Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 06:13

Ali Məhkəmə Y.İmanovun şikayətini təmin etmədi


Y.İmanov

Ali Məhkəmə hüquqşünas Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması ilə bağlı şikayətini təmin etməyib.

Vəkillik fəaliyyəti dayandırılmış Y.İmanov Ali Məhkəməyə Gəncə Apellyasiya Məhkəməsinin qərardadlarından şikayət etmişdi.

Y.İmanov bildirib ki, kassasiya şikayətində vəkillik fəaliyyətinə xitam verilməsi barədə işə Sumqayıtda baxılması və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiasının icraata götürülməsini istəyib.

Ancaq Ali Məhkəmə şikayəti əsaslı hesab etməyib. Hakim Nigar Rəsulbəyovanın sədrlik etdiyi kollegiyanın çıxardığı qərara görə, Y.İmanovun şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin qərardadları qüvvədə saxlanıb.

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən il noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunmasından ötrü məhkəməyə müraciət haqda qərar qəbul edib. Məhkəmə yekun qərar verənə qədər Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Həmin qərara səbəb kimi isə avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.

Y.İmanov Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovun ona təqdim etdiyi yazılı izahatına əsaslanaraq, mətbuata açıqlamasında onun işgəncəyə məruz qalması haqda şikayətini çatdırmışdı. Penitensiar Xidmətin rəhbərliyi bunu «ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə, bu dövlətin çiçəklənməsini gözü götürməyən qüvvələrə xidmət edən addım» kimi qiymətləndirib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti də vəkilin müdafiə etdiyi şəxsə istinadən onun həbsxanada işgəncəyə məruz qalması haqda mətbuata söylədiklərini «vəkillik fəaliyyətinə yaraşmayan hərəkət» hesab edib.

Xatırlatma

Kollegiyanın qərarına Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılır. Bu proses hələ bitməyib. Həmin məhkəmədə Y.İmanovun işin yaşadığı və işlədiyi Sumqayıt şəhərinə göndərilməsi barədə vəsatəti təmin edilməyib. Üstəlik, onun Rəyasət Heyətinin ötən il verdiyi qərarının ləğvi barədə qarşılıqlı iddiasının icraata götürülməməsi barədə qərardad qəbul edilib.

Y.İmanovun həmin məsələlərdən şikayətini Gəncə Apellyasiya Məhkəməsi də rədd edib. Ona görə də hüquqşünas Ali Məhkəməyə üz tutmuşdu.

Multimedia

XS
SM
MD
LG