Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:33

'Dollar kreditindən bezənlər'-Media icmalı


Dollar
Dollar

Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı keçirilən paradda dövlət başçısının çıxışı, həbsxanada qeyd edilən ad günləri, problemli kreditlərlə bağlı müzakirələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Hökumət yükün bir hissəsini çiyninə almalıdır»

«Yeni Müsavat» qəzetində «Dollar kreditləri vətəndaşları da bezdirib, bankları da…» sərlövhəli yazı oxumaq olar.

Müəllif 2015-ci ilin fevral və dekabr aylarında baş verən devalvasiyalarla (manat dollar qarşısında iki dəfə dəyər itirdi-R) dollarla götürülmüş kreditlərin ödənilməsində yaranan və hələ də davam etməkdə olan problemi iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edib.

Müəllif bildirib ki, problemli kreditlər məsələsi son günlər yenidən gündəmə gəlib. Buna səbəb hüquqşünas Əkrəm Həsənovun Konstitusiya Məhkəməsinin yenidən bu məsələyə baxması ilə bağlı açıqlama verməsidir.

İqtisadçı-ekspert R.Həsənov «Yeni Müsavat»a bildirib ki, Konstitusiya Məhkəməsi bu məsələdə konkret qərar qəbul edə bilmir, tərəflərdən biri özəl mülkiyyətdir və toxunulmazlığı var: «Banklar hər hansı formada Konstitusiya Məhkəməsinin qərarı ilə borcların silinməsinə sövq edilə bilməz. Bu, mülkiyyət hüququnun pozulması anlamı daşıyar. O səbəbdən bu kimi hallarda Konstitusiya Məhkəməsi daha çox tövsiyə xarakterli qərarlar verir. 2015-ci ildə də bununla bağlı məhkəməyə müraciət olundu, o zaman da Konstitusiya Məhkəməsi konkret öhdəlik və ya çərçivə müəyyənləşdirə bilmədi».

Ekspert hesab edir ki, bu məsələdə problemi yaradan hökumətin verdiyi qərardır. Ona görə də hökumət də yükün bir hissəsini çiyninə götürməlidir: «Hökumətin qəbul etdiyi qərarlar, xüsusilə də manatın devalvasiyası bu problemin kökündə dayanır…».

R.Nəsirli
R.Nəsirli

Həbsxanada ad günü

Azadliq.info saytında «Ad gününü məhbəsdə qeyd edən ləyaqətli adam» sərlövhəli yazı yer alır.

Yazıda həbsdə olan AXCP Gənclər Komitəsi Ali Məclisinin sədri Ruslan Nəsirlidən bəhs edilir.

Müəllif bildirir ki, dünən, sentyabrın 16-da o, həbsxanada ad gününü qeyd edib.

«Bu ləyaqətli, mübariz, təmizqəlbli insanı çirkli pulların yuyulmasında ittiham edirlər», - deyə müəllif yazıb.

Müəllifin iddiasına görə, ölkəyə gələn 150 milyard neft pulunu çirkli məqsədlər naminə talan edənlər Azərbaycanı azad, demokratik, güclü görmək istəyənlərə analoqsuz çamur atıblar.

Yazıda vurğulanır ki, son həbsinə qədər R.Nəsirli dəfələrlə inzibati qaydada həbs olunub və polisə müqavimətdə günahlandırılıb: «Cibində yalnız yolpuluna çatan qədər pulu olardı, amma ürəyinin böyüklüyü milyardlardan qiymətlidir».

Müəllif habelə yazıb ki, ləyaqətli insanların öz doğulduğu günü zindanda qeyd etməsi ənənəyə çevrilir: «Amma onlar zindanda olsalar da, doğulduqları gün ölkə səviyyəsində qeyd olunur…».

Bakının qurtuluşundan 100 il ötür
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

«Gün gələcək ki...»

«Azərbaycan» qəzetində «Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır» sərlövhəli yazı dərc edilib.

Müəllif Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı sentyabrın 15-də Azadlıq meydanında keçirilmiş paradda dövlət başçısı İ.Əliyevin çıxışından bir hissəni təqdim edir.

İ.Əliyev həmin çıxışında Azərbaycanın ordu quruculuğu sahəsində böyük uğurlar əldə edildiyini söyləyib: «Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə, dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bizim hərbi potensialımız artır…».

Dövlət başçısı həmçinin, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.

Prezidentin vurğulamasına görə, Ermənistan məhz 1990-cı illərin əvvəllərində qeyri-sabit vəziyyətdən istifadə edərək Azərbaycanın torpaqlarının bir hissəsini işğal edib.

Ancaq prezident çıxışını optimist notlarla başa vurub. Dövlət başçısı vurğulayıb ki, gün gələcək dövlət bayrağı Azərbaycanın bütün işğal edilən torpaqlarında qaldırılacaq.

XS
SM
MD
LG