Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:51

'Pul veririk ki, uşağımız sürücülük qaydalarını bilmədən...'-Media icmalı


Dollar/Rubl
Dollar/Rubl

Azərbaycanın idxal-ixrac əməliyyatları, sərnişindaşımadakı problemlər, bir sıra ölkələrin antidollar səylərinin Azərbaycana mümkün təsirləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Rusiyanın antidollar səyləri

Musavat.com saytında «Rusiyanın antidollar qanununun Azərbaycana mümkün təsirləri» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bir sıra ölkələr dolların təsirindən qurtulmaqdan ötrü müxtəlif layihələrə əl atırlar. Rusiya isə artıq antidollar qanununu yaxın iki həftə ərzində qəbul etmək istəyir: «... Qeyri-neft ixracatımızın yarıdan çoxunun reallaşdığı Rusiyanın qarşılıqlı hesablaşmalarda dollardan imtinaya hesablanmış addımları Azərbaycan ixracatçıları, həmçinin bu ölkədən mal idxal edənləri çətin duruma sala bilər. Qeyri-stabil valyuta olan Rusiya rublu ilə hesablaşma əldə olunan gəlirlərin qısa zaman ərzində dəyərsizləşməsi təhlükəsini yaradır».

İqtisadçı-ekspert Pərviz Heydərov isə mгsavat.com saytına müsahibəsində Rusiyanın dollardan uzaqlaşma səylərini ciddiyə almayıb. O deyib ki, Rusiyanın dollardan hansı mexanizm əsasında imtina edəcəyi hələ məlum deyil.

P.Heydərov bildirib ki, Rusiya hökuməti özü də dollar hesablarından imtinanı, ölkəyə dollar gətirilməsini qadağan etməyi planlaşdırmır: «Söhbət xarici ticarət əməliyyatlarından gedir, bu da çox mücərrəd bir məsələdir. Tutaq ki, Rusiya-Azərbaycan qarşılıqlı ticarət əlaqələrini və yaxud mal dövriyyəsini dəyərləndirmək istəyirik. Bunu manatla, yoxsa rublla ifadə edəcəyik? Məsələn, hər hansı bir sahibkarımız Rusiyada öz malını satıb və xeyli vəsait əldə edib bunu yığıma yönəltmək istəyir. Hansı valyutaya üstünlük verəcək? Rubla, yoxsa manata? Təbii ki, dollara...».

Ekspert başqa bir məqama da diqqət çəkib: «1 ABŞ dollarının ölkəmizdə və Rusiyada alış gücü eyni deyil. Bax, Rusiyada qəbul olunacaq qanun bu məsələləri necə tənzimləyəcək?...».

Sürücülük vəsiqəsi satılır?
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

«Sürücülüyü tam bacarmayan adamlar bu vəsiqəni necə alıblar?»

Modern.az saytında «Deputatdan avtobus sürücülərinə sərt tənqid: «Necə istəyirlər, elə də sürürlər»» sərlövhəli yazı yer alır.

Yazıda ağır yol qəzaları ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli ilə söhbət edilib.

«Bildiyimiz kimi, sərnişindaşıma ilə bağlı son dövrlər ölkə başçısı bir neçə sərəncamlar verib, yeni qurumlar yaranıb. Hazırda sərnişindaşımaya nəzarət edən orqan var. Bu orqanlar intizamı çox ciddi şəkildə gözləməlidirlər», - deyə deputat vurğulayıb.

T.Kərimli hesab edir ki, bu məsələdə maarifləndirməyə ciddi ehtiyac var. Sürücülərə hər gün təlim keçilməli, onlara təhlükəsizlik, sərnişinlərlə rəftar qaydaları öyrədilməlidir.

Deputat vurğulayıb ki, bəzi sürücülər sükan arxasında oturaraq əsas hədəfin sərnişinləri mənzilə salamat çatdırmaq olduğunu unudurlar: «Bəzi avtobus sürücüləri avtomobili necə istəyirlərsə, elə də sürürlər, hətta istədikləri yerdə dayanırlar, nizam-intizam qaydalarına əməl etmirlər, sürücülərə bunlar izah olunmalıdır».

Deputatın deməsinə görə, Azərbaycanda avtoqəzaların sayı artır, bunun əsas səbəbi də sürücülərin yol-hərəkəti qaydalarını bilməməsidir.

T.Kərimli daha sonra ortaya suallar qoyur: «Onda sual olunur ki, yol-hərəkəti qaydasını bilməyən, sürücülüyü tam bacarmayan adamlar bu vəsiqəni necə alıblar? Hansı qaydada alıblar? Necə imtahan veriblər? Biz dünyada yeganə xalqıq, pul veririk ki, uşağımız oxumadan diplom alsın, sürücülük qaydalarını bilmədən vəsiqə alsın və sairə».

İxrac
İxrac

Azərbaycanın ticarət əlaqələri

«Azərbaycan» qəzetində «Azərbaycanının 170 ölkə ilə ticarət əlaqəsi var» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, hazırda Azərbaycan dünyanın 170 ölkəsi ilə ticarət əməliyyatları aparır, 101ölkəyə məhsul ixrac edilir, 162 ölkədən məhsul idxal olunur.

«Bu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 17.4 milyard dollardan çox olub. Bu məbləğin 11.6 milyard dollardan çoxu ixracın, 5.7 milyard dollardan çoxu isə idxalın payına düşüb. Bu da 5.9 milyard dollar müsbət ticarət saldosu deməkdir»,-deyə müəllif rəsmi qurumlara istinadən nəticələri təqdim edir.

Yazıda habelə bildirir ki, keçən il ilə müqayisədə bu ilin 7 ayında faktiki qiymətlərlə ölkədən 37.3 faiz çox məhsul ixrac edilib. İdxal edilmiş məhsulların dəyərində isə 32.2 faiz artım müşahidə olunub.

Müəllif Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, İtaliya, Türkiyə, Rusiya da daxil olmaqla xarici ticarət əməliyyatlarının 85 faizi dünyanın 20-yə yaxın ölkəsini əhatə edib.

Yazıda həmçinin vurğulanır ki, yanvar-iyul aylarında ölkə üzrə qeyri-neft məhsullarının ixracı ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 13.5, real ifadədə isə 3.8 faiz artaraq 968.6 milyon dollara çatıb.

Yazı bu cümlələrlə də başa çatır: «Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin coğrafiyası da kifayət qədər genişdir. Onların sırasında İtaliya, Türkiyə, İsrail, Hindistan, İndoneziya, Kanada, Portuqaliya, Almaniya, Çexiya, Rusiya, İspaniya, ABŞ, Birləşmiş Krallıq, Avstriya, Yunanıstan, Gürcüstan kimi ölkələr var».

XS
SM
MD
LG