Prezident Vladimir Putin deyir ki, Rusiya Britaniyada iki nəfərin zəhərlənməsində Britaniyanın şübhəli bildiyi şəxslərin kimliyini müəyyənləşdirib, onlar mülki şəxslərdir.
Britaniya keçmiş rusiyalı casus Sergei Skripal və qızının hərbi dərəcəli sinir qazıyla zəhərlənməsində əli olan şəxslərin kəşfiyyat agentləri olduğunu bildirirdi.
“HAMI ÜÇÜN YAXŞI OLAR”
“Onların kim olduğunu bilirik, onları tapmışıq”, – Putin sentyabrın 12-də Vladivostok şəhərində keçirilən iqtisadi forumda deyib.
“Əlbəttə, mülki şəxslərdir”, – Putin vurğulayıb.
Prezidentin fikrincə, bu iki şəxs barədə “kriminal informasiya yoxdur”, ümid edir ki, özləri izah verəcəklər: “Bu, hamı üçün yaxşı olar”.
Putin Rusiyanın şübhəlilərin təqibində Britaniyaya kömək edəcəyi barədə heç nə deməyib. Rusiya indiyədək zəhərləmədə əli olmasını qətiyyətlə danıb ki, bu da Qərblə onsuz da gərgin münasibətləri daha da pisləşdirib.
Yeddi gün öncə Britaniya hakimiyyəti bildirib ki, martın 4-də keçmiş agentlə qızının zəhərlənməsində Rusiyanın hərbi kəşfiyyat agentliyi olan GRU-nun zabitləri – Aleksandr Petrov və Ruslan Boshirov ittiham olunur.
“RUSİYADAN ÇIXAN KİMİ TUTULACAQLAR”
Onların Noviçok sinir qazını Britaniya ərazisinə saxta ətir qabında gətirdikləri, zəhərli maddəni Skripal-ın İngiltərənin Solsberi şəhərindəki evinin ön qapısına sürtdükləri bildirilib.
Zəhərlənmiş Skripallar bir neçə həftə xəstəxanada müalicə alandan sonra buraxılıblar. Həmin ətir qabını tapmış cütlük isə daha pis aqibətlə üzləşib. Qadın Dawn Sturgess iyulun 8-də dünyasını dəyişib, partnyoru Charlie Rowley isə müalicə alıb.
Britaniya iki rusiyalının həbsindən ötrü Avropa orderi çıxarıb. Putin həmin şəxslərin adlarının real olub-olmadığını da deməyib.
Britaniyanın daxili işlər naziri Sajid Javid sentyabrın 9-da deyib ki, bu şəxslər Rusiyadan kənara çıxan kimi tutulacaq və Britaniyada mühakimə olunacaqlar.
Ölkənin təhlükəsizlik naziri Ben Wallace Putinin zəhərlənmə hadisəsi üçün “tamamilə” məsuliyyət daşıdığını vurğulayıb.