Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

'2015-ci il böhranı dərs olmayıb'-Media icmalı


Neft
Neft

100 il öncə Bakının işğaldan azad edilməsi, Qarabağ münaqişəsi, ixracda neft-qaz sektorunun payının yüksəlməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Neftin qiymətinə əsasən iqtisadi planlar»

«Novoye Vremya» qəzetində «Neftə ümid etmək yeni böhran təxribatı yarada bilər» sərlövhəli yazı oxumaq olar.

Müəllif Azərbaycanın xarici ticarət dövriyyəsində neft və neft məhsullarının payının həddən artıq yüksək olmasını gündəmə daşıyıb.

Yazıda Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən bildirilir ki, son 8 ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 2017-ci ilin eyni dövrüylə müqayisədə 57.6 faiz artıb. İxracın 91 faizi neft-qaz sektorunun payına düşür: «Hələ ki, neft və qaz Azərbaycan üçün başlıca ixrac əmtəəsi kimi qalır. Bizim iqtisadiyyat zəif olacaq. Dünyadakı istənilən təlatüm ölkə iqtisadiyyatına neqativ təsir göstərəcək... Şübhəsiz, neftin qiymətinin bahalaşması, xəzinəyə neftdən gələn dollarların daxil olması büdcəni tamamlamaq üçün müsbət amildir. Amma bundan eyforiyaya qapılmaq olmaz, bizdə isə məhz bu baş verir».

Müəllif vurğulayıb ki, bir zamanlar neftin qiyməti 35-40 dollara enəndə bütün məmurlar qeyri-neft sektorunun inkişafından zərurət kimi danışmağa başlayıblar. Yazıda qeyd edildiyinə görə, elə ki, neftin qiyməti bir qədər artdı, həmin an qeyri-neft sektoru unuduldu və neftin qiymətinə əsasən iqtisadi planlar quruldu: «Görünür, neftin qiymətinin enməsi nəticəsində baş vermiş 2015-ci il böhranı hakimiyyət mənsubları üçün dərs olmayıb. Amma neftin bahalaşmasına baxmayaraq, iqtisadi böhran hələ də dəf olunmayıb».

Müəllif iddia edir ki, hadisələr belə davam edərsə, ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektorunun çəkisi tezliklə sürətlə azalmağa başlayacaq.

N.Paşinyan və V.Putin
N.Paşinyan və V.Putin

«Rusiyanın quberniyası hesab edilən Ermənistan...»

Azadliq.info saytında «Hökumətin Qarabağ rüsvayçılığı» sərlövhəli yazı yer alır.

Müəllif 30 ildir ki, davam edən Qarabağ münaqişəsi ətrafındakı son durumu dəyərləndirməyə çalışıb.

Yazıda vurğulanıb ki, son günlər problem ətrafında müşahidə olunan məsələlər heç də ürək açmır: «Bəzən düşünürsən ki, işğalçı ölkə bizik, işğala məruz qalan isə Ermənistan. Çünki Azərbaycan hakimiyyəti bütün dövrlərdə təslimçi mövqe nümayiş etdirib…».

Müəllif yazıb ki, indi Ermənistanın baş naziri Nikol Paşinyan «meydan sulayır», Rusiyaya səfəri zamanı Qarabağı Ermənistanın ərazisi kimi təqdim edir, danışıqlar prosesinə yenidən başlanmasını məsləhət görür və «bizim daxili işimizə heç kim qarışa bilməz» mesajı verir.

Yazıda vurğulanmasına görə, Azərbaycan hökuməti isə nəzarətində olan media qurumlarına Paşinyanın Rusiya səfərini gözdən salmaqla məşğuldur: «Rusiyanın quberniyası hesab edilən Ermənistan Putinin qarşısında mövqe qoyur. Bizimkilər də Putinin xoşuna gəlmək üçün Qarabağı unutmağa da hazır görünür. Bir dövləti bu qədər qürursuzlaşdırmaq olmaz...».

Müəllif yazının sonunda da proseslərin gələcək inkişafı ilə bağlı öz təxminlərini ifadə edib. Yazıda güman edilir ki, bundan sonra Azərbaycan hökuməti danışıqlardan küsüb, daxildəki «analoqsuz inkişaf»la məşğul olacaq.

Qafqaz İslam Ordusu
Qafqaz İslam Ordusu

«Bakının paytaxt olduğu gün»

«Azərbaycan» qəzetində «Zəfər yürüşü» sərlövhəli yazıda 100 il öncə Bakının Sentrokaspi hakimiyyətindən azad olunmasından bəhs edilir.

Müəllif 1918-ci il sentyabrın 15-də Bakının geri alınmasını tarixi bir teleqramla xatırladır: ​«Həmin gün Qafqaz İslam Ordusuna başçılıq edən Nuru Paşa Azərbaycan hökumətinə, Ənvər Paşaya, 3-cü və 9-cu Ordu komandanlarına teleqramlar ünvanladı. Bu teleqramların hamısı eyni cümlə ilə başlayırdı: «Bakı şəhəri 30 saatlıq şiddətli müharibədən sonra sentyabrın 15-də saat 9-da fəth olunub»».

Müəllif yazıb ki, həmin vaxtlarda Qafqazda bolşeviklərin basqısı hər gün daha da artırdı və bu bölgə ilə bağlı hazırlanan bütün planların mərkəzində zəngin neft mədənləri olan Azərbaycan dururdu.

Müəllif hesab edir ki, bolşeviklərin məqsədi bu ərazidə etnik təmizlənmə aparmaq və neft yataqlarını ələ keçirmək idi: «İstila planları çox keçmədən həyata keçirilməyə başlandı...».

Yazıda bildirilir ki, belə bir mürəkkəb şəraitdə 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi qrup İstanbulda hərbiyə naziri Ənvər Paşa və Sultan Məhəmməd Rəşadla görüşüb. Onlarla Azərbaycana ordu göndərilməsi məsələsi müzakirə olunub.

Müəllifin yazmasına görə, bundan sonra Azərbaycanın xilaskarı, dövlət müstəqilliyinin təminatçısı olan Qafqaz İslam Ordusu yaradılıb: «Bu döyüşlərdə 1136 Osmanlı əsgəri şəhid oldu. Bakı ilə yanaşı, Azərbaycanın bir çox bölgəsində onların xatirə məzarlıqları var... İstanbulda olan M.Ə.Rəsulzadəyə telefonla zəng edən Osmanlı dövlətinin hərb naziri Ənvər Paşa onu təbrik etdi. M.Ə.Rəsulzadə öz növbəsində Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyskiyə teleqram göndərib Azərbaycan xalqı və hökumətini böyük qələbə münasibətilə təbrik etdi...».

XS
SM
MD
LG