Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

'Rusiya Ermənistanı Azərbaycanın əli ilə cəzalandıracaq nağılı'-Media icmalı


Həbsxana
Həbsxana

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 15 ilə aid iqtisadi göstəricilər, ömürlük məhbusların problemləri, Qarabağ münaqişəsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Ömürlük məhbusların «ömürlük» problemləri

«Yeni Müsavat» qəzetində «Ömürlük məhbusların məsələsi niyə həll olunmur?» sualı gündəmə daşınır.

Yazıda ömürlük həbs cəzası alanların vəziyyəti deputat Fazil Mustafa və hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə dəyərləndirilib.

Müəllif bildirir ki, son günlər Qobustan qapalı tipli həbsxanasında cəza çəkən ömürlük məhbuslarla bağlı məsələ yenidən aktuallaşıb. Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı dövlət başçısı İlham Əliyevə müraciət edərək onların taleyini gündəmə gətirib.

Müraciətdə vurğulanıb ki, cəzalarının müddətli həbslə əvəzlənməməsi, Avropa Şurasına üzvlükdən sonra bu məqamın həllinin yubanması Milli Məclisin qarşıdan gələn sessiyasında onların məsələsinin gündəmə gətirilməsini vacib edir.

Deputat F.Mustafa isə bu məsələ ilə bağlı qəzetə deyib: «Bunun parlamentdə gündəmə gətirilməsinə ehtiyac görmürəm. Ömürlük həbs olunublar, etdikləri cinayətlərə görə məsuliyyət daşıyıblar... Bu baxımdan, məsələni qaldırmağın heç bir adı yoxdur. İnsanlar fərdi qaydada bununla bağlı müraciətlər edə bilərlər. Onların müraciətləri nəzərə alına bilər. Cəzalarının illə əvəz edilməsi bir az mürəkkəb məsələdir. İnanmıram ki, qanunvericilikdə buna imkan tanına».

M.Qəhrəmanlı isə deyib ki, ömürlük məhbuslarla bağlı ciddi problemlər var. Onun qeyd etməsinə görə, bu məsələ ilə bağlı monitorinq aparılmasına ehtiyac yaranıb.

M.Qəhrəmanlı vurğulayıb ki, ömürlük məhbusların vəkillərə ödəməyə maliyyə imkanları belə yoxdur.

Hüquq müdafiəçisi hesab edir ki, bu məsələyə müdaxilə olmasa, ömürlük məhbusların taleyi acınacaqlı olaraq qalacaq və getdikcə də unudulacaqlar.

İ.İsmayıl
İ.İsmayıl

«Suya düşən ümid»

Modertor.az saytında «Yalançı Qarabağ ümidi – «Alınmadı, rəis!..»» sərlövhəli yazı oxumaq olar.

Yazıda müəllif İlham İsmayıl Qarabağ münaqişəsindən bəhs edir.

İ.İsmayıl yazıb ki, ümid vacib psixoloji amildir. Amma müəllifin fikrincə, Ermənistanda məxməri inqilab nəticəsində Paşinyan hakimiyyətə gələndən sonra Qarabağla bağlı ümidi daha bəzəkli formada xalqa sırınmağa başlayıb: «Hələ ilk gündən «Ümidini Paşinyan – Putin savaşına bağlayanlar» yazısında yanlış düşüncənin kütlənin beyninə yeridilməsinin zərəri və zədəsi haqqında təhlili nəzərinizə çatdırmışdıq. Amma təcrübəli diplomatların indi də «Rusiya – Ermənistan qarşıdurması» fantaziyasına sadəlövhcəsinə inanması, «Rusiyanın Ermənistanda marağının qalmaması» kimi mülahizələri göstərir ki, Azərbaycan həqiqətən atəşkəsdən bəri yanlış Qarabağ siyasəti aparıb».

Yazıda qeyd edilir ki, sentyabrın 8-də Ermənistan baş naziri Paşinyanın Rusiya prezidenti Putinlə Kreml söhbəti bu cür düşüncələrin və bundan qaynaqlanan yanlış ümidin suya düşməsi ilə yekunlaşdı: «Nə oldu? Bəs deyirdiniz, Moskva Ermənistanı cəzalandıracaq? Paşinyanın ilk gündən başladığı siyasətdən Kremlin necə ehtiyat etdiyi, narahatlığı açıq görünürdü...».

Müəllif hesab edir ki, artıq son aylar Azərbaycanda hərbi ritorika da aradan qalxıb: «Qısası, «Rusiya Ermənistanı Azərbaycanın əli ilə cəzalandıracaq» nağılı bitdi...».

İ.Əliyev Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında
İ.Əliyev Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında

Son 15 ilin iqtisadi inkişaf göstəriciləri

«Azərbaycan» qəzetində «15 ilə 250 milyard dollar sərmayə, 44.3 milyard valyuta ehtiyatı» sərlövhəli yazı dərc edilib.

Yazıda ötən həftə Bakıda rəqabətlilik mövzusunda keçirilən forumdan bəhs edilir. Eyni zamanda, prezident İlham Əliyevin hakimiyyətdə olduğu 15 ilə aid iqtisadi göstəricilər qabardılır.

Müəllifin yazmasına görə, forumda diqqətə çatdırılıb ki, ölkədə biznesin inkişafı, investisiyaların cəlb olunması, aqrar sektorun tərəqqisindən ötrü əlverişli mühit yaradılıb və bu, dövlət başçısı İ.Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Yazıda bildirilir ki, artıq ölkədə qabaqcıl dünya təcrübəsinin tətbiqi, müxtəlif infrastruktur sahələrinin yaradılması ilə iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı təmin edilib.

Yazıda baş nazirin birinci müavini Yaqub Eyyubovun forumdakı çıxışı üzərində də dayanılır. O çıxışında deyib ki, son 15 ildə ölkə iqtisadiyyatına 236 milyard dollar investisiya yatırılıb. Bunun 118 milyard dollarını xarici investisiyalar təşkil edir. Baş nazirin birinci müavini həmçinin vurğulayıb ki, valyuta ehtiyatları 44.3 milyard dollara yüksəlib.

Müəllifin yazmasına görə, son 15 ildə Azərbaycan iqtisadiyyatında yüksək inkişaf tempi var, bu dövrdə ümumi daxili məhsul real ifadədə 3.6 dəfə artıb.

Müəllif sonda da yazıb: «Bütün bunlar Azərbaycanın son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf etdiyini təsdiqləyən faktorlardır. 15 il ərzində iqtisadiyyat, yəni ümumi daxili məhsulun 3.2 dəfə artması isə dünya miqyasında rekord hesab olunur».

XS
SM
MD
LG