Sentyabrın 27-də ABŞ Senatının ədliyyə komitəsindəki dinləmə parçalanmış Amerika qarşısında xeyli fundamental suallar qoydu. Bu suallar Brett Kavanaugh-nun Ali Məhkəməyə təsdiqlənməsindən daha önəmlidir. CNN televiziyasının saytında Stephen Collinson bu haqda yazır.
Qeyd edək ki, dinləmədə Kavanaugh və onu hər ikisi yeniyetmə ikən cinsi təcavüzdə suçlayan Christine Blasey Ford iştirak ediblər. Müəllif yazır ki, bu dinləmə həqiqətin ortaya çıxmasından ötrü təşkil olunsa da, əslində, illərdən bəri ən iyrənc siyasi tamaşaya çevrildi.
Dinləməni hər iki şəxs üçün şəxsi faciə adlandıran müəllif bunu həm də milli faciə sayır.
“Bu təsdiqlənmə prosesi yırtıq bir siyasi sistemi çılpaqlığı ilə ortaya qoydu. Bu sistem cinsi təcavüz kimi ciddi bir məsələdə belə konsensusa gəlmək iqtidarında deyil, hətta #MeToo erasında belə”, – təhlildə deyilir.
Qeyd edək ki, son aylar ərzində bir sıra tanınmış şəxslərə qarşı cinsi qısnama iddiaları ictimailəşdirilib. Həmin iddialar üzrə cinayət işləri açılıb. Müəllif yazır ki, Vaşinqton bu məsələdə necə bir anlayış səviyyəsini çatdığını göstərmək əvəzinə, bu hədəfə doğru hələ çox getməli olduğunu sərgiləyib.
QÜTBLƏŞMƏ DƏRİNLƏŞƏCƏK
Ford dinləmənin əvvəlində deyib ki, Kavanaugh-nun Ali Məhkəməyə təsdiqlənməsinə qərar vermək onun məsuliyyəti deyil, o, həqiqəti deməyə gəlib.
Aqressiv davranan Kavanaugh isə Fordun iddialarını dəstəkləyən demokratlara xəbərdarlıq edib ki, “küləyi siz əsdirdiniz, qorxuram, bütün ölkə qasırğadan əziyyət çəkəcək”.
Respublikaçılar demokratların Kavanaugh barədə iddiaları təşkil etmələrinə inanırlar. Demokratlar isə bu fikirdədir ki, administrasiya məsələ üzrə Federal Təhqiqat Bürosunun araşdırmasını başlatmamaqla prosesi tələsik bitirməyə, həqiqəti gizlətməyə çalışır.
“Kavanaugh-nun taleyindən asılı olmayaraq, respublikaçıların Ali Məhkəmədə mühafizəkarların üstünlüyünü təmin etməyə çalışacağı və demokratların onları önləmək səyləri ölkəni Trump dövründə dərinləşmiş tribalizmin içinə sürükləyəcək”, – müəllif yazır.
Onun fikrincə, Kavanaugh məhkəməyə təsdiqlənərsə, milyonlarla qadın və liberal bunu qeyri-əxlaqi təsdiqlənmə prosesinin sonucu hesab edəcək. Seçilməsə, bu, mühafizəkar çevrəni qəzəbləndirəcək, onlar demokratlardan qarayaxma hesab etdikləri bu kampaniyanın qisasını almağa çalışacaqar. Bütün bunlar isə ölkəni daha da qütbləşdirəcək.
SƏSVERMƏNİ ERTƏLƏMƏK ÇAĞIRIŞI
Bu arada Amerika Vəkillər Kollegiyası (ABA) Senatın ədliyyə komitəsindən xahiş edib ki, Kavanaugh-nun təsdiqlənməsi prosesini ertələsin, FTB ona qarşı cinsi təcavüz iddialarını araşdırsın. Bu haqda qurum sentyabrın 27-də axşam hesabat yayıb.
Kollegiya respublikaçıların nəzarətində olan komitəni cümə günü səhərə təyin etdiyi səsverməni keçirməməyə çağırıb.
ABA prosesə müdaxiləsini onunla izah edir ki, Senatın “siyasətə deyil, qanuna əməl etməli olmasına” inanır.
“Əlavə təhqiqat aparılmadan prosesə davam etməyin Senatın nüfuzuna davamlı təsiri ola bilər. Bu, həmçinin Amerika xalqının Ali Məhkəməyə bəsləməli olduğu böyük inama mənfi təsir göstərər”, – ABA-nın prezidenti Robert Carlson komitə rəhbərliyinə məktubunda yazıb.
“Washington Examiner” yazır ki, kollegiyanın bu narahatlığı gözlənilməz sayılır, çünki Kavanaugh-nun namizədliyini dəstəkləmişdi.
Qeyd edək ki, Kavanaugh Ali Məhkəmə hakimliyinə təsdiqlənərsə, bunun ali qurumun tərkibini mühafizəkarların xeyrinə dəyişəcəyi, bəzi mübahisəli məsələlərdə sağ cinahın mövqeyini möhkəmləndirəcəyi sarıdan narahatlıqlar var.