Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:04

Mediada 'Azerspace-2' peykindən qazanc söhbətləri


Peykin orbitə çıxarılması
Peykin orbitə çıxarılması

Azərbaycanın «Azerspace-2» telekommunikasiya peykinin orbitə buraxılması, qeyri-neft sektorunda vəziyyət və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Nəhəng şirkətlərlə rəqabətdə

bizimyol.info saytında ««Azərkosmos»un fəaliyyəti yetərli hesab oluna bilməz» sərlövhəli yazı oxumaq olar.

Yazıda sentyabrın 26-da Fransanın Kuru kosmodromundan Azərbaycanın «Azerspace-2» telekommunikasiya peykinin orbitə çıxarılması və bu sahədə vəziyyət İnternet Forumunun rəhbəri Osman Gündüzlə müzakirə olunub.

Müəllif «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinə (ASC) istinadən bildirir ki, peykin dəyəri 190 milyon dollarıdır və onun Azərbaycan iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.

O.Gündüz isə sayta deyib ki, bu sahəni artıq nəhəng şirkətlər tutub. Onun fikrincə, Azərbaycanın bu sahədə rəqabətə tab gətirməsi və bazara daxil ola bilməsi çox çətin olacaq: «Bu, bir telekommunikasiya peykidir və bu bizim öncədən səmaya qaldırdığımız peykin bir ehtiyat variantıdır. Yəni bizim öncədən səmaya qaldırılan peykimiz televiziya siqnallarının dünyanın müxtəlif ölkələrinə ötürülməsi ilə məşğul idi. Hansısa ölkənin televiziya yayımcısı hansısa bir ölkəyə yayım vermək istəyirsə, bu peyklərlə müqavilə bağlayır...».

O.Gündüz daha sonra deyib: «Azərbaycan üçün yaxşı müştəri tapmaq o qədər asan olmayacaq. Gərək nə qədər ucuz və keyfiyyətli iş görəsən ki, müəyyən şirkətləri cəlb edə biləsən».

O.Gündüzə görə, peykin orbitə buraxılması işin sadəcə 5 faizidir və qarşıda duran əsas məsələ onun xidmətlərini satmaqdır. Ekspert vurğulayıb ki, peyklərin 15 il fəaliyyət müddəti var, onlara sərf edilən 100 milyonlarla vəsait 10-15 ilə geri qaytarılmalıdır.

O.Gündüz hesab edir ki, bu peyk internet xidmətinin inkişafına təsir etməyəcək: «Bunun internetə çox cüzi, 1 faiz qədərində təsiri olur. Fövqəladə hallar baş verərsə, peykin internet imkanlarından müəyyən həcmdə istifadə mümkündür, sadəcə, bu, çox baha başa gələn bir məsələdir...».

Peyk
Peyk

Azərbaycanın növbəti peyki orbitdə

«Azərbaycan» qəzetində də «Azerspace-2» peykinin orbitə buraxılmasına xüsusi yer ayrılıb. Amma «Azərbaycan üçüncü peykini orbitə göndərdi» sərlövhəli bu yazıda mövzu fərqli baxış bucağından dəyərləndirilir..

Müəllif sentyabrın 26-da «Azerspace-2» peykinin orbitə buraxılmasını əlamətdar tarixi hadisə adlandırır: «Bu, müstəqil Azərbaycanın «Azerspace-1» telekommunikasiya peyki və «Azersky» müşahidə peykindən sonra orbitə çıxan sayca 3-cü peyki oldu».

Yazı müəllifi «Azərkosmos» ASC-yə istinadən bildirir ki, «Azerspace-2» peykini ABŞ-ın «Space Systems/Loral» şirkəti yüksək etibarlı «SSL 1300» peyk platforması əsasında istehsal edib. Peykin ömrü minimum 20 il təşkil edəcək.

Yazıda vurğulanıb ki, «Azerspace-2» peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan «Intelsat» şirkətinə satılıb. Müəllifin qeyd etməsinə görə, bu müqavilə üzrə ödənişlər layihə dəyərinin və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək: «Ümumilikdə, dəyəri 190 milyon dollar olan «Azerspace-2» peykinin ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır».

Müəllif sonra da yazıb: «Üçüncü peykin uğurla orbitə buraxılması Cənubi Qafqazın lideri, Avrasiyanın nəqliyyat-logistik tranzit qovşağı hesab olunan müstəqil Azərbaycanın həm də regional kosmik sənaye mərkəzinə çevrildiyini bir daha təsdiqidir».

İ.Əliyev İsmayıllı velosiped zavodunun açılışında
İ.Əliyev İsmayıllı velosiped zavodunun açılışında

«Hökumət hesab edir ki, 100-lərlə sərəncam vermək olar...»

«Novoye Vremya» qəzetində «Qeyri-neft sektoru həftə ərzində» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki bu günlərdə qeyri-neft sektorunda əlavə tədbirlərlə bağlı dövlət başçısı növbəti sərəncam verib: «Bu tədbirlər çərçivəsində ixraca dəstək mexanizminin hazırlanması, sahibkarlığa dəstək, ölkə iqtisadiyyatına birbaşa investisiya cəlb olunması və başqa məsələlər nəzərdə tutulur. Nə üçünsə hökumət hesab edir ki, 100-lərlə sərəncam vermək olar, amma təhlillə məşğul olmağa dəyməz. Görünür, onlar öz mövqelərini əhali ilə bölüşmək fikrində deyildirlər. Biz isə sərəncamdan sonra bu sahədəki vəziyyətlə bağlı təhlil apardıq».

Yazıda qeyd edilir ki, bu müddətdə bir vaxtlar iri neft maşınqayırması komplekslərindən olan «Azərneftkimyamaş» ASC hesabatını açıqlayıb. Məlum olub ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə şirkətin zərəri 2.6 dəfə artaraq az qala yarım milyon manata çatıb.

Yazıda iddia olunur ki, ölkədə iri sement istehsalçısı olan «Holcim» ASC də bazar dəyərinin 18 faizə yaxınını itirib.

Müəllifə görə, maşınqayırma sahəsində elə bir uğur qazanılmayıb. Yazıda bildirilir ki, velosiped istehsalından ötrü İsmayıllıda zavod tikilsə də, bu sahədə vəziyyət ürəkaçan deyil, orada istehsal edilən velosipedin bir hissəsi anbarlarda qalıb.

Müəllif hesab edir ki, işlək olmayan iqtisadi sistemdə hansısa mexanizmləri yaratmaq əvəzinə, ölkədə iqtisadi siyasəti formalaşdıran sistemi dəyişmək lazımdır.

XS
SM
MD
LG