Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:49

Aslan İsmayılova 3 il həbs tələbi, məcburi gətirilmə qərarı...


A.İsmayılov
A.İsmayılov

Hüquqşünas Aslan İsmayılovun 1 il 6 aylıq islah işlərinə məhkum edilməsi barədə Səbail Rayon Məhkəməsinin çıxardığı hökm qüvvəyə mindi. Sentyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb.

A.İsmayılov işadamı, «Xəmsə» şadlıq sarayının sahibi Mürvət Həsənlinin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsiylə islah işləriylə cəzalandırılmışdı. Lakin o, bu cəza ilə razılaşmır, hüquqşünasın onu «dələduz» adlandırmasının müqabilində islah işlərini yüngül sayır. Cəzanın ağırlaşdırılması üçün hökmdən şikayət verib.

A.İsmayılov isə hökmü ədalətsiz hesab edərək apellyasiya şikayəti verib və bəraət istəyir.

«Haqqımda üç cinayət işi var»

Sentyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində onların şikayətinə baxılarkən A.İsmayılov iclasın videoçəkilişinə icazə verilməsi barədə vəsatət qaldırıb: «Haqqımda üç cinayət işi var. Hər üçündə məhkəmələrdə saxtakarlığa yol verilib. Burada da saxtakarlığa yol veriləcəksə, onu sübut etmək üçün videoçəkiliş aparılmasına ehtiyac var. Ümumiyyətlə, prosesin şəffaflığı baxımından bu vacibdir. Bilirəm ki, bütün məhkəmə işləri məhkəmənin sədrinə məruzə olunur, onun dediyi qərar gəlib burada elan edilir. Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev isə nəinki ədliyyə naziri Fikrət Məmmədovdan, hətta onun oğlu Fariz Məmmədovdan da qorxur, onun sifarişlərini yerinə yetirir».

Aslan İsmayilov 1 il 6 ay islah işlərinə məhkum edildi
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Üç il həbs tələbi

A.İsmayılov xüsusi ittihamçı M.Həsənlinin də məhkəməyə gəlmədiyini vurğulayaraq, onun iştirakı olmadan işə baxılmasına etiraz edib: «Mən bu gün də deyirəm, o, dələduzdur. Bunu təkcə sənədlərlə yox, bura gəlsin, ona verəcəyim suallarla da sübut edəcəm».

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

A.İsmayılov etiraz olaraq, məhkəmə zalını tərk edib.

Buna baxmayaraq, proses davam etdirilib. M.Həsənlinin nümayəndəsi Sahil Quliyev deyib ki, A.İsmayılov işadamını «dələduz» adlandırmaqla onu ağır cinayətdə ittiham edib: «Bu gün də sosial şəbəkələrdə, çıxışlarında eyni ifadəni işlədir. Biz hökmün ləğv edilməsini və Aslan İsmayılova 3 il azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş edirik».

Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası tərəflərin şikayətlərinin təmin olunmadığını, hökmün qüvvədə saxlandığını elan edib.

A.İsmayılovun hüquqlarını müdafiə etdiyi türkiyəli işadamı Ömür Oralla M.Həsənli arasında 1 milyon 300 min manatlıq borc qalmaqalı var. Hüquqşünas deyir ki, M.Həsənli buna görə prokurorluqda, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib, hətta bir gün saxlanılıb, pulu verəcəyinə dair öhdəlik götürsə də, əməl etməyib.

M.Həsənli isə bildirir ki, yalandır, nə saxlanılıb, nə də kiməsə borcu var.

A.İsmayılov haqqında CM-nin 221 (xuliqanlıq) maddəsiylə başlanmış cinayət işi üzrə də Binəqədi Rayon Məhkəməsində araşdırma gedir. Orada da videoçəkilişə icazə verilmədiyinə görə təqsirləndirilən hüquqşünas məhkəməyə getməkdən imtina edib.

A.İsmayılovun AzadlıqRadiosuna bildirdiyinə görə, bir neçə gün öncə Binəqədi Rayon Məhkəməsində onun haqqında məcburi gətirilmə qərarı çıxarılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG