Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 04:23

Ali Məhkəməyə ‘başıbəlalı’ namizədlər


Brett Kavanaugh-nun namizədliyinə etirazçı
Brett Kavanaugh-nun namizədliyinə etirazçı

İndiyədək ABŞ Ali Məhkəməsinə üzvlüyü verilmiş şəxslərdən 25 faizə qədəri Senatda təsdiqlənməyib. AzadlıqRadiosu-nun əməkdaşı Ron Synovitz ən qalmaqallı namizədlərdən bəziləri haqda informasiya toplayıb.

Bu günlərdə namizədliyi prezident Donald Trump tərəfindən verilmiş Brett Kavanaugh-nun Senatda təsdiqlənmə prosesi ertələnib. O, yeniyetmə ikən 15 yaşlı qıza təcavüz etməkdə suçlanır.

1987-ci ildə prezident Ronald Reagan Robert Bork-un namizədliyini verdi. O, Ali Məhkəmə hakimliyindən təqaüdə çıxan Lewis Powell-i əvəzləyəcəkdi.

Donald Trump (sağda) və Brett Kavanaugh
Donald Trump (sağda) və Brett Kavanaugh

Ancaq onun namizədliyi ideoloji əsaslarla rədd edildi. Demokrat senator Ted Kennedy Borku açıq şəkildə ittiham elədi ki, o, Amerikanı “qadınların çirkin abortlara məcbur edildiyi, qaradərililərin təcrid olunmuş yeməkxanalarda əyləşdiyi, polisin gecə reydləri zamanı vətəndaşların qapılarını sındıra bildiyi” bir ölkə kimi təsəvvür edir.

Bork həm də vaxtilə prezident Richard Nixon-un ədliyyə departamentində çalışmış, onun “Watergate” qalmaqalını araşdıran xüsusi prokuroru işdən çıxarmaqla bağlı əmrlərini yerinə yetirmişdi.

Demokratların nəzarətində olan Senat Borkun namizədliyini 58-42 səs fərqilə rədd elədi.

SEKS QALMAQALI, MARİXUANA

Bundan sonra Reagan 1987-ci ilin oktyabrında Douglas Howard Ginsberg-in namizədliyini irəli sürdü. O, Reagan administrasiyasında müxtəlif vəzifələr tutmuşdu.

Ronald Reagan (sağda) və NATO-nun baş katibi Lord Carrington, 1984-cü il
Ronald Reagan (sağda) və NATO-nun baş katibi Lord Carrington, 1984-cü il

Ginsberg-in də namizədliyi alınmadı. Media onun 1960-cı illərdə universitet tələbəsi olarkən, həmçinin 1970-ci illərdə Harvard Universitetində professor yardımçısı ikən marixuana çəkdiyini üzə çıxardı.

Ginsberg özü namizədliyini geri götürdü və sonucda Anthony Kennedy Ali Məhkəmə hakimliyinə təsdiqləndi.

1991-ci ildə Prezident George Bush Ali Məhkəmədə Thurgood Marshall-ın yerinə Clarence Thomas-ın namizədliyini irəli sürdü. Bu, tarixdə ən sərt dinləmə prosesi kimi qaldı. Federal Təhqiqat Bürosuna sızdırılmış informasiyada Thomas-ın keçmiş həmkarı Anita Hill onu seksual nalayiq hərəkətlərdə ittiham elədi.

Ancaq Senat 52-48 səs fərqilə onu təsdiqlədi və Ali Məhkəmə tarixinə ikinci qaradərili hakim kimi düşdü.

1969-cu ildə hakim Abe Fortas istefa verəndən sonra Prezident Nixon G. Harrold Carswell-i onun yerinə təyin etdirmək istədi.

Ancaq insan haqları fəalları üzə çıxardılar ki, o, 1940-cı illərdə federal hakim olarkən irqi ayrıseçkiliyi dəstəkləyib, ümumiyyətlə, mülki hüquqların qorunması məsələsində mövqeyi zəifdir.

Carswell-in namizədliyi rədd olundu – 51-45 səs fərqilə.

George W. Bush anası Barbara Bush ilə
George W. Bush anası Barbara Bush ilə

“SUALLARI ANLAMIR”

Prezident George W. Bush 2005-ci ildə baş hüquq müşaviri Harriet Ellan Miers-i Ali Məhkəmədən təqaüdə çıxan Sandra Day O'Connor-un yerinə təqdim elədi. O, prezidentə yaxın əlaqələri ilə seçilirdi, hələ 1994-cü ildə Texasın qubernatoru seçiləndən onun yanında idi.

Çifayda, bu dostluğun xeyri olmadı. Həm respublikaçılar, həm də demokratlar onun heç vaxt hakim işləmədiyini, vacib konstitusion məsələlərə dair aydın mövqe sərgiləmədiyini əsas gətirərək nominasiyaya qarşı çıxdılar.

Tənqidçilər deyirdilər ki, Miers senatorların mürəkkəb konstitusiya məsələlərinə dair suallarını anlamır.

Namizədliyi veriləndən 8 gün sonra Ağ ev elan elədi ki. Miers Bush-dan nominasiyanı geri çəkməyi xahiş edib və Bush “könülsüz razılaşıb”.

Miers 1987-ci ildə Ginsberg qalmaqalından sonra Ali Məhkəmə hakimliyindən namizədliyi geri çəkilən ilk şəxs olub. ABŞ tarixində isə bu prosesdənçəkilən 7-ci namizəddir.

XS
SM
MD
LG