Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:32

Fərman Ceyranlıya həbsdə qadağalar qoyulduğu deyilir


Fərman Ceyranlı

Gürcüstan Apellyasiya Məhkəməsinin bu ölkədə həbsdə olan cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlı ilə bağlı qərarını gecikdirdiyi bildirilir.

Cərrahın qızı Lalə Hüseynli AzadlıqRadiosuna deyib ki, məhkəmə qərarının elan olunması 3 aydan çoxdur ki, yubanır. Amma onun deməsinə görə, məhkəmədən qərarın elan edilməsinin yubanması barədə onun yaxınlarına detallı məlumat verilməyib.

“ Bizim apellyasiya şikayətimizlə bağlı məhkəmə may ayında başa çatıb. Ancaq hər dəfə qərarın elan edilməsi təxirə salınır”, deyən L. Hüseynli bildirib ki, bu dəfə qərarın sentyabrın 24-də açıqlanacağı barədə onlara məlumat veriblər.

Məhkəmədən ədalətli qərar gözləyən yaxınları iddia edir ki, son zamanlar F.Ceyranlı ilə görüşlərə bəzi məhdudiyyətlər qoyulub.

“ Davamlı olaraq vodeo-müşahidə altında titulur. Görüşlərin sayına, sovqatlara məhdudiyyət qoyublar” cərrahın qızı deyib.

F.Ceyranlının sonuncu məhkəməsi mayda olub. Həmin iclasda çıxış edən cərrah məhkəmədən barəsində çıxarılmış hökmün ləğv edilməsini istəyib. Ancaq prokuror Ceyranlı barəsində Tbilisi Şəhər Məhkəməsinin çıxardığı hökmü ədalətli hesab edib və həmin hökmün qüvvədə saxlanmalı olduğunu bildirib.

O vaxtdan qərarın elan edilməsinin 5 dəfə təxirə salındığı bildirilir.
Fərman Ceyranlının qızının bu açıqlamasına, hələlik, Gürcüstan Apellyasiya Məhkəməsi və bu ölkənin başqa rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib.

1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda «Lancet» klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı irəli sürülmüş dələduzluq ittihamı təsdiqini tapıb.

F.Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib.

Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib. Ancaq Azərbaycanda hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, F.Ceyranlının siyasi baxışlarına görə həbs edildiyini deməsinin heç bir əsası yoxdur.

Multimedia

XS
SM
MD
LG