Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:46

ABŞ neft ehtiyatının ağzını açmayacaq


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatların energetiak naziri Rick Perry deyir ki, ABŞ hökuməti neftin bahalanmasını önləməkdən ötrü hasilatı artırmayacaq. Noyabrda İrana sanksiyaların ikinci raundu qüvvəyə minəcək və bu ərəfədən neft bahalanmaqdadır.

Perry sentyabrın 26-da Vaşinqtonda jurnalistlərə deyib ki, ABŞ-ın Strateji Neft Ehtiyatından nefti buraxmaq qiymətlərə “kiçik və qısamüddətli təsir” göstərə bilər.

660 MİLYON BARREL NEFT EHTİYATI

Neft təhlilçiləri aylardır Prezident Donald Trump administrasiyasının qiymət artımını önləməkdən ötrü neft ehtiyatının ağzını açacağı ehtimalını irəli sürürlər.

Mayda Trump İranla 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana iqtisadi sanksiyaların bərpa olunduğunu bildirib. O vaxtdan neft bahalanır.

Rick Perry
Rick Perry

Bu həftə London birjasında Brent markalı neft 82,55 dollaradək bahalanıb. Bu, 2014-cü ilin noyabrından ən yüksək həddir.

Amma neftin bahalanması Trump və respublikaçılar üçün siyasi risk yaradır. Konqres seçkisi öncəsi bəzi seçicilər nəqliyyat xərclərinin bahalığından şikayətçidir.

Hazırda Birləşmiş Ştatların Texas və Luizana ştatlarında 660 milyon barrelədək neft ehtiyatı var.

ABŞ qanunvericiliyinə görə, bu ehtiyat iqtisadi fövqəladə hallar üçün saxlanır. Qeyri-fövqəladə vəziyyətdə hökumət bir neçə həftə ərzində bu neftin yalnız 30 milyon barrelini, yaxud Birləşmiş Ştatların 36 saat ərzində işlətdiyi qədər sata bilər.

VARİANTLAR

Perry deyib ki, noyabrın 5-də İranın neft sektoruna sanksiyalar qüvvəyə minincə, qısamüddətli qiymət artımı mümkündür, amma o, dünya təchizatının sanksiyaların əvəzini verəcəyindən rahatlığını dilə gətirib.

Nazirin sözlərinə görə, İrandan ixracın yerini İraq qismən doldura bilər. Onun hesablamasına görə, Bağdad kürd muxtar regionundan neftin nəqlinə icazə verərsə, gündəlik olaraq dünya bazarlarına əlavə 300 min barrel neft çatdırıla bilər.

O, günə daha 300 min barrel neftin isə Səudiyyə Ərəbistanı və Küveytin paylaşdığı Neytral Zonadan gələ biləcəyini qeyd edib, əgər onlar da bu neftin ağzını açmağa razılaşsalar.

Rusiya və OPEC üzvləri ötən həftəsonu görüşüblər, amma hasilatı dərhal artırmamaq barədə razılığa gəliblər. Trump isə neft ölkələrini hasilatı artırmağa çağırırdı.

Vaşinqton İrandan neft idxal edən ölkələrə xəbərdarlıq edib ki, alışı sıfıra endirsinlər, yoxsa ABŞ-ın cərimələri ilə üzləşərlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG