Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

'Şimaldan günəş doğası deyil'-Media icmalı


Dron
Dron

2018-ci ilin uğurları, drondan istifadəyə qadağalar, Azərbaycan-Rusiya münasibətləri və başqa məsələlər medianın aparıcı mövzularıdır...

Azərbaycanda drondan istifadədə məhdudiyyətlər

Bizimyol.info saytında «Şəhər mərkəzində dron havalandı, polislər təşvişdə- drondan istifadə etmək olarmı?» sualı gündəmə daşınır.

Müəllif drondan istifadə və bunun hüquqi əsasları barədə ekspertlərlə söhbət edib.

Yazıda iddia edilir ki, bir neçə gün öncə, axşam saatlarında şəhərin mərkəzi Nizami küçəsində turistlərdən biri havaya dron qaldırıb. Müəllifin vurğulamasına görə, çox keçməyib ki, polislər hərəkətə keçib, əraziyə 10-dan çox polis gəlib və dronu idarə edən şəxsi axtarmağa başlayıblar.

Məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Milli İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı sayta bunları bildirib: «Dronlar fərqli təyinatlar üçün nəzərdə tutulub. Hərbi məqsədlər üçün istifadə olunan dronlara qadağa qoyulması normaldır. Amma məişət üçün nəzərdə tutulan dronların istifadəsinə qadağa qoymaq düzgün deyil. Hazırda ölkəmizə dron gətirilməsi nəzarətdədir. Belə ki, dron gətirmək istəyərkən Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti və başqa orqanların razılığı olmalıdır. Lakin sirr deyil ki, dronu hissələrə ayıraraq müxtəlif yollarla keçirən, onu ölkəmizdə quraşdıraraq satışa çıxaran və yaxud istifadə edən insanlar var».

O.Gündüzə görə, polislərin şəhər mərkəzində drondan istifadə edən şəxslərə belə reaksiyası başa düşülmür.

Başqa bir ekspert Elməddin Muradlı isə deyib ki, polis bu addımı təhlükəsizlik məqsədilə atıb, amma belə sərt reaksiyaya ehtiyac yoxdur: «Dünyanın heç bir yerində belə bir qayda yoxdur. Camaat başqa ölkələrdə oyuncaq təyyarələr, qırıcılar uçurdur, texnologiya günü-gündən inkişaf edir. Bu qədər sərt davranmaq doğru deyil».

E.Muradlı hesab edir ki, belə hal xüsusi qorunan dövlət obyektlərinin ətrafında baş versə, müdaxilə başadüşülən olardı.

V.Putin və İ.Əliyev
V.Putin və İ.Əliyev

Azərbaycan-Rusiya münasibətləri

Moderator.az saytında «Şimaldan günəş doğası, Azərbaycana işıq saçası deyil, işığımızı özümüzdə axtaraq...» sərlövhəli yazı dərc edilib.

Yazının müəllifi Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıldır. O, Rusiya Dövlət Dumasının MDB ölkələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin bu günlərdə ruposters.ru saytına verdiyi şərhinə toxunur.

İ.İsmayıl vurğulayır ki, K.Zatulin İlham Əliyevlə Nikol Paşinyan arasında təmas xəttində gərginliyin aradan qaldırılması yolları haqqında Düşənbədəki şifahi razılaşmaya belə münasibət ifadə edib: «Bu gün Azərbaycan rəhbərliyi kompromis istəmir. Silahlanmanın, hərbi büdcəni yüksəltməyin, hərbi hədə-qorxunu artırmağın hesabına öz bildiyini əldə etmək istəyir. Biz bu işdə qəti olaraq maraqlı deyilik. Ona görə də mənim və kolleqalarımın bütün cəhdləri, çalışmaları Dağlıq Qarabağda müharibənin yenidən başlanmasına imkan verməməkdir».

Ekspert isə K.Zatulinin bu mövqeyini maskalanmamış siyasət sayır: «Danışan Rusiyanın rəsmi bir şəxsidir. Bu qəbulolunmazdır!».

İ.İsmayıl Qarabağ probleminin həllində Rusiyanın Azərbaycana yardım edəcəyinə ümid edənləri qınayır. O hesab edir ki, K.Zatulinin açıqlaması da Rusiyanın Ermənistana arxa olmasının göstəricisidir.

Ekspert Rusiyaya ümid edənlərə xitabən «Əmin olsunlar ki, şimaldan günəş doğası, Azərbaycana işıq saçası deyil, işığımızı özümüzdə axtaraq», - deyə yazır.

TANAP-ın rəsmi açılışı
TANAP-ın rəsmi açılışı

«İnkişaf və yüksəliş»

«Azərbaycan» qəzetində «İnkişaf və yüksəliş dövrü» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, 2018-ci il hələ başa çatmasa da, Azərbaycandan ötrü əlamətdar hadisələrlə zəngindir. Yazıda vurğulandığına görə, ilk növbədə, bu il ölkənin inkişafında növbəti uğurlu mərhələ kimi yadda qalacaq: «Belə ki, bir neçə il əvvəl beynəlxalq iqtisadi böhranın nəticəsində yaranmış çətinliklər artıq geridə qalıb. 2016-cı ildən başlanan yeni iqtisadi islahatlar ölkədə qeyri-neft sektorunun inkişafını da təmin edib».

Müəllif Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan «Cənub qaz dəhlizi» layihəsinin bir hissəsi olan Trans-Anadolu Qaz Kəmərinin (TANAP) rəsmi açılışını 2018-ci ilin iqtisadi uğurları sırasında ilk yerə qoyur. Yazıda vurğulanır ki, bu tarixi hadisə rəsmi Bakının 1994-cü ildən həyata keçirdiyi enerji siyasətinin məntiqi və uğurlu davamıdır.

Müəllif fikirlərinin təsdiqi kimi dövlət başçısı İlham Əliyevdən sitat da gətirir: ««Cənub qaz dəhlizi»nin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında, neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır. Yeni enerji dəhlizinin işə düşməsi qarşıdakı illərdə Azərbaycana böyük məbləğdə xarici valyutanın daxil olmasına şərait yaradacaq».

Müəllif bu ilin daha bir uğuru kimi Azərbaycan ordusunun modernləşdirilməsini göstərir: «Son illərdə isə ordumuzda həyata keçirilən quruculuq işləri daha yeni keyfiyyət mərhələsinə qədəm qoyub».

Müəllif hesab edir ki, 2018-ci il Azərbaycanın sosial-iqtisadi yüksəlişi, hərbi qüdrətinin artması, beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından uğurludur.

XS
SM
MD
LG