Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:06

Azər Qasımov: 'Paşinyanın əsgərlikdəki oğlu...'


Baş nazir N.Paşinyan və oğlu Aşot.
Baş nazir N.Paşinyan və oğlu Aşot.

«Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir. Əvvəla, bu, onu göstərir ki, Paşinyan siyasətdə təsadüfi bir fiqurdur, beynəlxalq münasibətlərdən xəbərsizdir».

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana yönəlik son açıqlamalarını «Trend» agentliyinə şərh edərkən belə deyib.

A.Qasımov vurğulayıb ki, əgər Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə, Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq.

«Sarkisyan diktatura rejiminin çökməsi buna sübutdur. Sadəcə olaraq, indiki şəraitdə Paşinyan rejiminin çökməsi Azərbaycana sərf etmir. Ermənistanda Paşinyanın diktaturası nə qədər çox davam edərsə, bu ölkənin problemləri bir o qədər də çox olacaq. Paşinyan xarici səfərlərində yaltaqlanmaqla, özünü alçaltmaqla, özünü qul kimi aparmaqla istədiyinə nail ola bilməz. Paşinyanın yeni diktatura rejimi Ermənistanı uçuruma aparır. Məhz buna görə də Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır», - A.Qasımov deyib.

A.Qasımov prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidməti ilə bağlı Ermənistan baş naziri N.Paşinyanın açıqlamasına da toxunub. O deyib ki, H.Əliyev öz fiziki keyfiyyətlərinə və hazırlığına görə Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birinə xidmətə çağrılıb: ​«Paşinyanın oğluna gəldikdə isə, bizdə olan məlumata görə, o, təmas xəttindən təxminən 50 km məsafədə, Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunda Ermənistanın hərbi hissələrinin birinə yazılıb və burada, əsasən, məişət məsələləri ilə məşğuldur. Bu hissəyə yazılmasına baxmayaraq, vaxtının çoxunu Xankəndidə keçirir. Ümumiyyətlə, Paşinyanın oğlunun hərbi xidməti ilə bağlı aparılan ucuz təbliğat növbəti populist və aşağı keyfiyyətli şoudan başqa bir şey deyil».

Paşinyan: «H.Əliyevin əsgər getməsi mühüm hadisədir, lakin...»

Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, İlham Əliyevin oğlunun əsgər getməsi mühüm hadisədir. AzadlıqRadiosunun erməni xidməti yazır ki, o bu haqda sentyabrın 16-da Yerevanda çıxış edərkən danışıb: «İctimai fikrin hakimiyyət tərəfindən idarə olunmasına baxmayaraq, cəmiyyətdə belə bir sual vardı: Necə olur ki, Ermənistanın baş nazirinin oğlu əsgər gedir, lakin Azərbaycan prezidentinin oğlu hələ də əsgər getməyib? Oğlunun əsgər getməyi mühüm hadisədir. Lakin İlham Əliyevin oğlu Bakıda xidmət göstərir».

O, öz oğlundan misal çəkib deyir ki, iki ay əvvəl oğlu könüllü olaraq cəbhə xəttinə xidmət etməyə yollanıb.

Sentyabrın 16-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib. Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də and içən əsgərlər arasında olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG