Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Trump-a niyə güldülər – Qərb mediası


Donald Trump Nyu Yorkda mətbuat konfransı keçirir
Donald Trump Nyu Yorkda mətbuat konfransı keçirir

Sentyabrın 25-də BMT Baş Məclisində çıxış edərkən ABŞ Prezidenti Donald Trump-a gülüblər. Bu zaman o, prezidentliyi dövründə ölkədə misilsiz nailiyyətlər əldə olunmasıyla öyünürdü. Daha sonra Almaniyanın Rusiyadan “tam asılı” olduğunu iddia edincə, həmin ölkənin rəsmiləri irişiblər. Axı, hazırda Birləşmiş Ştatların özündə prezidentin ətrafındakıların Kremldən asılılığı araşdırılır.

“The Washington Post” qəzetində Rick Noack yazır ki, bu gülüş videoları internetdə geniş yayıldı, bu, öz yerində. Amma BMT məclisi çərçivəsində daha az gözəçarpan bir məqam da oldu – Birləşmiş Ştatların nüfuzunun azalması. Trump ABŞ-ın “suverenliyi”ndən danışdığı bir məqamda Avropa İttifaqı, Rusiya və Çin Vaşinqtonun İrana sanksiyalarından yayınma planının hazırlandığını açıqladılar. Söhbət İranla ticarət edən şirkətlərin sanksiyalara məruz qalmaması üçün alternativ ödəniş sisteminin hazırlanmasından gedir.

Aİ-nin xarici siyasət rəhbəri Federica Mogherini (solda) və İranın xarici işlər naziri Mohammad Javad Zarif
Aİ-nin xarici siyasət rəhbəri Federica Mogherini (solda) və İranın xarici işlər naziri Mohammad Javad Zarif

Bu plan Trump rəsmilərini narazı salıb, dövlət katibi Mike Pompeo “çox narahat və dərindən məyus olduğunu” söyləyib.

Avropa hökumətləri ABŞ-ın tənqidini rədd edib, qüsurlarına baxmayaraq, mövcud razılaşmanın heç bir sövdələşmənin olmamasından daha yaxşı olduğunu deyib.

Aİ-nin alternativ ödəniş sisteminin necə işləyəcəyi hələlik, aydın deyil. Amma ən real variantlardan biri budur ki, İranla ticarət edən şirkətlər puldan istifadə etmir, məhsulu barter edir. Bu halda ABŞ hakimiyyəti Avropa və İran şirkətlərinin ticarətini izləyə bilmir, sanksiya riski də minimuma enir.

BMT-nin Baş Məclisi həm səhnədə, həm də pərdəarxasında Trump administrasiyasının təcrid durumunda olduğunu göstərdi. Bu, daha çox düşmənləri ilə gərginliyin artması, müttəfiqləri ilə yeni ziddiyyətlərin qızışmasından sonra qabarıq görünüb”, – müəllif yazır.

Rusiyanın silahlarına görə ‘onunla hesablaşmaq gərəkdir’

Rusiyanın bu günlərdə keçirdiyi Vostok 2018 hərbi təlimləri hədəflərindən azı birinə nail oldu: Moskvanın artan hərbi gücünə, ambisiyasına diqqət çəkdi. “Forbes” dərgisində James Rodgers yazır ki, Rusiyanın yeni silahları “onunla hesablaşmaq lazım olduğunu” göstərir. Bu fikir baş nazirin müavini Yuri Borisov-a məxsusdur.

Vostok-2018 təlimləri
Vostok-2018 təlimləri

Vostok 2018 bir sıra cəhətlərinə görə diqqət çəkdi. Bəziləri bu təlimlərdə 300 min hərbçinin iştirakını sual altına alsa da, Sovet İttifaqının çöküşündən sonra Moskvanın keçirdiyi ən böyük təlimlər olduğu ortadaydı.

Digər tərəfdən, Vostok 2018-ə Çin hərbçiləri də qatıldı. Çinin hərbi təyyarələr və yer-hava tipli raketlər alması da diqqət mərkəzinə gəldi.

“Financial Times” yazıb ki, məhz bu silah satışına görə Birləşmiş Ştatlar “Çin hərbi aparatının bir qanadına” yeni sanksiyalar qoyub. Vaşinqton bu addımın 2016-cı il prezident seçkisinə Rusiyanın iddia olunan müdaxiləsinə görə qoyulmuş sanksiyaları pozduğunu deyib. Rusiya isə xəbərdarlıq edib ki, Vaşinqton “atəşlə oynayır”.

“Bu dikbaş reaksiya Rusiyanın isti münasibət saxladığı qonşuları ilə əlaqələri yaxşılaşdırmağa çalışdığını göstərir. Birləşmiş Ştatlar və Avropa İttifaqının Rusiyaya sanksiyaları qüvvədə saxladığı bir dönəmdə şərqə meyllənmək xeyli cəlbedicidir”, – müəllif yazır.

Google və Facebook razılığa gəliblər

Dünən – sentyabrın 26-da Facebook və Google da daxil olmaqla iri texnologiya şirkətləri Avropa İttifaqında onlayn dezinformasiyayla mübarizə məqsədilə davranış kodeksini razılaşdırıblar. “Frans Pres” agentliyi yazır ki, tənqidçilər öhdəliklərin çox zəif olduğunu deyir.

İllüstrativ foto
İllüstrativ foto

Kodeksi Aİ-nin icraedici qanadı olan Avropa Komissiyası dərc edib. Əsa məqam “saxta xəbər” yayanlardan reklam gəlirlərinin geri alınmasıdır.

Şirkətlər reklamların mənbələrinin aydın göstərməyə, platformalarda yayımlanan reklam kontentinin yaxından öyrənməyə razılaşıblar.

Onlar avtomatlaşdırılmış botların saxta xəbər yayması məsələsinə də nəzarət edəcəklər.

Aİ-nin rəqəmsal iqtisadiyyat komissarı Mariya Gabriel bu öhdəliyi “düzgün istiqamətdə addım” adlandırıb, ancaq Silikon Vadisi nəhənglərindən əlavə səylər də gözlədiyini dilə gətirib.

Avropa Komissiyası saxta xəbərlərə qarşı addımı son qalmaqaldan sonra atıb. Belə ki, ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyası dövründə Facebook istifadəçilərinin məlumatlarının qanunsuz ələ keçirildiyi üzə çıxıb.

Gələn il Avropa Parlamentinə seçkilər keçiriləcək. 2016-cı ildə ABŞ-da prezident seçkisinə, həmçinin Britaniyada Brexit səsverməsinə Rusiyanın müdaxilə etməsi iddiaları səsləndiyindən Brüssel indi qabaqlayıcı addımlar atır.

Komissiyanın nəzdindəki məşvərət şurası isə bu kodeksi “ümumi yanaşması, aydın və mənalı öhdəlikləri”nin olmaması, sanksiya nəzərdə tutmamasına görə tənqid edir.

“Açıq deyək. Saxta xəbər məqalələri və postları ilə yanaşı yerləşdirilən reklamlardan pul qazanan platformalar bu problemi həll edəcək orqan deyillər”, – Avropa İstehlakçı Təşkilatının (BEUC) rəhbəri Monique Goyens deyib.

XS
SM
MD
LG