Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 12:18

Məhkəmə jurnalistin 'stop'unu götürmədi


Ş.Çobanoğlu

Nəsimi Rayon Məhkəməsi jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayıb.

Məhkəmə bu gün, sentyabrın 11-də belə qərar qəbul edib.

Jurnalist Ş.Çobanoğlu ölkədən çıxışına məhdudiyyət qoyulmasından məhkəməyə şıkayət edib. Şikayətdə qadağanın qanunsuz olması vurğulanır və ləğv edilməsi istənilir.

Müdafiə tərəfinin bildirməsinə görə, məhkəmədə Baş Prokurorluğun nümayəndəsi çıxış edib, jurnalistin çıxışına hansı səbəblərdən qadağa qoyulması barədə onun özünə məktubla cavab göndərildiyini açıqlayıb.

Verilən məlumata görə, prokurorluğun nümayəndəsi deyib ki, Baş Prokurorluqda açılmış «QHT işi» üzrə cinayət işinin istintaqı davam edir. Ş.Çobanoğlunun həmin cinayət işi və başqa məsələ ilə bağlı şahid qismində ifadəsi alınıb. Bundan əlavə, prosesdə jurnalistin barəsində cinayət təqibi də aparıldığı bildirilib. Prokurorluğun nümayəndəsi bütün bunlara görə jurnalistin ölkədən çıxışına qadağa qoyulmasının qanuni olduğunu söyləyib.

O həmçinin deyib ki, məhkəmə qərarı olmadığından işə məhkəmə nəzarəti qaydasında baxılmamalı və şikayət qəbul edilməməlidir.

Jurnalistin vəkilləri isə bu işdə ölkədən çıxışa qadağa qoyulmasından ötrü qanuni əsasların olmadığını, məhkəmədən şikayətin təmin edilməsini xahiş ediblər.

Hakim Elman İsayevin sədrlik etdiyi məhkəmə heyəti şikayəti təmin etməyib.

Ş.Çobanoğlu məhkəmədən sonra qərarla razı olmadıqlarını və yuxarı məhkəməyə şikayət edəcəklərini bildirib.

Xatırlatma

Ş.Çobanoğlu son 2-3 ildə «Azadlıq» qəzeti, həbsdəki jurnalist Əfqan Muxtarlı və başqa işlərlə bağlı Baş Prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. Jurnalist avqustun 14-də Azərbaycandan Rusiyaya keçmək istəyərkən saxlanıb. Xaçmaz rayonundakı Şirvanovka buraxılış məntəqəsində 1 saata yaxın saxlanan jurnalisti sərhədçilər geri qaytarıblar. Jurnalistin deməsinə görə, ona bildirilib ki, ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən qadağa qoyub.

Ş.Çobanoğlu hökumətin fəaliyyətini tənqid edən yazıların müəllifidir. Müxtəlif vaxtlarda «7 gün», «Azərbaycan» qəzetlərinin müxbiri, «Hürriyyət», «Günaydın» qəzetlərinin baş redaktoru işləyib və başqa media orqanlarında çalışıb.

2013-cü ildən bəri Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Onlardan bəziləri bundan məhkəməyə müraciət ediblər. Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib. Şikayəti təmin olunmayan jurnalistlərdən 9-u Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) üz tutublar. AİHM-ə şikayətçi olan jurnalistlər Natiq Cavadlı, Xədicə İsmayıl, Aynur İmranova, Gülər Mehdizadə, İzolda Ağayeva, Aynura Heydərova, Aytən Ələkbərova, Aynur QənbərovaAytac Əhmədovadır.

AİHM 2017-ci ilin sonundan etibarən onların şikayətlərini araşdırmağa başlayıb. AİHM bu şikayətlərlə bağlı Azərbaycan hökumətinə suallar göndərib.

Multimedia

XS
SM
MD
LG