Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

'Bəzi məmurların Rusiyaya olan meyli...'-Media icmalı


Kreml
Kreml

Azərbaycanın xarici siyasəti, ölkədə rus dilinə marağın artması, rəsmi inflyasiya göstəricilərinin qiymətlərlə uyğun olmaması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Rusiya hökuməti çalışır ki,…»

«Yeni Müsavat» qəzetində «Rus dilinə getdikcə artan maraq-ekspertlər danışır» sərlövhəli yazı oxumaq olar.

Yazıda Azərbaycanda rus dilinə marağın artması ilə bağlı deyilənlər ətrafında keçmiş təhsil naziri Firudin Cəlilov və yazıçı Mehriban Vəzirin düşüncələrinə yer verilib.

Müəllif yazıb ki, son illər Azərbaycanda rus dilinə maraq getdikcə artmaqdadır. Yazıda bildirilir ki, iaşə obyektlərində, xidmət sektorunda bir çox işçilər rus dilində danışırlar. Bu da dövlət qanununa ziddir.

Müəllif hətta vurğulayib ki, hətta valideynlər yenidən övladlarının daha çox rusdilli siniflərdə təhsil almasına maraq göstərməyə başlayıb. Keçmiş təhsil naziri F.Cəlilov qəzetə deyib: «Rus dilinə marağın artması tendensiyası hiss olunur. Bunun bir neçə səbəbi var. İlk növbədə vəzifəli məmurlar bu məsələdə maraqlıdır. Onlar bu məsələni vaxtaşırı gündəmə gətirirlər ki, rus dilinə ehtiyac var».

Keçmiş nazirə görə, ikinci isə obyektiv səbəbdir. Onun fikrincə, rus bölmələrində təlim-tərbiyə, xüsusən də dərsliklər daha yüksək səviyyədədir: «Bu baxımdan çoxlu səbəb saymaq olar ki, niyə azərbaycanlı valideynlər övladlarının rus bölümündə təhsil almasını istəyir. Mən rus dilinin əleyhinə deyiləm, lakin bu dil xarici dil kimi öyrənilməlidir...».

Yazıçı M.Vəzir isə qəzetə mövzu ilə bağlı bunları deyib: «Rus dilinə olan marağın əsas səbəblərindən biri bəzi məmurların Rusiyaya olan meylidir. Eyni zamanda Rusiya hökuməti çalışır ki, rus dili Azərbaycanda yaşasın və ingilis dili ilə rəqabətə girməsi üçün səylər göstərilir. Gizlin deyil ki, bunun üçün xüsusi maliyyə də ayrılır. Bunun üçün də ölkəmizdə bu gün rus dili daha da populyarlaşmaqdadır».

İ.Əliyev
İ.Əliyev

«Müstəqil siyasət...»

«Azərbaycan» qəzetində «Əsl müstəqil siyasətin nümunəsi» sərlövhəli yazı dərc edilib.

Müəllif dövlət başçısı İlham Əliyevin son Xorvatiya və Rusiya səfərləri kontekstində bir sıra siyasi mülahizələrlə çıxış edib.

Yazıda vurğulanır ki, bu son səfərlər dünyanın müxtəlif siyasi qütbləri ilə Azərbaycanın bərabərhüquqlu, milli maraqlarını təmin edən əməkdaşlığının göstəricisidir.

Müəllif hesab edir ki, Azərbaycan-Xorvatiya münasibətləri son 13 ildə hərtərəfli inkişaf edib, hazırkı şəraitdə daha da dərinləşməkdədir.

Yazıda habelə iddia olunur ki, Xorvatiya ilə əlaqələr həm də Azərbaycan-Avropa İttifaqı münasibətləri baxımından cəlbedicidir. Müəllif xatırladıb ki, bu ölkə 2009-cu ildən NATO-nun, 2013-cü ildən isə Avropa İttifaqının üzvüdür.

Yazıda Azərbaycan Rusiya əlaqələrinə də toxunulur. Müəllif hesab edir ki, Azərbaycan-Rusiya əlaqələri isə bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır: «Dəyişən və kəskinləşən dünya nizamı beynəlxalq münasibətlər sistemində öz yeri olan hər bir ölkə qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrin yerinə yetirilməsində ən mühüm amillərdən biri sözsüz ki, xarici siyasətin qarşısında dayanan prioritetlərin yerinə yetirilməsidir».

Yazının sonunda da oxuyuruq: «Prezident İlham Əliyevin Rusiyaya son rəsmi səfəri də bir daha göstərdi ki, Azərbaycanla Rusiya arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələdə uğurla inkişaf edir. İki ölkə arasında münasibətlər səmimi, etibarlı və möhkəmdir».

Bazar
Bazar

«İnflyasiya enir, qiymətlər...»

«Novoye Vremya» qəzetində «İnflyasiya enir, qiymətlərsə qalxır-təzad» sərlövhəli yazı yer alır.

Müəllif Dövlət Statistika Komitəsinin bu günlərdə açıqladığı statistik göstəricilərə əsasən Azərbaycanın istehlak bazarındakı durumu təhlil etməyə çalışıb.

Yazıda bildirilir ki, ölkə iqtisadiyyatında olduqca təzadlı vəziyyət yaranıb. Müəllifin fikrincə, rəsmi statistikaya əsasən, ölkədə maaşlar, pensiyalar, artsa da, əhali get-gedə kasıblaşır.

Habelə, yazıda vurğulanır ki, rəsmi statistikaya görə, inflyasiya aşağı səviyyədədir, amma malların və xidmətlərin qiyməti bahalaşmaqda davam edir: «Statistika Komitəsinin məlumatına görə, keçən illə müqayisədə 2018-ci ilin yanvar-avqust aylarında inflyasiya 2.7 faiz həddində olub. Bəhs olunan dövrdə ərzaq məhsulları 2.7, qeyri-ərzaq məhsulları 3.2, xidmətlərsə 2.4 faiz bahalaşıb».

Yazıda rəsmi statistikaya ciddi şübhə bəslənir: «Bizə belə gəlir ki, komitə də, hökumətin iqtisadi blokundakı bəzi məmurlar da arzu olunanı həqiqət kimi təqdim edirlər. İnflyasiyanı əhəmiyyətli dərəcədə aşağı sala bilmək üçün əsaslar görünmür».

Müəllif hesab edir ki, qiymətlərin aşağı enməsi və inflyasiyanın azalmasına mövsümi amillər də təsir göstərir. Amma yazıda qeyd edilir ki, bu il meyvə-tərəvəz, bostan məhsulları, əksinə, bahalaşıb.

Yazıda daha sonra da belə bir düşüncə ortaya qoyulur: «İqtisadiyyatda hökm sürən inhisarçılıq qiymətlərin enməsinin qarşısını alır. Beləliklə də, qiymət bahalaşmasına səbəb olan inhisarçılar iqtisadiyyatın inkişafına ağır təsir göstərirlər».

XS
SM
MD
LG