Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:55

'Məmur sahibkarlığı'– Media icmalı


Su
Su

Yeni tədris ilinin başlanması, ölkədə bahalaşmanın səbəbləri, Cəlilabad sakinlərinin şikayəti və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Prezidentə verilən vəd və boş qalan su anbarı»

Azadliq.info saytında «Prezidentin lentini kəsdiyi su xətləri bir ilin tamamında quruyub» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, son günlər onlara Cəlilabad rayonundan şəhərin içməli su problemi ilə bağlı xeyli müraciət gəlib. Şikayətçilər Cəlilabad şəhərində bir həftədir içməli su probleminin yaşandığını deyiblər. Müəllifin habelə vurğulamasına görə, bu barədə aidiyyəti qurumlara edilən şikayətlərə cavab olaraq isə bildirilib ki, yayda istilər nəticəsində Viləşçay quruduğundan yeni anbarlar su ilə təchiz edilməyib. Yazıda xatırlanmasına görə, halbuki, 2017-ci ilin sentyabrında prezidentin Cəlilabada səfəri zamanı su ilə bağlı böyük vədlər verilib: ««Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması» layihəsi barədə dövlət başçısına məlumat verilib. Bildirilirdi ki, layihə «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən «Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi» çərçivəsində həyata keçirilir».

Habelə o vaxt qeyd edilib ki, layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu ilə proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Müəllif yazıb ki, layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılmasının planlaşdırıldığı vədi verilib. Yazıda vurğulanır ki, həmin layihə çərçivəsində Cəlilabada su verilib, amma sonradan qeyd edilən problem yaranıb: «Yeni layihənin icrasınadək şəhərə içməli su subartezian quyularından verilirdi. Su şəbəkəsi şəhər əhalisinin yalnız 6.1 faizinə xidmət edirdi. İçməli su gün ərzində 2-4 saatlıq qrafik əsasında verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Yeni su xətti istifadəyə verildikdən sonra subartezian quyuları alternativ kimi saxlanılmaq əvəzinə tamamilə dağıdılıb...».

Ə.Məsimli
Ə.Məsimli

Deputat: «Süni qiymət artımı...»

Modern.az saytında «Manat sabit, neft qiymətləri yüksək –bahalaşmanın səbəbləri nədir?» sualı gündəmə daşınır.

Müəllif ölkədə bahalaşmanın səbəblərini deputat Əli Məsimli ilə müzakirə edib.

Yazıda Dövlət Statistika Komitəsinin (DSK) bu günlərdə yaydığı məlumata istinadən bildirilir ki, 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin eyni dövrünə nisbətən 2.7 faiz bahalaşıb.

Müəllif sual edir ki, manatın məzənnəsinin sabit, dünya bazarında neftin qiymətlərinin yüksək olduğu bir vaxtda mağaza və marketlərdə qiymətlər hansı səbəblərdən bahalaşır?

Deputat sayta xatırladıb ki, rəsmi statistikaya görə, 2017-ci ildə Azərbaycanda inflyasiya 13 faiz təşkil edib: «Ərzaq məhsullarının qiymətləri isə 15 faiz, əslində daha çox artıb. Hökumət bu il 6 faiz ətrafında inflyasiya olacağını proqnozlaşdırıb. Cari ilin 8 ayı ərzində inflyasiya 3 faizin altındadırsa və ilin sonuna qədər həmin səviyyəni saxlamaq mümkün olacaqsa, bu, 2017-ci ilə nisbətən 2018-ci ildə inflyasiyanın xeyli səngiməsi kimi dəyərləndirilə bilər».

Deputat vurğulayıb ki, bu, rəsmi məlumata əsasən, ötən il ilə müqayisədə bu il bahalaşmanın 5 dəfə aşağı templə artmasını göstərir.

Ə. Məsimli hesab edir ki, manatın devalvasiyaları zamanı inhisarçı qruplar təbii qiymət artımı ilə yanaşı, manatın məzənnəsindən sui-istifadə də ediblər: «Süni qiymət artımının hər faizi Azərbaycan ailələrinin büdcəsinə ildə 350 milyon manatdan çox, deməli, ümumilikdə milyard manatlarla ziyan vurur».

Deputat hesab edir ki, Azərbaycan şəraitində süni qiymət artımı məmur sahibkarlığından qaynaqlanır və əhalinin, xüsusən aşağıgəlirli təbəqəsi bu cür qiymət artımından çox əziyyət çəkir.

Bilik günü
Bilik günü

Yeni tədris ilinin trendi

«Azərbaycan» qəzetində «Yeni tədris ili təhsildə dönüş ilinə çevriləcək» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, 2018-2019-cu tədris ilində 1-ci sinfə 165 min 780 şagirdin qəbulu proqnozlaşdırılır, bütünlükdə isə ümumtəhsil müəssisələrində 1 milyon 592 min 317 şagirdin təhsil alması nəzərdə tutulur.

Yazıda vurğulanır ki, hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Üstəlik, bu il ölkədə 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək.

Yazıda Təhsil Nazirliyinə istinadən habelə bildirilir ki, yeni dərs ilinə 332 adda 6 milyon 726 min 29 nüsxə dərslik və müəllimlərdən ötrü metodik vəsait çap edilib. Şagirdlər dərslikləri sentyabrın 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar.

Müəllif həmçinin vurğulayır ki, iyul-avqust aylarında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə 46 min 839 namizəd iştirak edib və onlardan 4 min 53 nəfər işə qəbul olunub.

Yazıda daha sonra oxuyuruq: «Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə «Vətənim Azərbaycan», V-IX siniflərdə «Dövlət rəmzləri - müstəqilliyimizin simvolu2, X-XI siniflərdə «Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı» mövzularına həsr olunacaq...».

XS
SM
MD
LG