Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

'Bank 7 faizlə aldığı manatı 4 dəfə baha təklif edir'-Media icmalı


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyəti, Azərbaycanda yığılan avtomobillərin bir hissəsinin anbarlarda qalması, əmanət və kredit faizləri arasında kəskin fərq medianın aparıcı mövzularındandır...

Bankların faiz tərəzisi

«Yeni Müsavat» qəzetində «Əmanət və kredit faizləri arasında uçurum dərinləşir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, ölkənin bank sistemində qoyulan əmanətlərə verilən faizlər azalıb, bankların verdikləri kreditlərin faizləri isə artıb.

Müəllif bütün bu məsələlər ətrafında iqtisadçı-ekspert Vüqar Bayramovun düşüncələrinə yer verib.

Yazıda rəsmi statistikaya istinadən qeyd edilir ki, bu il iyulun 1-də ilin əvvəli ilə müqayisədə Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 3.5 faiz artaraq 12 milyard 170.1 milyon manata çatıb.

Yazıda vurğulanıb ki, Azərbaycan banklarının əmanət və kredit faizləri arasındakı fərq isə getdikcə artmaqdadır.

İqtisadçı-ekspert V.Bayramovun deməsinə görə, aparıcı banklar artıq xarici valyutada olan əmanətlərə illik 0.1 faiz divident təklif edirlər: «Manat əmanətləri də cəlbediciliyi itirməkdədir. İllik əmanətlər 7 faiz gəlir gətirir. İllik 7 faizlik əmanət qəbul edən banklar gündəlik tələbat kreditlərinin faizini 30-dək yüksəldiblər. Mərkəzi Bankın Azərbaycan üzrə orta kredit faizinin 11.9 faiz olduğunu açıqlamasına baxmayaraq, sistem əhəmiyyətli banklarda apardığımız statistik monitorinqlər göstərir ki, gündəlik tələbat kreditləri üzrə faizlər orta hesabla 29 faizdən az deyil. Bu isə o deməkdir ki, bank vətəndaşdan 7 faizlə aldığı manatı digər vətəndaşımıza 4 dəfə baha faizlə kredit formasında təklif edir. Xarici valyutalar üzrə isə daha yüksək fərq müşahidə edilməkdədir».

V.Bayramov deyir ki, yüksək kredit faizləri bankların risklərini nəinki sığortalamır, əksinə, onlara yeni risklər yaradır və problemli kreditlərin həcminin artması bunun göstəricisidir: «Belə ki, Mərkəzi Bankın statistikasına görə, bu ilin may ayında 1 milyard 710 milyon manat olan problemli kreditlərin həcmi iyunda 1 milyard 745 milyon manata, iyulda isə 1 milyard 782 milyon manatadək yüksəlib».

Naxçıvan Avtomobil Zavodu
Naxçıvan Avtomobil Zavodu

Anbarda qalan avtomobillər

Marja.az saytında «Azərbaycanda yığılan minik avtomobilləri anbarlarda qalıb» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda cəmi 311 ədəd minik avtomobili istehsal edilib, daha doğrusu yığılıb.

Müəllif xatırladıb ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 269 ədəd minik avtomobili istehsal edilib. Beləliklə, avqust ayında cəmi 42, iyulda isə 139 ədəd avtomobil yığılıb.

Yazıda Dövlət Statistika Komitəsinə istinadən bildirilir ki, minik avtomobili istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10.4 dəfə artıb.

Bununla belə yazıda vurğulanır ki, bu il sentyabrın 1-nə istehsal olunmuş 311 ədəd minik avtomobilinin 131 ədədi anbarlarda olub, avqustun 1-nə isə hazır məhsul ehtiyatı 108 ədəd təşkil etmişdi. Beləliklə, anbarda yığılan minik avtomobillərinin sayı 23 ədəd artıb.

Yazıda habelə bildirilib ki, avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə 139 «Xəzər» avtomobili təqdim edilib.

Müəllif vurğulayır ki, Naxçıvan Ali Məclisi Naxçıvan Avtomobil Zavodundan, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi isə Neftçala Avtomobil Zavodundan avtomobillər almışdı.

Yazıda bildirildiyinə görə, Neftçala Avtomobil Zavodunun əsas sahibi «Azərmaş» Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Emin Axundov deyib ki, hökumət qurumlarından ümumilikdə 40-a yaxın «Xəzər» avtomobili sifariş verilib.

BTC-nin tikintisi
BTC-nin tikintisi

«Polad kəmər»

«Azərbaycan» qəzetində «Azərbaycanı dünya ilə birləşdirən polad kəmər» sərlövhəli yazı dərc edilib. Yazıda artıq 12 ildir ki, istismarda olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti dəyərləndirilir.

Müəllif 16 il öncə, 2002-ci il sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin təməli qoyularkən keçmiş prezident Heydər Əliyevin çıxışından sitat gətirir: «Gördüyümüz işlər Azərbaycanın gələcəyi üçündür...».

Yazıda vurğulanıb ki, həmin tarixdən 16 il keçəndən sonra bu sözlərin mənası daha aydın anlaşılır.

Müəllif hesab edir ki, 16 il öncə baş vermiş təməlqoyma mərasimi təkcə Azərbaycandan ötrü yox, bütün regionda tarixi gün kimi qiymətləndirilir.

Müəllif iddia edir ki, bu kəmərin çəkilişinə güclü müqavimət olub: «BTC Heydər Əliyevin dərin zəkası, gərgin mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində araya-ərsəyə gəlmişdir. O zaman kəmərin çəkilişinə mane olmaq istəyən qüvvələr yüz bəhanə gətirərək işləri əngəlləməyə çalışırdılar. İstər xaricdəki bədxahlarımız, istərsə də layihənin ölkə daxilindəki əleyhdarları Azərbaycanın xətti doldurmaq üçün yetərincə neftinin olmadığını, marşrutun düzgün seçilmədiyini, seysmik cəhətdən təhlükəli zonalardan keçdiyini, ekologiyaya böyük zərbə vuracağını söyləyərək onun özünü doğrultmayacağını deyirdilər».

Müəllif sonda da yazıb: «Ulu öndər Heydər Əliyev uzaqgörənliklə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycanın böyük inkişafına təkan verəcəyini və yeni meqalayihələrə yol açacağını dəqiqliklə müəyyənləşdirmişdi. Məhz bu düzgün xətt ölkəmizi böyük inkişaf yoluna çıxarmışdır».

XS
SM
MD
LG