Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:41

Rusiyayla Çini yaxınlaşdıran nədir – Qərb mediası


Rusiyada parada tamaşa edirlər, 13 sentyabr, 2018-ci il
Rusiyada parada tamaşa edirlər, 13 sentyabr, 2018-ci il

Rusiyanın bu günlərdə keçirdiyi Vostok-2018 hərbi təliminə ilk dəfə olaraq Çin hərbçiləri də qoşuldu – 3 min 200 nəfər. Bu haqda ABŞ-ın müdafiə naziri James Mattisə sual verəndə deyib ki, “uzunmüddətli perspektivdə Rusiyayla Çini birləşdirən az şey görürəm”.

“Foreign Affairs” dərgisində Alexander Gabuev bunu təhlükəli dərəcədə yanlış mövqe sayır. Ümumiyyətlə, Qərbdə belə bir fikir var ki, Rusiyayla Çin arasındakı dərin inamsızlıq mənalı strateji əlaqə yaradılmasına mane olur.

Rusiyada paradda Çin tankları
Rusiyada paradda Çin tankları

Bu iki keçmiş rəqib arasında hərbi əlaqələrin dərinləşməsi realdır və Pekinlə Moskva arasında daha güclü strateji tərəfdaşlıq Birləşmiş Ştatların yarım əsrlik hərbi planlaşdırma və strategiyasını kökündən dəyişə bilər.

Vostok-2018 Rusiyanın Çin barədə strateji düşüncəsindəki dəyişikliyin kulminasiyası idi. Bu dəyişiklik 2014-cü ildən başlanıb. Hətta bundan öncə də Moskva Pekinlə daha dərin əlaqələr yaratmağa aydın səbəblər görürdü. Bir tərəfdən, Rusiyayla Çin 2 min 600 millik birgə sərhədi boyunca sülhün bərqərar olmasında maraqlıdır. 1969-cu ilin ikigünlük qanlı toqquşmalarından sonra hər iki ölkə sərhədə hərbi qüvvənin yığılmasına nəhəng vəsait xərcləyib. 1980-ci illərdə sərhəd regionlarını hərbsiz zonaya çevirməyə başlayıblar, 2004-cü ildə isə uzun müddətdən bəri qalan ərazi mübahisəsini yoluna qoyublar”, – yazan müəllif indi hər iki ölkənin təhlükəsizlik problemlərinin başqa mənbələrdən qaynaqlandığını qeyd edir.

Kreml Suriya və Ukraynada müharibədə iştirak edir. Digər tərəfdən, Qərb sərhədi boyunca NATO hərbi iştirakını artırır, ABŞ da hərbi qüdrətini dərinləşdirir. Çin rəhbərliyi də təhlükəsizlik məsələsində Vaşinqtonla getdikcə daha çox gərginlik yaşayır. Müəllifin fikrincə, Moskvayla Pekinin yaxınlaşmasında bu amillər öz sözünü deyir.

Maria Butina
Maria Butina

Rusiyalı casusluqda şübhəli bilinir

Həftəsonu Osloda informasiya texnologiyaları konfransında iştirak edən rusiyalı casusluqda şübhəli bilinərək saxlanıb. “Newsweek” yazır ki, hüquq mühafizə orqanları şübhəlinin adını açıqlamayıblar. Amma yerli media onun özünü Rusiya parlamentinin yuxarı palatasının – Federasiya Şurasının müşaviri kimi təqdim etdiyini xəbərləyib.

Norveç polisinin sözçüsü deyib ki, şübhəli dəlilləri məhv etməsin deyə iki həftə saxlanacaq. Norveçdəki Rusiya səfirliyi də həbsi təsdiqləyib. Şübhəli Norveç parlamentində rəqəmsallaşma üzrə seminarda iştirak edirmiş.

Vəkili isə casusluq iddialarını danır, onun yalnız iş seminarına getdiyini bildirib.

Dərgi Rusiyanın saysız ölkələrə casuslar göndərməkdə suçlandığını yada salır. Bu yaxınlarda Vaşinqtonda 29 yaşlı rusiyalı qadın Maria Butina saxlanıb. Onun Respublikaçıların siyasi dairələrinə nüfuz etməyə çalışdığı bildirilib.

Ukrayna və Rusiya müharibəni dənizə çıxarır

“Stratfor” təhlil mərkəzi yazır ki, indiyədək Ukraynanın şərqinə nəzarətə görə quruda savaşan Kiyevlə Moskva tezliklə münaqişəni dənizə çıxara bilərlər.

Mariupul limanı, Azov dənizi
Mariupul limanı, Azov dənizi

Sentyabrın 16-da Ukrayna hökuməti elan edib ki, ilin sonunadək Azov dənizində donanma bazası yaratmağı planlayır. Bundan dörd gün sonra isə Prezident Petro Poroshenko parlamentdə çıxışında Kiyevin niyyətini təsdiqləyib.

Onsuz da Ukrayna və Rusiya Azov dənizində hərbi mövqelərini gücləndirir. Bir səbəb Moskvanın ilhaq etdiyi Krımı Rusiyayla birləşdirən körpü tikməsidir. Bu körpü vasitəsilə artıq Ukrayna gəmilərinə bəzi məhdudiyyətlər qoyulmaqdadır.

Gərginliyin artdığı bir dönəmdə Azov dənizində toqquşma tamamilə mümkündür. Özəlliklə də, Birləşmiş Ştatlar münaqişəyə ağırlığını qoyarsa, mərkəz qeyd edir.

XS
SM
MD
LG