Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

ABŞ Avropanın İran planını tənqid edir


Federica Mogherini (solda) və Mohammad Javad Zarif
Federica Mogherini (solda) və Mohammad Javad Zarif

Vaşinqton Avropa İttifaqının İranın ABŞ sanksiyalarından yayınmasını nəzərdə tutan planını sərt tənqid edib. Həmin planın məqsədi İranın Avropa şirkətləri ilə ticarəti üçün alternativ yollar yaratmaqdır.

ABŞ dövlət katibi Mike Pompeo sentyabrın 25-də Nyu Yorkda keçirilən konfransda deyib ki, o, plan barədə eşidəndə “dərindən narahat və məyus olub”.

Plan barədə açıqlamanı bir gün öncə Avropa və İran rəsmiləri verib.

DETALLAR AÇIQLANMIR

“Bu, regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı ağlagələn ən qeyri-səmərəli addımlardan biridir”, – deyən Pompeo Aİ-ni “İranın mövqeyini terroru maliyyələşdirən bir nömrəli dövlət kimi möhkəmləndirməkdə” ittiham edib.

Mike Pompeo (solda) və John Bolton
Mike Pompeo (solda) və John Bolton

Pompeo deyib ki, İranın “pozğun ayətullaları”nın təklif olunan ödəniş sistemi barədə xəbəri eşidəndə necə güldüyünü təsəvvür edir.

Avropa ölkələri İranla 2015-ci ildə imzalanmış nüvə sazişinə əməl etməyə çalışırlar. Birləşmiş Ştatlar isə mayda sazişdən çıxıb və Tehrana sanksiyaların bərpa olunduğunu bildirib.

Planın hədəfi də şirkətlərin ABŞ sanksiyalarından yan keçməklə İranla ticarəti davam etdirə bilməsidir.

ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton Pompeo ilə eyni forumda çıxışı zamanı Aİ-nin planını detalları açıqlanmadığına görə tənqid edib.

Bolton deyib ki, Birləşmiş Ştatlar sanksiyaların bərpasında qətiyyətli davranacaq. Sanksiyalar noyabrın 4-də tamamilə qüvvəyə minir. Onun deməsinə görə, Vaşinqton İranın neft müştərilərindən gözləyir ki, o vaxtadək idxalı sıfıra salsınlar.

“GÜCLÜ BİRLİK”

Aİ-nin xarici siyasət rəhbəri Federica Mogherini sentyabrın 24-də axşam İranın xarici işlər naziri Mohammad Javad Zarif ilə birlikdə çıxış edib. O deyib ki, sanksiyalardan yayınma planı qlobal sülhə xidmət edir. Mogherini BMT müfəttişlərinin İranın nüvə sazişinə əməl etməsinə dair açıqlamasını əsas gətirib.

Heiko Maas
Heiko Maas

Xarici işlər nazirləri birgə bəyanatlarında “Xüsusi Hüquqi Şəxs” yaratdıqlarını, məqsədin İranla ticarətdə ödənişləri asanlaşdırmaq olduğunu bildiriblər.

Almaniyanın xarici işlər naziri Heiko Maas jurnalistlərə deyib ki, ABŞ sanksiyalarının təsirini minimuma endirməkdən ötrü Avropa və İran arasında “güclü birlik” var.

Neft və digər qlobal əhəmiyyətli malların ticarəti adətən ABŞ dolları ilə aparılır, amma ABŞ sanksiyaları İranın biznes məqsədilə dollardan istifadəsimi yasaqlayır.

Aİ, İran, Hindistan və Çin İrandan neft ixracını saxlamağa çalışırlar. Amma Beynəlxalq Maliyyə İnstitutunun sentyabrın 25-də açıqlamasına görə, İrandan neft ixracı artıq ciddi azalıb.

Bu ilin aprelindən sentyabrınadək İrandan xam neft və kondensat ixracı günə 800 min barel azalaraq 2 milyon barrelə düşüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG