Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:32

Mərkəzi Bank Erdogana qulaq asmadı


Ankarada valyutadəyişmə məntəqəsi
Ankarada valyutadəyişmə məntəqəsi

Dünən – sentyabrın 13-də Türkiyənin Mərkəzi Bankı ölkədə yaranmış valyuta böhranının həllindən ötrü faiz dərəcələrini qaldırıb. Bundan cəmi bir neçə saat öncə prezident Recep Tayyip Erdogan faiz dərəcələrini endirmək çağırışı etmişdi.

Faiz dərəcəsinin 17,75-dən 24-ə qaldırılması nəticəsində lirə dollara qarşı 3 faiz möhkəmlənib. Avqustda lirə rekord həddə düşmüş, inflyasiya yüksəlməyə başlamışdı. İnvestorları narahat edən daha bir məqamsa cənab Erdogan-ın iqtisadiyyatın idarəçiliyində aşırı fəal rol oynaması sarıdandır.

“HAKİMİYYƏT TƏŞƏBBÜSÜ ƏLƏ ALMAĞA ÇALIŞIR”

İlin əvvəlindən dollara qarşı 40 faizədək ucuzlaşan lirənin iflasını Birləşmiş Ştatlarda diplomatik və ticarət mübahisələri daha da dərinləşdirib.

Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

“Hakimiyyət təşəbbüsü ələ almağa çalışır. Nail olacaqlar, ya yox, bu başqa məsələdir”, – Commerzbank-ın iqtisadçısı Peter Dixon “The New York Times” qəzetinə deyib.

İqtisadçıların fikrincə, Türkiyədə iqtisadi problemlər o dərəcədə dərinləşib ki, lirənin məzənnəsini sabitləşdirmək və 18 faizlik inflyasiyanı önləməkdən ötrü ancaq kəskin addımlar atılmalıdır. Müstəqil mərkəzi bankı təsir dairəsinə almağa çalışan Erdogan faiz dərəcəsinin hətta müəyyən qədər artımına, yaxud hökumət xərclərinin azalmasına qarşı çıxırdı.

Mərkəzi bankın qərarından bir neçə saat öncə Erdogan çıxışında deyib ki, bankın müstəqilliyini dəstəkləyir. Amma o, faiz dərəcələrini “istismar aləti” adlandırıb: “Gəlin yüksək faiz dərəcələrini azaldaq. Faiz dərəcəsi səbəbdir, inflyasiya nəticədir”.

Erdoganın dünən imzaladığı sərəncamla Türkiyədə avro və dollarla biznes qurmaq qadağan olunur.

Antalya
Antalya

Təhlilçilərin fikrincə, mərkəzi bankın qərarı lirənin sabitləşməsinə kömək edə bilər, inflyasiya artımını dayandırar, investorların bankın müstəqilliyinə inamını bərpa edər. Amma əgər borcalma xərcləri sürətli iqtisadi artıma mənfi təsir göstərməyə başlarsa, bankla Erdogan arasında qarşıdurma yaranacaq. Axı, o, məhz iqtisadi artım hesabına özünə ictimai dəstəyi təmin edə bilib.

ARTIMIN SƏBƏBLƏRİ

Təxminən 20 ildir Türkiyə iqtisadiyyatında fasiləsiz artım yaşanır, yoxsulluq azalıb, orta sinifin sıraları genişlənib, son vaxtlaradək ölkə beynəlxalq investorların sevimli məkanına çevrilib.

Di gəl, qəzet yazır ki, artım daha çox ucuz kreditlər və büdcə pulları hesabına aparılan tikinti bumuna söykənir. Bu uğur hekayəsinin dayanıqlığı isə getdikcə azalmaqdadır.

Lirənin ucuzlaşması türkiyəlilərin həyatında iz buraxmaqdadır. Bu, özünü hətta dərman bazarında da göstərir. Dərman topdansatışı ilə məşğul olan obyektlərin ehtiyatları azalır, onkoloji, ürək-damar, nevroloji xəstəliklərin dərmanlarının belə istifadə müddəti birazdan bitəcək. Bunu Ankara Əczaçılar Palatasının prezidenti Vedat Bulut deyir.

“Bu, yüzminlərlə adama təsirini göstərəcək. Özəlliklə də xərçəng xəstələrinə, onların müalicəsinin bir neçə günlük yubanması belə metastaz verə bilər”, – Bulut deyib.

Avqustun ortasında bir dollar 7,2 lirəyə qədər qalxmışdı. Amma dünən bu məzənnə hətta 6 olub.

“Türkiyə qlobal kontekstdə nisbətən kiçik iqtisadiyyat sayılır, illik istehsalı Niderlandkına bərabərdir. Amma bir sıra Avropa banklarının burada sərmayəsi, yaxud filialı var. Bu da regionu Türkiyədən qaynaqlanan risklərlə üz-üzə qoyur”, – “The New York Times” yazır.

XS
SM
MD
LG