Rusiyanın Voyna dissident incəsənət truppasının üzvü, Pussy Riot etirazçı qrupunun qeyri- rəsmi sözçüsü Pyotr Verzilov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dostları onun zəhərlənməsindən şübhələnirlər.
Meduza vebsaytı sentyabrın 12-də Verzilovun partnyoru Veronika Nikulshina-ya istinadla yazıb ki, fəal görmə, nitq qabiliyyətini, hərəkətliliyini itirməyə başlayıb.
Mediazona vebsaytının yaradıcısı olan Verzilov Moskvada Baxruşin Şəhər Klinik Xəstəxanasının toksikologiya şöbəsində müalicə alır.
Rusiyalı fəalların məhkəmələrindən yazan Mediazona Verzilovun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.
Verzilov 2000-ci illərin sonlarında Voyna (Müharibə) dissident qrupunun üzvü kimi tanınıb.
O, keçmiş həyat yoldaşı Nadezhda Tolokonnikova ilə birlikdə ifa edib. Tolokonnikova sonradan Maria Alyokhina və Yekaterina Samutsevich ilə birlikdə Pussy Riot pank qrupunu yaradıb.
Pussy Riot üzvləri 2012-ci ildə Moskvada kilsədə o vaxtkı baş nazir, prezidentlik postu uğrunda kampaniya aparan Vladimir Putinə qarşı mahnı oxuyandan sonra “dini nifrətə söykənən xuliqanlıq”da təqsirli biliniblər.
Alyokhina və Tolokonnikova 2013-cü ilin dekabrında əfv olunublar. Özləri isə bunu Putinin 2014-cü il Soçi Qış Olimpiadası öncəsi imicini yaxşılaşdırmaq cəhdi adlandırıblar.
Verzilov bu ilin əvvəlində Pussy Riot üzvləri ilə birlikdə 15 sutkalıq həbsə məhkum edilib. Onlar futbol üzrə dünya çempionatının final oyununu pozduqdan sonra saxlanıblar. O zaman fəallar Fransa-Xorvatiya qarşılaşması zamanı saxta polis uniformasında yarış meydançasına qaçmışdılar.
Alyokhina və Tolokonnikova Mediazona-nı 2014-cü ildə yaradıblar, Verzilov təsisçi olub.