Bolqarıstan rəsmiləri jurnalistin qətlində şübhəli bilinən şəxsin Almaniyada saxlandığını təsdiqləyib.
Oktyabrın 10-da daxili işlər naziri Mladen Marinov baş prokuror və baş nazirin iştirakıyla mətbuat konfransı keçirib. Onlar şübhəlinin bir gün öncə Bolqarıstan hakimiyyətinin xahişilə saxlandığını bildiriblər.
“Qətllə bağlı fiziki dəlil var”, – deyən Marinov əlavə edib ki, təhqiqatçılar Marinovanın paltarlarında və bədənində DNT sübutu tapıblar.
Nazir müstəntiqlərin jurnalistin ailəsi və dostları ilə danışdığını, qətlin Marinovanın peşəsilə bağlılığına “açıq əlaqə” tapmadığını qeyd edib.
Rəsmilər şübhəlinin Bolqarıstan vətəndaşı, Ruze sakini Severin Krasimirov olduğunu deyiblər.
Marinov şübhəlinin daha öncə metal oğurluğunda təqsirli bilindiyini söyləyib.
Bolqarıstan rəsmiləri şübhəliyə qarşı ittihamlar irəli sürüblər və Almaniyadan onun təhvil verilməsini gözləyirlər.
***
Bolqarıstanda televiziya jurnalisti Viktoria Marinova-nın qətlilə əlaqədar yeni şübhəli saxlanıb. Bu haqda ölkə mediası xəbər yayıb.
Baş nazir Boyko Borissov oktyabrın 10-da səhər saatlarında mətbuat konfransı keçirəcək və həbsin detallarından danışacaq, DW.com yazır.
Şübhəlinin 20-30 yaşlarında bolqarıstanlı olduğu, Almaniyada saxlandığı bildirilir. Onun oktyabrın 7-də Bolqarıstandan çıxdığı, anasının yaşadığı Almaniyaya yollandığı iddia olunur.
Marinovanın çalışdığı TVN televiziyası xəbər verib ki, yeni şübhəli qətlə yetirilmiş jurnalisti tanımayıb.
Bolqarıstanın digər televiziyası olan bTV-nin məlumatına görə, polis jurnalistin mobil telefonunu şübhəlinin Ruze şəhərindəki mənzilində tapıb.
BİRİNCİ ŞÜBHƏLİ BURAXILIB
Marinovanın cəsədi oktyabrın 6-da Ruzedəki parkda aşkarlanıb.
Hələlik, Almaniya hökuməti həbsi təsdiqləməyib.
Polis 30 yaşlı Marinovanın qəddarlıqla döyüldüyünü, zorlandığını və boğulduğunu bildirir. Onun həm şəxsi, həm də peşəkar həyatıyla bağlı təhqiqat gedir.
Beynəlxalq qurumlar Bolqarıstanı jurnalistin ölümünü sürət və qətiyyətlə araşdırmağa çağırıb.
Oktyabrın 9-da qətllə əlaqədar saxlanmış rumıniyalı dəlil çatışmazlığı üzündən buraxılıb.
Marinova son 12 ayda Avropa Birliyi ərazisində öldürülən üçüncü jurnalistdir.
Onun TVN-də apardığı son proqramda Rumıniya və Bolqarıstandan araşdırmaçı jurnalistlər çıxış edib. Hər ikisi AB-nin ayırdığı vəsaitin Bolqarıstanda düzgün xərclənmədiyini araşdırır.
Marinova özü bu araşdırmada yaxından iştirak etməsə də, proqramında Bolqarıstan üçün həssas sayılan korrupsiyadan söz açılıb.
Bolqarıstan Rumıniya ilə birlikdə 2007-ci ildə AB-yə üzv olub, amma hər ikisi korrupsiya və ədliyyə islahatlarının vacibliyi səbəbindən AB-nin monitorinqi altındadır.
Oktyabrın 8-də axşam yüzlərlə adam Ruze şəhərində jurnalisti anmağa çıxıb. Ölkənin müxtəlif yerlərində Marinovanın portretləri qaldırılıb, şamlar yandırılıb.
İştirakçılardan bəziləri isə Ədalət Sarayına üz tutaraq korrupsiyaya etiraz ediblər, hökumətin, baş prokuror Sotir Tsatsarov-un istefasına çağırıblar.