2019-cu ilin dövlət büdcəsi barədə danışan prezident deyib ki, sənədlə bağlı ilkin məruzələr edilib. İ.Əliyev gələn ilin büdcəsinin həm investisiya, həm də sosialyönümlü olacağını vurğulayıb: «Bütün sosial layihələr icra ediləcək. Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur».

Dövlət başçısı kölgə iqtisadiyyatının aradan qaldırılmasını hakimiyyətin əsas hədəflərindən sayıb. Onun sözlərinə görə, Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalmasından ötrü çox ciddi addımlar atılır.

Prezident, eyni zamanda, vergidən yayınmaya son qoymaqdan ötrü mübarizənin davam edəcəyini, bu məsələdə heç kəsə güzəşt edilməyəcəyini bildirib.

«Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçib. Heç kimə arxalanmasınlar, əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq», - prezident belə deyib.

İ.Əliyev vergi, gömrük orqanlarında şəffaflığın tam təmin edilməsini, struktur islahatlarını, korrupsiya və rüşvətxorluqla mübarizəni də qarşıdakı hədəflər sırasında göstərib: «Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıb».

XS
SM
MD
LG