Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:39

İlham Əliyev amerikalı ravvinə nə deyib – Qərb icmalı


İlham Əliyev (sağda) və Benjamin Netanyahu Bakıda, 2016-cı il
İlham Əliyev (sağda) və Benjamin Netanyahu Bakıda, 2016-cı il

Səudiyyə, Pakistan, Əfqanıstan və BƏƏ rəsmiləri Azərbaycan prezidenti İlham Əliyevdən soruşurlar ki, müsəlman ölkələri olaraq İsraillə münasibəti necə balanslaşdırsınlar. “The Jerusalem Post”un yazmasına görə, Azərbaycanın lideri bunu dünən – oktyabrın 8-də amerikalı ravvinə deyib.

Ravvin Marc Schneier İlham Əliyevlə Bakıda görüşüb. Deməsinə görə, prezident ad çəkmədən ona söyləyib ki, həmin ölkələrin rəsmiləri ondan təlimat istəyirlər, “İslama sadiq müsəlman ölkəsi olaraq İsraillə necə münasibət qursunlar, onu necə dəstəkləsinlər”.

Əliyev Schneier-ə deyib ki, həmin rəsmilərə “cəza almadan hər ikisini etməyin” mümkünlüyünü söyləyir. Ravvin prezidentin məhz həmin sözləri işlətdiyini deyir. Prezident qeyd edib ki, “düzgün balansı tapmaq mümkündür, məndən bu barədə soruşmaları hazırda müsəlman dünyasında İsrailə doğru müəyyən hərəkətin baş verdiyini göstərir.”

Schneier vurğulayıb ki, Əliyev ona hansı rəsmilərdən söz getdiyini söyləməyib.

Netanyahu BMT-də çıxış edir
Netanyahu BMT-də çıxış edir

Ravvinin fikrincə, dünyadakı 57 müsəlman ölkəsi içində İsraili Azərbaycan qədər dəstəkləyən yoxdur və bu səbəbdən də digər müsəlman ölkələri ondan İsraillə ikitərəfli münasibətlər qurmaqda örnək götürürlər.

Qəzet İsrailin baş naziri Benjamin Netanyahu-nun 2016-cı ildə Azərbaycana səfər etdiyini yada salır. Baş nazir hazırda regiondakı bəzi ərəb ölkələrinin İsraillə ehtiyatlı əlaqələr qurmasından da danışır.

Azərbaycan İsrailə neft satır, bu ölkənin istehsal etdiyi silahların əsas alıcılarından biridir.

Etnik Anlaşma Fondunun rəhbəri olan Schneier-in sözlərinə görə, Əliyev Amerikadakı İsrailə meylli yevangelist xristianlarla müsəlmanlar arasında ziddiyyətlərdən narahatlığını dilə gətirib. ABŞ-da 63 milyon yevangelist, 3,5 milyon müsəlman var.

Azərbaycan liderinin niyə bu məsələylə maraqlanmasına gəlincə, Schneier bunu ölkənin “inanclarası dialoq” üzrə liderliyi ilə izah edib, deməsinə görə, Əliyev də “İslamı Qərbə yaxınlaşdırmaqda, uçurumu qapatmaqda” maraqlıdır.

Schneier Əliyevdən daha bir sitat gətirib. Əliyev görüşdə deyib ki, ABŞ prezidenti Donald Trump-ın ABŞ səfirliyini Yerusəlimə köçürməsi qərarını ABŞ-dakı yəhudi icmasının deyil, yevangelist icmasının çağırışlarına cavab olaraq verib.

Gürcüstan da plastik torbaları yasaqladı

Gürcüstan keçmiş Sovet İttifaqı məkanında ilk ölkə olaraq plastik torbaları yasaqlayıb. “Eurasianet” portalında Giorgi Lomsadze bu addımı bütöv bir eranın sonu adlandırır.

İllüstrativ foto
İllüstrativ foto

Müəllif plastik torbaların keçmiş sovet məkanına 1970-ci illərdə yayıldığını yada salır. Ozamankı torbaların üstünə gözəl qadınların, Marlboro siqaretlərinin, güllərin, tutuquşuların şəkillərini vururdular. Hətta Rusiya estrada müğənnisi Alla Pugacheva-nı da görmək olardı. SSRİ-də plastik torbalar dəbə minmişdi, müasirlik əlaməti sayılırdı.

1990-cı illərdə onların yerini iri bazar torbaları tutdu, əsasən qadın alverçilər əllərində yekə çantalar Türkiyəyə mal aparıb gətirirdilər. Eyni zamanda mağazalarda işlənən birdəfəlik torbalar da geniş yayıldı.

Gürcüstanın Ətraf Mühit Nazirliyinin hesablamasına görə, ölkədə hər il ortabab gürcü 525 birdəfəlik sellofan torbanı tullayır. İrlandiya kimi inkişaf etmiş ölkələrdə isə bu rəqəm 14-dür.

Oktyabrın 1-dən qalınlığı 15 mikrondan (0,015 millimetr) az birdəfəlik torbalar yasaqlanıb. Aprelin 1-dən isə istənilən növ polietilen torbaların idxalı, ixracı və satışı qadağan olunacaq. Qaydanı pozanları 500 laridən (190 dollar) başlayan cərimələr gözləyir.

Ətraf mühit fəalları qadağanı alqışlasa da, müştərilər və istehsalçıları narazı salıb. Müştərilər hökumətin məqsədinin onların həyatını daha da çətinləşdirmək olduğunu düşünür.

Plastik torba istehsalçısı Malkhaz Nemsadze ötən ay Batumelebi qəzetinə deyib ki, qadağanın bədəlini onlar ödəməli olacaqlar: “Bioloji baxımdan həll olunan torbaların istehsalı üçün yeni avadanlıq almalıyıq. Bu da qiyməti qaldıracaq, satış düşəcək”.

XS
SM
MD
LG