Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 10:47

Yunis Səfərovun anası ictimaiyyətə müraciət edib


Yunis Səfərovun bacısı qardaşının Elmar Vəliyevə hücumunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Yunis Səfərovun bacısı qardaşının Elmar Vəliyevə hücumunu izah edir

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən Yunis Səfərovun vəkili Elçin Sadıqovun onun müdafiəsindən kənarlaşdırıldığı bildirilir.

«Turan» agentliyinin məlumatına görə, bu haqda Y.Səfərovun anası Leylaxanım İsmayılovanın ictimaiyyətə müraciətində vurğulanır.

Müraciətdə qeyd edilir ki, Y.Səfərov hadisənin baş verdiyi tarixdən (iyulun 3-dən) ayın sonunadək müdafiəsiz olub.

L.İsmayılova yazıb ki, üz tutduqları vəkillər onlarla müqavilə bağlamaqdan imtina edib. O vurğulayıb ki, oğlu 25 gündən çox Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanıb. Anasının iddiasına görə, orada oğlu işgəncələrə məruz qalıb, zorla bütün ifadələrə imza atmağa məcbur edilib.

«İyulun 23-də vəkil Elçin Sadıqovla müqavilə bağlamışıq. Ertəsi gün vəkil orderini Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsinə göndərib. Orderin istintaq idarəsinə daxil olmasına baxmayaraq, istintaq vəkilə cinayət işinə daxil olmağa icazə vermədi. Elçin Sadıqovun Nəsimi Rayon Məhkəməsinə Yunis Səfərovun müdafiə hüququnun pozulması və BMCMİ-yə qanunsuz etap olunması, orada uzun müddət qanunsuz olaraq saxlanılması barədə şikayəti vəkilin adından saxta imza ilə geri götürülüb», - anası müraciətdə yazır.

Vəkil E.Sadiqov Y.Səfərovla görüşüb

Vəkilin Y.Səfərovla ilə avqustun 13-də görüşə bildiyini qeyd edən L.İsmayılovanın bildirməsinə görə, oğlu sentyabrın 1-də polisdə döyülməsi, BMCMİ-də elektrik işgəncəsinə məruz qalması barədə ifadə verib. L.İsmayılovanın vurğulamasına görə, bundan sonra Y.Səfərova və vəkilinə təzyiqlər başlayıb:

«5 sentyabr 2018-ci ildə baş prokurorun birinci müavininin imzaladığı qərar 6 sentyabr 2018-ci il tarixdə oğluma təqdim edilib. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfedensial olmalı olan görüşlərini izləyib. Vəkilin oğluma məsləhətlərini dinləyib və onun oğluma məsləhətləri xoşuna gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb».

Sözügedən qərarın surətini də yayan L.İsmayılova prokurorluğun oğlunun vəkilindən Vəkillər Kollegiyasına şikayət etdiyini də vurğulayıb.

L.İsmayılovanın müraciətindəki fikirlərə, hələlik, əlaqəli rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb.

Ancaq Azərbaycanın hüquq mühafizə orqanları, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində saxlananlara işgəncə verilməsi haqqında şikayətləri təkzib edirlər.

Y.Səfərovun saxlanmasından bir neçə gün sonra da hakimiyyətə yaxınlığı ilə seçilən bəzi kütləvi informasiya vasitələrində onun qısa video müsahibəsi yayılmışdı. Y.Səfərov orada bildirirdi ki, saxlanandan sonra işgəncəyə məruz qalmayıb. Üzündəki xəsarət yerləri isə saxlanarkən müqavimət göstərdiyindən yaranıb.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik Y.Səfərov bu iddialarla bağlı münasibətini ictimaiyyətə açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Baş prokurorluq bütün bu hadisələr ilə bağlı indiyədək 60-dan çox şəxsin həbs edildiyini açıqlayıb. Habelə, silahlı müqavimət göstərdiyi bildirilən 5 nəfərin də zərərsizləşdirilərək öldürüldüyü bildirilib.

Bu günlərdə isə prezident İlham Əliyev hazırda xaricidə müalicə olunduğu deyilən E.Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG