Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:50

'Sürücülük təhsilinin rüşvətə uğraması'-Media icmalı


Avtobusun qatarla toqquşması
Avtobusun qatarla toqquşması

Azərbaycan prezidentinin fəaliyyəti, problemli kreditlərin aradan qaldırılması yolu, ağır yol qəzalarının səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Qəzaların qapısı»

Azadliq.info saytında «Yoldakı və hakimiyyətdəki qəza» sərlövhəli yazı oxumaq olar. Yazıda son günlər ölkədə baş verən ağır yol qəzalarından bəhs edilir.

«Narkoman – yəni işə yaramayan, işi bacarmayan, işə alınması təhlükəli olan adam niyə avtobusu sürməlidir? Bu ki hökumətin vəzifələrinə aiddir. Maşının yararlı olmasını da, maşını idarə edənin də yararlı olmasını da hökumət təmin etməlidir», - deyə müəllif Şahvələd Çobanoğlu yazıb.

Müəllif daha sonra ağır yol qəzalarına yol açan səbəblər üzərində durmağa çalışır: «Yanlış idarəçilik, hüquqi məsuliyyətsizlik, korrupsiya, avtomobillərin texniki vəziyyətinə və sürücülərin yetənəyinə nəzarətsizlik, sürücülük təhsilinin rüşvətə uğraması, yol-hərəkət nişanlarının azlığı...».

Müəllifə görə, əsas günahkar hamıdan gizlənən trafik canavarıdır: «Əslində, hamı da gözəl başa düşür ki, yuxarıdakı səbəblər - ədalətli məhkəmə sisteminin qurulmaması, polis və digər dövlət orqanlarındakı özbaşınalıq, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin olmaması kimi köklü səbəblər qəzaların qapısıdır».

Yazıda «qəza hər yerdə olur» deyiminə də münasibət bildirilir: «Var, amma bunu azaltmaq istəyən, yox edən hökumət də var. Bəli, inanın, şübhə etməyin, bir çox ölkələrdə məhz hökumətlərin səyləri nəticəsində yol-nəqliyyat hadisələri və bu zaman ölüm hadisələri hədsiz azaldılıb».

Manat
Manat

700 min insanın kreditini qaytara bilməməsi

«Yeni Müsavat» qəzetində «Problemli kreditlər: onları qaytarmağın bircə yolu var» sərlövhəli yazı yer alır.

Müəllif problemli kreditlər məsələsini iqtisadçı Natiq Cəfərli ilə müzakirəyə çıxarıb.

Yazıda bildirilir ki, 2015-ci ildə manat dollara nisbətdə iki dəfə devalvasiyaya uğrayıb. Nəticədə milli valyuta dollar qarşısında iki dəfə dəyər itirib.

Müəllif vurğulayıb ki, bu hadisədən sonra, əsasən, xarici valyutada götürülmüş kreditlərin qaytarılmasında problemlər yaranıb.

Yazıda habelə bildirilir ki, bəzi ekspertlər kredit götürən şəxslərə güzəştlər edilməli olduğunu söyləsələr də, Konstitusiya Məhkəməsi bu günlərdə bu məsələ ilə bağlı qərar verərək güzəştə heç bir lüzum görməyib. Müəllif qeyd edib ki, son məlumatlara görə, hazırda problemli kreditlər təxminən 1.8 milyard manata yaxındır.

«Əslində problemli kreditlərin həcmi daha böyükdür. Çünki Azərbaycanda yerli statistik məlumatlar hesablanan zaman obrazlı desək, aylıq 1000 manat ödənişi olan, hətta 50 manat ödəyirsə, bunu problemli kredit saymırlar. Əslində isə, dünya praktikasına görə, bu da problemli kredit sayılır», - deyə N.Cəfərli qəzetə bildirib.

İqtisadçının deməsinə görə, elə buna görə də beynəlxalq reytinq agentliklərinin hesablamalarında rəsmi rəqəmlərdən 2 dəfə çox problemli kreditlərin olduğu qeyd edilir: «Bizdə rəsmi rəqəmlərə görə, ümumi kredit portfelinin 16-17 faizi problemli kredit sayılır. Ancaq beynəlxalq reytinq agentliklərində bu rəqəm 30 faiz olaraq qeyd edilir. Azərbaycanda kredit götürənlərin ümumi sayı təqribən 2.3-2.5 milyon nəfərdir. Yəni, təxminən hər ailədən 1 nəfər kredit götürən var. Onların da 30 faizi problemli kreditdirsə, bu, az qala, 700 minə yaxın insanın kreditini qaytara bilməməsi deməkdir».

N.Cəfərliyə görə, hökumətin və Mərkəzi Bankın yardımı olmadan bu problem həllini tapmayacaq: «Dövlətin müdaxiləsi gecikdikcə isə, problemin həlli qiyməti qalxır. Əgər 3 il öncə dövlət, bank və vətəndaş arasında məsuliyyət 3 yerə bölünsəydi, problemin həlli üçün təqribən 1.3 milyard manat vəsait lazım olacaqdı. Bu gün isə problemin həlli üçün artıq 4 milyarddan da yuxarı vəsait lazımdır».

V.Putin və İ.Əliyev
V.Putin və İ.Əliyev

Müstəqil siyasət

«Azərbaycan» qəzetində «Tam müstəqil siyasətin real mənzərəsi» sərlövhəli yazı dərc edilib .

Yazıda 2018-ci ilin sentyabr ayı ərzində dövlət başçısı İlham Əliyevin fəaliyyəti dəyərləndirilib.

«Ötən ay 4 ölkəyə səfər edən, 1 hərbi parad və 4 beynəlxalq əhəmiyyətli tədbir keçirən, 3-cü peyki kosmosa göndərən prezident İlham Əliyevin yeni inkişaf strategiyası mühüm nailiyyətlərlə əlamətdar oldu», - deyə müəllif yazıb

Yazıda bildirilir ki, sentyabrın 1-də dövlət başçısı İ.Əliyev Rusiyaya səfər edib, Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bu görüşdə 17 sənəd imzalanıb. Sentyabrın 3-də isə dövlət başçısı Qırğız Respublikasında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşünə qatılıb.

Müəllif sonra da yazıb: «Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. Paradda prezident İlham Əliyev, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər. Həmin gün paytaxt Bakı öz tarixinin ən əlamətdar günlərindən birini yaşayıb».

Yazının sonunda isə oxuyuruq: «Tarixinin ən qüdrətli dövrünü yaşayan bir ölkənin uğurlarını şərtləndirən ən başlıca meyar prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir və görünən odur ki, bu siyasət ölkəmizi uğurlu gələcəyə aparır».

XS
SM
MD
LG