Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:59

Rusiyada ‘ən böyük’ hərbi təlim başlanıb


Rusiyada təlim, arxiv fotosu
Rusiyada təlim, arxiv fotosu

Rusiyada “ən böyük” hərbi təlimlər başlanıb, on minlərlə əsgərin qatıldığı təlimlərdə qonşu Çin və Monqolustandan da hərbçilər iştirak edir.

“Vostok-2018” adlı təlimlər sentyabrın 17-dək davam edəcək. Rusiyanın Müdafiə Nazirliyi təlimlərin 1981-ci ildən bəri ən böyük tədbir olduğunu bildirir.

Rusiyanın Müdafiə Nazirliyi təlimlərdə 300 minlik heyətin iştirak etdiyini bildirib.

NATO bu oyunları “irimiqyaslı münaqişə”yə məşq adlandıraraq pisləyib.

“Bu, bir müddətdir gördüyümüz ssenariyə uyğun gəlir – inadkar Rusiya getdikcə müdafiə büdcəsini və hərbi iştirakını gücləndirir”, – NATO-nun sözçüsü Dylan White avqustun sonunda deyib.

PUTİN DƏ GƏLƏCƏK

Kremlin sözçüsü Dmitry Peskov ötən ay deyirdi ki, Rusiyanın “indiki durumda ölkəmizə qarşı daha çox aqressiv və qeyri-dost beynəlxalq situasiyadan özünü qorumaq qabiliyyəti əsaslandırılıb, vacibdir və buna alternativ yoxdur”.

Vladimir Putin Vladivostokda iqtisadi konfransda
Vladimir Putin Vladivostokda iqtisadi konfransda

Rusiya prezidenti Vladimir Putin-in də Vostok-2018 təlimlərinə gələcəyi gözlənir. Bundan öncə o, Rusiyanın Vladivostok şəhərində çinli həmkarı Xi Jinping ilə iqtisadi forum keçirəcək.

“Çinlə siyasət, təhlükəsizlik və müdafiə sahələrində inamlı münasibətimiz var”, – Putin Xi ilə görüşünün əvvəlində deyib.

Müdafiə naziri Sergei Shoigu-nun sentyabrın 4-də bildirməsinə görə, məşqlərin “əsas ssenarisi”nə 3 min 500-dək çinli hərbçi qatılacaq.

Çin heç vaxt Rusiya torpağında hərbi oyunlarda iştirak etməyib. Bunu Londonda mənzillənən HIS Markit şirkətindən Rusiya üzrə təhlilçi Alex Kokcharov deyir.

“Bu spesifik təlimin məqsədi Asiya-Sakit Okean regionunda Rusiyanın hərbi gücünü layihələndirməkdir. Rusiya Çini dəvət etməsəydi, Pekin bunu Rusiya tərəfdən potensial təhlükəli fəaliyyət hesab edərdi”, – o deyib.

Rusiya rəsmiləri hərbi oyunların konkret bir ölkəyə qarşı yönəlmədiyini bildirir.

HEÇ BİR ÖLKƏYƏ QARŞI DEYİL

Hərbi oyunların keçirildiyi dönəmdə Moskvayla Qərbin münasibətləri yenidən pisləşib. Rusiyanın Qərbdə seçkilərə müdaxilə iddiaları, Ukraynada, Suriyada gedən münaqişələrdə Moskvanın rolu bu gərginliyin artmasına təsirini göstərib.

Moskva deyir ki, Vostok-2018-də sovet vaxtı məşqlərindən iki dəfə artıq hərbçi iştirak edəcək. 1981-ci ildə Zapad-81 təlimlərinə 150 min sovet əsgəri qatılmışdı.

Rusiyanın müdafiə naziri Sergei Shoigu-nun bildirməsinə görə, Vostok-2018-də Rusiya ordusu, hava qüvvələri, donanması, eləcə də Çin və Monqolustandan hərbçilər iştirak edəcək.

Shoigu söyləyib ki, təlimlərə 1000 hərbi təyyarə, vertolyot və dron; 80-dək döyüş və logistika gəmisi; 36 minədək tank, zirehli maşın və digər texnika qoşulacaq.

“36 min hərbi maşının eyni vaxtda hərəkət etməsini təsəvvür edin”, – Shoigu deyib.

Son illər Moskva Qafqazda, Baltikdə və Arktikada irimiqyaslı hərbi təlimlərin sayını artırıb.

XS
SM
MD
LG