Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:59

7 hakim cəzalandırılıb


F.Məmmədov

Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə (13 il) 230-dan çox hakim barədə intizam icraatına başlanılıb. Qanun pozuntusu və digər neqativ hallara yol verdikləri bildirilərək 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Bu barədə Məhkəmə-Hüquq Şurasının oktyabrın 9-da keçirilmiş toplantısındakı çıxışında qurumun sədri, ədliyyə naziri Fikrət Məmmədov danışıb.

Şuranın yaydığı məlumata görə, nazir hakimlərin seçimi haqda da məlumat verib. Onun deməsinə görə, indiyədək 800-dən çox hakimliyə namizədlə şəffaf şəraitdə müsabiqə keçirilib. Onlardan yalnız 108 nəfəri müsabiqəni uğurla başa vurub.

Toplantıda həmçinin, hakimlər barədə başladılmış intizam icraatlarına da baxılıb. Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib.

Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırovun tutduğu vəzifədən azad olunduğu, Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı qərar qəbul edilib. Onlar ümumilikdə qanunvericiliyin tələblərini kobud pozmaqda, korrupsiyaya şərait yaradan hallara yol verməkdə və süründürməçilikdə günahlandırılıblar.

Məlumatda qeyd edilib ki, daha 4 hakimin səlahiyyətlərinə isə digər qanuni əsaslarla xitam verilib.

Bundan əlavə, konkret korrupsiya faktı üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə prokurorluğa göndərildiyi vurğulanıb.

Cəzalandırılan hakimlərin Məhkəmə Hüquq Şurasının bu açıqlamasına münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda hakimlər müsabiqə ilə seçilirlər. Müsabiqələr çoxmərhələli imtahanlardan, bir illik təlim kurslarından, məhkəmələrdə stajkeçmə mərhələlərindən ibarətdir.

Məhkəmə-Hüquq Şurası məhkəmə hakimiyyətinin özünüidarə оrqanı hesab edilir. Bu qurum Azərbaycanda 2005-ci ilin fevralından fəaliyyətə başlayıb. 15 nəfərdən ibarət оlan Şuraya ədliyyə naziri sədrlik edir. Qurum, əsasən, hakimlərdən (9 nəfər) ibarətdir.

Multimedia

XS
SM
MD
LG