Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:21

'2015-ci il ibrət olmadı'-Media icmalı


Neft
Neft

Ölkədə aqrar-sənaye komplekslərinin yaradılması, ipoteka kreditləri ilə bağlı mövcud durum, iqtisadiyyatın neftdən asılılığının davam etməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«İxracı və büdcəsi neftdən asılı ölkə»

«Novoye Vremya» qəzetində «Vəziyyət təkrarlanır?» sualı gündəmə daşınır.

Yazıda son zamanlar dünya bazarında neftin qiymətinin kəskin bahalaşması və bunun mümkün təsirlərindən bəhs edilib.

Müəllif iddia edir ki, artan neft qiymətlərinə etibar yüksək olmadığından hətta indiki yüksək qiymət rejimində neft hasilatçısı olan ölkələr özlərini pis varianta hazırlayırlar.

Yazıda vurğulanır ki, bəzi ölkələrdə 2020-2021-ci illərdə neftin 55, hətta 35 dollara kimi enəcəyini düşünərək, inflyasiya və sürətli qiymət artımının ölkəni qəfil yaxalamamasından ötrü hazırlıq görülür. Ölkə iqtisadiyyatları hazırkı yüksək yox, gələcəkdə ehtimal edilən aşağı neft qiymətləri dövrünə köklənir.

Müəllif hesab edir ki, bu vəziyyətdən ixracı və büdcəsi neftdən asılı olan Azərbaycan hökumətinin nəticə çıxarıb-çıxarmadığı maraq doğurur.

Yazıda iddia edilir ki, neft yenidən bahalaşandan sonra Azərbaycan Nazirlər Kabineti iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməyi unudub, iqtisadi islahatlar barədə isə danışılmır: «Aydın görünür ki, hökumətin iqtisadi blokuna aid olan bəzi təmsilçiləri neft qiymətlərinin kəskin enməsiylə iqtisadi böhrana səbəb olan 2015-ci il hadisələrindən ibrət götürməyiblər. Belə ki, Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığı elə əvvəlki səviyyədə qalmaqda davam edir».

Müəllifin fikrincə, əslində siyasi və məhkəmə islahatları reallaşdırılmadıqca, iqtisadi islahatlar nəticə verməyəcək.

İpoteka neçə faiz olsa, sizə sərf edər?
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Cəmi 1 ipoteka krediti alan rayonlar...

Modern.az saytında «Ən çox ipoteka krediti alanlar Bakı sakinləridir» sərlövhəli yazı oxumaq olar.

Yazıda İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditlərinin verilməsi şərtlərinə dəyişikliklərini və bunun mənfi- müsbət tərəflərini iqtisadçı-ekspert Vüqar Bayramovla müzakirə edilib.

Ekspert deyib ki, dəyişikliklərə görə, güzəştli ipoteka kreditləri üzrə faiz 4-dən 3.7-ə azaldılıb. Amma güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğ 100 min manatdır, halbuki, adi ipoteka kreditləri üzrə 150 min manatadək borc cəlb etmək mümkündür.

V.Bayramovun habelə deməsinə görə, yeni dəyişikliklərə baxmayaraq, ölkə üzrə ipoteka kreditlərindən faydalananların coğrafiyası heç də geniş deyil. Bu, Bakı və ətraf yaşayış məntəqələrinin sakinləri ilə məhdudlaşır: «Belə ki, indiyədək verilmiş 22733 kreditin 17282-si paytaxtın payına düşüb. Bu isə o deməkdir ki, fondun maliyyələşdirdiyi hər 100 ipoteka kreditinin 76-sı Bakıda mənzil alınmasına yönəldilir. Bu kontekstdən, regionların fondun vəsaitlərindən yararlanmaq imkanları məhdud olaraq qalmaqdadır».

Ekspert vurğulayıb ki, kreditlərin sayına görə ikinci olan Sumqayıtda 2289, Abşeron və Xırdalanda isə 1578 maliyyələşmə olub: «Bu isə o deməkdir ki, 22733 ümumi kreditin 21149-u, yəni 93 faizi paytaxt və ətraf şəhərlərin payına düşüb. Naxçıvan da daxil olmaqla regionlar ümumi kreditləşmənin cəmi 7 faizinə sahib ola biliblər».

Ekspertin iddiasına görə, bir sıra rayonlar ümumiyyətlə, ipoteka kreditləri cəlb edə bilməyiblər, bəzi bölgələrdə isə rəqəmlər simvolik olub: «Məsələn, Ucar, Oğuz, Ağcabədi, Şərur, Sabirabad kimi rayonlar fond yaranandan bəri cəmi 1 ipoteka krediti əldə ediblər».

V.Bayramov düşünür ki, bu məsələdə regionlara daha çox güzəşt edilməlidir.

Şəmkir aqroparkı
Şəmkir aqroparkı

«45 aqroparkın yaradılması...»

«Azərbaycan» qəzetində «Dövlət dəstəyi səmərəsiz qalmır» sərlövhəli yazı dərc edilib.

Yazıda ölkədə aqrar-sənaye kompleksləri yaradılması dəyərləndirilib.

Müəllif yazıb ki, ölkənin iqtisadi inkişaf strategiyasında aqrar sektor önəmli yer tutur, son dövrlər bu sahədə dərin islahatlar keçirilir, dövlət dəstəyi artırılır: «Təkcə bir faktı qeyd edək ki, indiyədək verilən güzəştli kreditlərin 80 faizindən regionlardakı sahibkarlar faydalanıblar. Bu, aqrar sektorda ənənəvi sahələrin dirçəldilməsinə, məhsul istehsalının artımına əməlli-başlı təkan verib. Son bir neçə ildə pambıq, tütün, fındıq, barama, düyü, xurma istehsalının genişləndirilməsi idxalda da özünü göstərir, özü də faizlə deyil, dəfələrlə».

Müəllif aqrar siyasətin əsas istiqamətlərindən biri kimi bu sahənin modern texnika və texnologiya ilə təmin olunmasını göstərir. Yazıda bu sahədə görülmüş işlərlə bağlı prezidentdən də sitat gətirilir: «Təkcə bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq. Keçən il 10 min texnika alınmışdır... Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə əvvəlki qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır».

Müəllif vurğulayır ki, aqrar sektorun innovativ inkişafını təmin etməkdən ötrü 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması istiqamətində də işlər davam edir.

«Bu məqsədlə aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət vəsaiti ilkin investisiya kimi qoyulub...», - deyə müəllif yazıb.

XS
SM
MD
LG