Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:48

'İşsizliyə görə müavinət artmalıdır'-Media icmalı


İşsizlik. Karikatura
İşsizlik. Karikatura

Məşğulluq problemi, Ermənistan və Azərbaycan rəhbərlərinin oğullarının hərbi xidmətə getmələri, Rusiya ilə münasibətlər medianın aparıcı mövzularındandır.

Məşğulluq problemləri

«Novoye vremya» qəzetində «Gündəlikdə məşğulluq problemidir» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə işsizlik problemini gündəmin müzakirəsinə daşıyır.

Yazıda bildirilir ki, rəsmi statistikaya görə, Azərbaycanda işsizlik səviyyəsi 5 faizə bərabərdir: «2015-ci il böhranının hələ də bəzi sahələrdə müşahidə olunması bu mövzunun aktuallığını daha da artırıb. Yeri gəlmişkən, əgər bu məsələ bu qədər vacib olmasaydı, ona bu qədər diqqət yetirilməzdi. Özünüməşğulluq proqramı iş axtarmaq məsələsindən irəli gəlib».

Müəllif hesab edir ki, bu məsələdə ləngimələr mümkündür: «Məsələ bundadır ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünüməşğulluq proqramının necə reallaşdırılacağını deməyib. Bu məsələ Azərbaycan üçün yenidir, bunun təcrübədə necə olacağının izahı lazımdır. Düzdür, Azərbaycanda bu və ya başqa şəkildə ailə biznesi mövcuddur, amma bunun təşəbbüskarı vətəndaşların özləridir».

Yazıda vurğulanır ki, nazirliyin işsizlərdən ötrü ailə biznesinə necə şərait yaradacağı aydın deyil, əlverişli şərait olmadığı halda proqramın axsaması mümkündür.

Müəllif iddia edir ki, bu məsələdə korrupsiya, vəsaitlərin mənimsənilməsi, sosial layihələrə ayrılan vəsaitlərin talan olunması və bununla da əmək bazarında vəziyyətin ağırlaşması kimi amillər də istisna edilməməlidir.

Yazıda vurğulanır ki, keçmiş vaxtlarda nazirliyin təşkil etdiyi yarmarkalar məşğulluq məsələsini həll etməyə ciddi təsir göstərməyib.

Yazıda qeyd edilir ki, sosial müdafiə sahəsinin güclənməsindən ötrü ilk növbədə işsizliyə görə vəsaitlərin həcmi artırılmalıdır: «Əgər işsizliyə görə minimal müavinət 70 manatdırsa, hansı sosial müdafiədən söhbət gedə bilər?».

Ə.Həsənov
Ə.Həsənov

Əli Həsənovdan Nikol Paşinyana suallar

Modern.az saytında «Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə... - Əli Həsənov YAZDI» sərlövhəli yazı yer alıb.

Yazıda prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun işğal altındakı Qarabağa hərbi xidmətə göndərilməsini dəyərləndirib.

«Paşinyan hakimiyyətə gələndə ermənilər eyforiyaya qapılaraq bunu bütün dünya qapılarının onların üzünə açılması, «demokratik» Ermənistanın Azərbaycan üzərində tam qələbəsi kimi anladılar. İnvestisiyaların sel kimi axacağını, dünya liderlərinin bir-birinin ardınca Ermənistana səfər edəcəyini, Azərbaycan ərazilərinin işğalının qanuniləşdiriləcəyini zənn etdilər», - deyə Ə. Həsənov yazıb.

Yazıda daha sonra bir sıra suallar gündəmə daşınır: ««DQR»in müstəqil dövlət olduğunu və Azərbaycanın bu «dövlət»lə danışıqlar aparmasının zəruriliyini iddia edən baş nazirdən soruşulmalıdır ki, «sənin oğlun nəyə görə bu «müstəqil dövlət»də hərbi xidmətdədir»? Əslində, bu addımı atmaqla, o, nəinki işğal faktını təsdiqləyir, üstəlik, məhz Ermənistanın münaqişə tərəfi olduğunu etiraf edir. Hələ bir həyasızcasına Azərbaycan prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir...».

Prezidentin köməkçisi yazıb ki, Azərbaycan dövlət başçısının övladının hərbi xidmətə getməsi bütün cəmiyyət, gənclərdən ötrü yaxşı bir örnəkdir: «Bu gün doğma torpağı harada müdafiə etmək lazımdırsa, Heydər Əliyev orda da olacaq və ləyaqətlə, şərəflə vətən qarşısında öz borcunu ödəyəcək...».

İ.Əliyev və V.Putin
İ.Əliyev və V.Putin

Rusiya və Azərbaycan

Rəsmi «Azərbaycan» qəzetində «Yaxın qonşu» sərlövhəli yazıda Rusiya-Azərbaycan münasibətləri dəyərləndirilir.

Müəllif hesab edir ki, bu il sentyabrın 1-də prezidentlər İlham Əliyevlə Vladimir Putinin Soçi görüşü Azərbaycan və Rusiya xalqlarının dostluq əlaqələrinin möhtəşəm gücünün göstəricisidir: «İki ölkə arasında müxtəlif sahələrdə 17 sənədin imzalanması, iqtisadi əlaqələrin geniş spektrini əhatə etməsi Azərbaycan-Rusiya dostluğunun möhkəm iqtisadi bünövrəyə söykəndiyini bir daha təsdiq etdi».

Yazıda vurğulanır ki, Soçi görüşündə Azərbaycanla Rusiya hökumətləri arasında imzalanan 2024-cü ilədək əməkdaşlıq proqramı və fəaliyyət planı qarşıdakı illər ərzində birgə iqtisadi fəaliyyəti koordinasiya etməyə imkan verəcək. Həmin proqramda ticarət, nəqliyyat, birgə istehsalın yaradılması və büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahələrində qarşılıqlı fəaliyyəti nəzərdə tutan beş yol xəritəsi təsdiq edilib.

Müəllif sonda da yazıb: «Sənaye, neft maşınqayırması, turizm, tranzit, Rusiya şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında, aqroparklarda investor kimi iştirakı, birgə müəssisələrin yaradılması, regionlararası əməkdaşlığın genişləndirilməsi və sair sahələrdə əməkdaşlıq üçün sonsuz imkanlar mövcuddur. Hər iki tərəf bu əlaqələrin dinamik inkişafında maraqlıdır».

XS
SM
MD
LG