Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 01:29

'Elman müəllim bizi aldatdı ki, devalvasiya olmayacaq'-Media icmalı


E.Rüstəmov
E.Rüstəmov

Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi, Konstitusiya Məhkəməsinin xarici valyutada götürülmüş kreditlərlə bağlı yeni qərarı, əhalinin gəlirlərinin artması ilə inflyasiyanın müqayisəsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Bu qərar ilə KM borc alanlara imkan yaratdı ki,...»

Marja.az saytında «Niyə də borc alanlar dəyən ziyanı Elman Rüstəmovdan tələb etməsinlər?» sərlövhəli yazı oxumaq olar.

Yazıda xarici valyutada götürülmüş kreditlərlə bağlı Konstitusiya Məhkəməsinin (KM) bu günlər verdiyi qərar ətrafında hüquqşünas-ekspert Əkrəm Həsənovun düşüncələri təqdim edilib.

Ə.Həsənova görə, KM-nin qərarı bu məsələ ilə bağlı əvvəlki yanaşmanı təsdiqləyib. Yəni məhkəmə manatın dollara nisbətdə devalvasiyasını əhəmiyyətli dəyişmə saymayaraq, kreditlərin yeni məzənnə ilə ödənilməsini vacib sayıb: «Məhkəmə dedi ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi borc alan üçün gözlənilməz deyil. Çünki o, krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürmüş hesab edilir və buna görə də devalvasiya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə, borc alan devalvasiya faktına istinad edərək kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya müqavilənin ləğvini tələb edə bilməz. Buna görə də borc alanlar xarici valyutada olan borclarını cari məzənnə ilə ödəməlidir».

Ə.Həsənov xatırladıb ki, 2015-ci ilin may ayında da Konstitusiya Məhkəməsi xarici valyutada olan kreditlər məsələsini bir qədər fərqli prizmadan şərh etmişdi, amma yenə də mahiyyət etibarilə eyni qərar verilmişdi.

Ekspertin deməsinə görə, bu qərar ilə KM dolayısı ilə borc alanlara imkan yaratdı ki, Mərkəzi Banka qarşı iddia qaldırsınlar: «Əgər devalvasiya sırf Mərkəzi Bankın «əməyinin» nəticəsidirsə, onda niyə də borc alanlar onlara dəyən zərəri Elman Rüstəmovdan tələb etməsinlər? Məsələn, desinlər ki, yaxşı, tutaq ki, biz devalvasiyanı qabaqcadan görməli idik, amma Elman müəllim ondan bir neçə gün əvvəl televiziyada çıxış edib bizi aldatdı ki, devalvasiya olmayacaq, buna görə də cavab versin!..».

Maaş və pensiyalar nə qədər artsın?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

«Elə-belə, sözçülük...»

«Novoye Vremya» qəzetində «Biz niyə varlandığımız halda, qənaətə davam edirik» sərlövhəli yazı yer alır.

Yazıda bildirilər ki, bu ilin rəsmi statistikasına görə, ümumi daxili məhsulda (ÜDM) və əhalinin gəlirlərində artım var.

Müəllif rəsmi statistikaya əsasən xatırladıb ki, 2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 3.7 faiz artaraq 542.3 manat olub. İnflyasiya isə hesabat dövründə cəmi 2.7 faiz təşkil edib.

Müəllif bununla belə qeyd edib ki, son illəri götürdükdə isə, əhalinin gəlir və maaşlarındakı artım inflyasiyadan əhəmiyyətli dərəcədə geridə qalır.

Yazıda vurğulanıb ki, ölkədə əvvəlki iki ili yada salmamağa çalışırlar.

Müəllifin hesablamalarına görə, hələ ki, gəlir və maaşların indiki artımı əvvəlki illərin itkilərinin yerini doldura bilmir: «Odur ki, əhalinin həyat səviyyəsinin yaxşılaşmasından danışmaq yerinə düşmür, bu, elə-belə, sözçülükdür».

Yazıda habelə bildirilir ki, paytaxt Bakı ilə regionlarda verilən maaşlar arasında ciddi fərq var. Rəsmi statistikaya görə, bu ilin 5 ayı ərzində Bakıda orta aylıq maaş 790.6 manat həddinə çatıb: «Nəzərə alsaq ki, hasilat sənayesi sahəsində 3 min manata qədər yüksək maaş verilir, demək, yüksək maaşlar Bakıdadır. O zaman bunu da cəsarətlə söyləmək olar ki, əməkçilərin əksər hissəsi orta statistik göstəricidən iki dəfə aşağı maaş alır».

Yerli ayaqqabını alan niyə azdı? - Sahibkar danışır
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

İlham Əliyevdən sahibkarlara dəstək

«Azərbaycan» qəzetində «İlham Əliyevdən sahibkarlara növbəti mühüm dəstək» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi strategiyanın prioritetlərindən biridir: «Bu gün dövlət başçısının «ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır» strateji xəttinə uyğun olaraq sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, son 15 ildə ölkəmizdə fəaliyyət göstərən sahibkarların sayı 4.2 dəfə artıb. İndiyədək 35 mindən çox sahibkara 2.2 milyard manatadək güzəştli kreditlər verilib».

Yazıda vurğulanır ki, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər 2018-ci ildə də uğurlu nəticələr verir, iqtisadiyyatın şaxələndirilməsi təmin edilir. Müəllif hesab edir ki, 2017-ci ildə kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı verilən fərmanlar bu sahəyə göstərilən diqqətin təsdiqidir.

Yazıda dövlət başçısının iş adamlarına daha bir dəstəyi kimi bu ilin iyun ayında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaradılması göstərilir. Müəllifin qeyd edilməsinə görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov da deyib ki, agentliyin yaradılması dövlət başçısının sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının daha bir göstəricisidir: «Agentliyin əsas məqsədi kiçik və orta sahibkarların dostuna çevrilməsi, eyni zamanda sahibkarlığın hüquqi təminatının gücləndirilməsi, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsidir».

XS
SM
MD
LG