Rumıniyada eynicinslilər arasında nikahın qanuniləşdirilməsi referenduma çıxarılır. “Newsweek” ümummilli referendumun oktyabrın 6-7-nə təyin olunduğunu yazır.
Ölkə konstitusiyası nikahı kişi və qadın arasında ittifaq kimi təsvir edir. İndi bu maddəyə dəyişiklik müzakirəyə çıxarılır. Yəni nikahın cinsi göstərilməyən cütlüklərin ittifaqı kimi müəyyənləndirilməsindən söhbət gedir.
“Ailə üçün Koalisiya” belə bir referendumun keçirilməsindən ötrü kampaniya aparırdı. 2016-cı ildə 3 milyonluq imza ilə petisiya keçirilmişdi.
Ötən il parlamentin aşağı palatası ideyanın referenduma çıxarılmasını dəstəklədi. Senat isə ötən həftəsonu 107-13 səs çoxluğuyla təklifin lehinə səs verdi.
Ölkədəki əsas xristian qurumlarının, pravoslav-roman katolik və yunan-katolik kilsələrinin də səsvermə tərəfdarı olduğu bildirilir.
Baş nazirlə bağlı araşdırma istənilir
Brüsseldən Çexiyanın baş naziri Andrej Babiš-lə bağlı maraq konflikti araşdırması aparılması istənilir. Şəffaflıq təşkilatları qaydaların pozulmasına yeni dəlil aşkarlandığını iddia edirlər. Bu barədə “The Guardian” qəzeti yazır.
Milyarder biznesmen olan Babiš “Narazı Vətəndaşlar üçün Hərəkət” partiyasını yaradıb, ötən dekabrda Çexiyanın baş naziri seçilib. Ancaq tezliklə onunla bağlı bir qalmaqal ortaya çıxıb, Avropa İttifaqından 2 milyon funt-sterlinq dəyərində subsidiya aldığı iddia olunub.
Transparency International şəffaflıq təşkilatı isə baş nazirin Agrofert biznes imperiyasına qarşı iddialar səsləndirib. Bu konqlomerata 230 ərzaq, kimyəvi preparatlar və media şirkəti daxildir.
Agrofert iddiaları saxta adlandırıb.
Babiš 2017-ci ildə maliyyə naziri olanda Çexiya qanunvericiliyinə uyğun olaraq maraq toqquşması yaratmamaq üçün Agrofert-in idarəçiliyindən gedib. Amma Transparency International bildirir ki, o, yerli və Aİ qanunlarını pozaraq şirkətin “əsl sahibi” kimi qalır. Onlar bu iddianın şirkətin Slovakiyadakı sənədlərinə əsasən aparılmış araşdırmaya söykəndiyini deyirlər. Çexiyadakı sənədlər ictimaiyyətə açıq deyil.
“O, bir tərəfdən cibinə axacaq subsidiyalar barədə qərarların çıxarıldığı Aİ iclaslarında əyləşir. Digər tərəfdən isə bu subsidiyalar hesabına siyasi karyerasını maliyyələşdirir. Opponentləri üzərində dominantlıq edir”, – qurumun Çexiya üzrə direktoru David Ondráčka deyib.
Ötən il Agrofert Aİ-dən 1,9 milyard çex kronu (68 milyon funt-sterlinq) həcmində subsidiya alıb. Bu, 2012-ci ildəkindən üç dəfə çoxdur.
Agrofert isə üç səhifəlik bəyanat yayaraq bu iddiaları “saxta” adlandırıb, Slovakiya qanunlarındakı “yekun benefisiar” termininin yanlış anlaşıldığını bildirib.
Babiš özü isə qəzetə emaillə göndərdiyi bəyanatda yazıb: “Transparency International cəfəngiyat yayır, Avropa sammiti, yaxud digər tədbirlər keçirilən zaman belə bəyanatlarla çıxış edir”.
Baş nazir deyib ki, 2014-cü ildə siyasətə gəlməmişdən biznesdən gedib, şirkətini vəkalətli idarə etməyə verib.
Avropalılar qaçqınların qəbuluna tərəfdardır, amma…
Rekord sayda – 1,3 milyon miqrantın Avropaya sığınacaq dalınca getməsindən üç il keçir. Hazırda Avropa ölkələrində yaşayanların çoxu zorakılıq və müharibədən qaçan qaçqınları qəbul etməyi dəstəkləyir. Bunu Pew Araşdırma Mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb.
Di gəl, bu ölkələrdə yaşayanların əksəriyyəti Avropa İttifaqının qaçqın məsələsinə yanaşmasından narazıdır.
Sorğu Aİ-nin 10 ölkəsində keçirilib.
İspaniya, Niderland, Fransa və Britaniyada yetkin yaşlıların 75 faizə qədəri qaçqın qəbulunu dəstəkləyir. 2015-2016-cı illərdə qaçqın status ardınca daha çox miqrantın üz tutduğu Almaniya və İsveçdə də durum oxşardır.
Son illər Avropaya gedənlərin əsas giriş qapısı olmuş Yunanıstan və İtaliyada da qaçqın qəbulunu dəstəkləyirlər. Ancaq bu ölkələrdə yaşayanlar 2015-ci ildə miqrasiyanın pik həddindən sonra gələnlərə mənfi yanaşırlar.
Polşa və Macarıstanda qaçqın qəbulunu elə də dəstəkləmirlər. Polşada rəyi soruşulanların 49, Macarıstanda isə 32 faizi məsələyə müsbət yanaşıb.
Yunanıstan, İsveç, Macarıstan və İtaliyada hər 10 nəfərdən 8-I Aİ-nin məsələyə yanaşmasını dəstəkləmədiyini söyləyib. Avropalılardan soruşmayıblar ki, Aİ-nin tədbirlərinin məhz hansı elementləri ilə razı deyillər.
Qeyd edək ki, bu narazılıq Avstriyanın Avropa İttifaqına prezidentlik müddəti ilə üst-üstə düşür, ilin sonunadək Avstriya quruma rəhbərlik edəcək. Bu ölkə miqrantların icazəsiz və sığınacaq üçün müraciət etmədən Avropaya girişinin önlənməsi siyasətini təbliğ edir.