İsrailin baş naziri Benjamin Netanyahu Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, Suriyaya qabaqcıl havadan müdafiə sisteminin verilməsi müharibə gedən regiondasabitsizliyi gücləndirəcək.
İki lider sentyabrın 24-də telefonla danışıblar. Bundan sonra Netanahu-nun ofisinin yaydığı məlumata görə, baş nazir Putinə deyib ki, “qabaqcıl silah sistemlərinin məsuliyyətsiz əllərə verilməsi regionda təhlükəni artıracaq” və İsrail İranın Suriyadakı hərbi hədəflərini bombalamaqla “özünün təhlükəsizliyinin və maraqlarının müdafiəsini davam etdirəcək”.
Bu il İsrail təyyarələri Suriyadakı İran hərbi hədəflərinə saysız hava zərbələri endiriblər. Rusiyanın Suriyadakı qüvvələri də bu zərbələri önləyə bilməyib və bunun səbəbi İsrail və Rusiya orduları arasındakı sıx məsləhətləşmə ilə izah olunur. Netanyahu telefon söhbətində bu məqamı bir daha vurğulayıb.
***
ABŞ Rusiyanın Suriyaya S-300 vermək qərarını ‘böyük səhv’ adlandırır
ABŞ-ın dövlət katibi Mike Pompeo bildirib ki, Moskvanın Suriyaya S-300 yer-səma raket sistemini vermək qərarından qaynaqlanan narahatlıqla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Pompeo bu bəyanatı sentyabrın 24-də Rusiyanın Suriyaya antitəyyarə raket sistemi verəcəyi barədə qərarını elan etdikdən bir neçə saat sonra verib.
Rusiya bildirir ki, bir həftə bundan əvvəl Suriya hava hücumundan müdafiə qüvvələrinin Rusiya təyyarəsini səhvən vumasından sonra bu ölkənin müdafiəsini möhkəmləndirmək qərarına gəlib.
Pompeo-nun Lavrovla sentyabrın 25-də BMT Baş Assambleyasının kuluarlarında görüşəcəyi gözlənilir. Pompeo bildirib ki, “Sergeylə görüşəcəyinə inanır”.
O deyib ki, ABŞ Rusiya ilə bütün mümkün məsələlərdə ortaq məxrəcə gəlmək imkanını əldən vermir. Pompeo bununla yanşı deyib ki, Vaşinqton Rusiyadan ABŞ-ın əleyhinə fəaliyyət göstərdiyi bütün sahələrə görə məsuliyyət tələb edəcək.
ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton sentyabrın 24-də deyib ki, Rusiyanın Suriyaya təkmil antitəyyarə raket sistemini vermək qərarı “böyük səhvdir” və Suriyadakı gərginliyi “əhəmiyyətli şəkildə artıracaq”.
***
Bundan əvvəl xəbər verilirdi ki, Rusiya Suriyaya S-300 raket sistemi verəcək. Müdafiə naziri Sergei Shoigu deyib ki, bu, ölkənin müdafiə qabiliyyətini artıracaq.
Cəmi bir həftə öncə Suriya qüvvələri Rusiyanın hərbi təyyarəsini vurub.
Shoigu sentyabrın 24-də qeyd edib ki, Moskva S-300 sistemini iki həftəyə çatdıracaq, həmçinin Suriya hökumət qüvvələrini havadan müdafiə şəbəkəsi üçün yenilənmiş avtomatlaşdırılmış sistemlə təmin edəcək.
Sentyabrın 24-də Suriyanın hökumət qüvvələri Latakya vilayəti üzərində Rusiyanın Il-20 kəşfiyyat təyyarəsini vurub, 15 hərbi qulluqçu həlak olub.
Rusiya müdafiə nazirliyi bu insidentə görə İsraili günahlandırıb, Suriyanın havadan müdafiə sistemlərindən yayınmaqdan ötrü Rusiya təyyarəsindən istifadə etdiyini bildirib.
Prezident Vladimir Putinsə daha yumşaq münasibət sərgiləyib, insidenti “faciəvi qəzalar zənciri”nin nəticəsi adlandırıb.