Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

İsrail İranın ‘gizli atom silahı anbarı’ olduğunu deyir


Benjamin Netanyahu çıxış edir
Benjamin Netanyahu çıxış edir

İsrailin baş naziri Benjamin Netanyahu İranı Tehran yaxınlığında gizli atom silahı anbarı saxlamaqda ittiham edib. O, BMT-də çıxış edib və İran rəsmiləri dərhal bu iddianı saxta adlandırıb.

Sentyabrın 27-də BMT Baş Məclisində çıxış edən Netanyahu İran paytaxtının peyk təsvirini göstərib və oradakı qırmızı oxun məhz həmin gizli anbarı işarələdiyini iddia edib.

Baş nazirin sözlərinə görə, bu tapıntı İranın hələ də nüvə silahı hazırlamağa çalışdığını göstərir.

İranın 2015-ci ildə imzaladığı nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Mohammad Javad Zarif
Mohammad Javad Zarif

300 KİLOQRAMADƏK MATERİAL

Netanyahu iddia edib ki, həmin ərazi Turquzabad bölgəsində yerləşir, orada 300 kiloqramadək radioaktiv material saxlanır, ancaq bir qismi bu yaxınlarda köçürülüb. O, BMT-nin atom agentliyini ərazini dərhal radiometrlə yoxlamağa çağırıb.

İran rəsmiləri isə iddiaları rədd edib.

“Dünya bu tip saxta, mənasız və gərəksiz nitqlərə, saxta görüntülərə yalnız güləcək”, – İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Qassemi Fars xəbər agentliyinə deyib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif isə İsrailin nüvə proqramının daha çox yoxlanmalı olduğunu vurğulayıb.

“Heç bir şou İsrailin regionumuzda gizli və açıqlanmamış nüvə silahı proqramlı yeganə rejim olmasını ört-basdır edə bilməz… İsrail qanunsuz nüvə proqramını beynəlxalq müfəttişlərin üzünə açmalıdır”, – Zarif Twitter-də yazıb.

Netanyahu anbarda saxlandığını iddia etdiyi materialın adını açıqlamayıb, yaxud İranın nüvə sazişini pozduğunu da dilə gətirməyib.

İsrail lideri İranı yəhudi dövlətinin ən böyük düşməni sayır. O, daha öncə Tehranın nüvə sazişini pozduğunu deyib, amma onun iddialarını təsdiqlətmək mümkün olmayıb.

İran nüvə proqramının dinc məqsədli olduğunu bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG