Keçid linkləri

2025, 17 Yanvar, Cümə, Bakı vaxtı 09:50

Ermənistanda ‘qanundan ali’, ‘imtiyazlı’ şəxs yoxdur


Ermənistanda seçki kampaniyası
Ermənistanda seçki kampaniyası

1991-ci ildən bəri, üçüncü respublikanın tarixində ilk dəfə olaraq, Ermənistanda qanundan üstün, imtiyazlı şəxs yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Pashinian “Le Monde” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanda media heç vaxt bugünkü kimi azad olmayıb, daha iqtisadi monopoliyalar da yoxdur.

Sentyabrın 23-də Yerevanda mer seçkisi keçiriləcək, bu, tarixdə ən azad seçki olacaq. Digər inqilablardan, hər halda, mənə bəllilərdən fərqli olaraq, bizim inqilabdan sonra iqtisadiyyatda düşüş qeydə alınmadı. Əksinə, göstəricilər müsbətdir, kapital ölkəyə qayıdır, daşınmaz əmlakın qiyməti qalxır, bank əmanətləri də artır. Biz demokratik idarəçiliyin yeni sistemini – birbaşa xalq idarəçiliyi yarada bildik”, – Pashinian deyib.

SİYASƏT RUSİYADAN AZAD OLACAQMI?

Ermənistan müttəfiqi Rusiyadan tamamilə azad siyasət yürüdə biləcəkmi? Baş nazir bu sualı belə cavablandırıb:

Nikol Pashinian Le Monde qəzetinə müsahibə verir, 16 sentyabr, 2018-ci il
Nikol Pashinian Le Monde qəzetinə müsahibə verir, 16 sentyabr, 2018-ci il

Biz nə Rusiya, nə Amerika, nə Avropa, nə də İrana münasibətdə nə onların tərəfindəyik, nə də qarşıyıq. Ermənistan suveren dövlətdir və mənim hökumətim müstəsna olaraq xalqımızın və ölkəmizin hüquqlarını müdafiə edir. Bu, hələ mənim Rusiya prezidenti ilə ilk söhbətlərimdən sonra aydın idi. Putin bizim milli suverenliymizə, istədiyimiz xarici siyasəti yürütmək hüququmuza hörmətlə yanaşır. O, mən hələ müxalifətçi olanda inqilabımıza mane olmadı. İndi də, baş nazirliyim dövründə də müdaxilə etmir. Bizim münasibətlər qarşılıqlı hörmətə söykənir”.

Dağlıq Qarabağ münaqişəsinə dair suala cavabında Pashinian deyib ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını istəyir, amma bu məqsədə yerli “hakimiyyət”lə danışıqlar aparmadan çatmağı hədəfləyir.

Burda məntiqi anlamıram: Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasının vacibliyindən danışmaq, amma eyni zamanda bu haqda onunla danışmaq istəməmək? Azərbaycan öz-özünə zidd davranır. Bakı Dağlıq Qarabağın onunla bir dövlətin tərkibində olmasını istəyirsə, Qarabağla danışıqlara da mümkün qədər tez başlamalıdır. Ya bəlkə, Bakı Dağlıq Qarabağı orda yaşayanlar olmadan əldə etmək istəyir?..” – Pashinian deyib.

XATIRLATMA

Bir müddət öncə Azərbaycan tərəf Pashinian-ın Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakıyla bağlı açıqlamasını “münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım” kimi qiymətləndirmişdi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilən əraziləri ilə bağlı ümumilikdə 4 qətnamə qəbul edib. 1993-cü ildə qəbul edilən həmin sənədlərdə işğal edilən ərazilərin boşaldılması istənilir.

XS
SM
MD
LG