Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:25

Makedoniyada seçici iştirakı 50 faizdən az olub


Referendumun nəticələri
Referendumun nəticələri

Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı 30 sentyabr referendumunda əksəriyyət dəyişikliyə səs verib. Amma səsvermənin etibarlı sayılması üçün seçici fəallığı gərəkən 50 faizə çatmayıb.

Oktyabrın 1-də səhər tezdən açıqlanan nəticələrə görə, məntəqələrin 97 faizdən çoxunun bülletenləri sayılıb. Seçicilərin 91,3 faizi ölkənin adının Şimali Makedoniya Respublikası olmasına “hə” deyib.

Di gəl, Makedoniyanın 1,8 milyonluq seçicisindən cəmi 36,8 faizi səsverməyə gedib.

Qeyd edək ki, Prezident Gjorge Ivanov, parlamentin müxalifətdən olan üzvləri referendum boykota çağırırdı.

Baş nazir Zoran Zaev hökuməti isə dəyişikliyə daha böyük dəstək gözləyirdi.

“UĞUR”

“Aydındır ki, bu referendum üzrə qərar verilməyib”, – Dövlət Seçki Komissiyasının rəhbəri Oliver Derkoski sentyabrın 30-da axşam Skopyedə jurnalistlərə deyib.

Zoran Zaev mətbuat konfransı keçirir
Zoran Zaev mətbuat konfransı keçirir

Zaev ad dəyişikliyinə qonşu Yunanıstanla illərdir davam edən mübahisənin həlli kimi baxır. Bu məsələ illərdir Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyünü də əngəlləyib.

Baş nazir deyib ki, seçicilərin “böyük əksəriyyəti” dəyişikliyə səs verib və bu, “demokratiya və Şərqi Makedoniya üçün uğurdur”. O, parlamentdə səsvermə keçirməyə çalışacağını vurğulayıb.

“Səs verənlərin iradəsi parlamentdə siyasi hərəkətə çevrilməlidir”, – deyən Zaev qeyd edib ki, opponentləri parlamentdə ad dəyişikliyini önləməyə qalxsalar, o da erkən seçkilər çağıracaq.

Amma təhlilçilərin fikrincə, bu razılaşma parlamentdə daha böyük maneəylə üzləşəcək.

Zaev hökumətinin rəsmiləri ad dəyişikliyini qüvvəyə mindirən konstitusiya əlavəsini 71 deputatın təsdiqləyəcəyini bildirir. Bu isə konstitusiyanı dəyişməyə gərəkən 80 səsdən, yəni üçdə ikidən azdır.

VMRO-DPMNEnin təşkil etdiyi etiraz aksiyası, Christian Mickoski
VMRO-DPMNEnin təşkil etdiyi etiraz aksiyası, Christian Mickoski

Əsas müxalifət partiyası olan VMRO-DPMNE-nin lideri Christian Mickoski deyib ki, 30 sentyabr referendumunun verdiyi ən güclü mesaj onu boykot edənlərə, yaxud Yunanıstanla razılaşmanın əleyhinə səs verənlərə məxsusdur.

“Fakt odur ki, ad dəyişikliyi razılaşmasına xalq yaşıl işıq yandırmadı, ‘dayan’ işarəsi verdi”, – o bildirib.

REAKSİYALAR

Yunanıstanın Xarici İşlər Nazirliyi sentyabrın 30-da bəyanatında bildirib ki, səsvermənin nəticələri “ziddiyyətli”dir və Afina və Skopye arasında razılaşmanın “pozitiv potensialının qorunması”ndan ötrü ehtiyatlı addımlar atılmalıdır.

Avropa İttifaqının genişlənmə komissarı Johannes Hahn Yunanıstanla razılaşmaya “böyük dəstək” göstərildiyini vurğulayıb. O qeyd edib ki, bütün siyasi liderlərin bu qərar sayqı göstərməsini gözləyir.

Prezident Ivanov isə təklif olunan ad dəyişikliyini ölkə konstitusiyasını pozan “cinayət hərəkəti” adlandırıb. Ivanov referendumda səs verməyəciyini bildirmişdi.

Makedoniya və Yunanıstan arasında ad mübahisəsinin tarixi 1991-ci ilə, Makedoniya Yuqoslaviyadan ayrıldığı dönəmə gedib çıxır.

Yunanıstan bildirir ki, Makedoniya adı onun şimalındakı eyni adlı regiona ərazi və mədəniyyət iddialarını nəzərdə tutur.

Afina və Skopye iyunda Makedoniya yeni adı qəbul edərsə, onillərdir davam edən mübahisənin həlli üzrə ilkin razılaşma əldə ediblər.

Təhlilçilərin fikrincə, Makedoniya kimi qərbi Balkan ölkələrinin Avropa və Trans-Atlantik qurumlara inteqrasiyası onların sabitliyi və inkişafını təmin etməyin ən yaxşı yoludur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG