Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:11

Kavanaugh Ali Məhkəmədə nəyi dəyişə bilər


Brett Kavanaugh Senat dinləməsində, 4 sentyabr, 2018-ci il
Brett Kavanaugh Senat dinləməsində, 4 sentyabr, 2018-ci il

ABŞ prezidenti Donald Trump Ali Məhkəmə üzvlüyünə mühafizəkar baxışlı hakim Brent Kavanaugh-nun namizədliyini verib. Ancaq iki partiya arasında bu nominasiyayla bağlı ziddiyyət yaranıb.

Ali Məhkəmə üzvləri ömürlük təyin olunur, çox vaxt ABŞ prezidentlərinin hakimiyyətdə olduğu səkkiz illik müddəti də aşır.

53 yaşlı Kavanaugh balansı mühafizəkarların xeyrinə dəyişə, formalaşdıracağı ali qanunlar on illər boyunca qüvvədə qala bilər.

ABŞ Konstitusiyasına görə, prezident Ali Məhkəmə üzvlüyünə namizədliyi verir, Senat bununla bağlı ictimai dinləmələr, səsvermə keçirir.

TARİXİ ŞANS

Tarixən prezidentlərin məhkəmə sədrliyinə namizəd irəli sürmək şansları bir-iki dəfə yaranır, ya hakimlər vəfat edir, ya da təqaüdə çıxır.

Trump 2017-ci ilin yanvarında vəzifəyə keçəndən artıq ikinci dəfədir Ali Məhkəməyə nominasiya verir. Birinci namizədi – mühafizəkar Neil Gorsuch ötən ilin aprelində təsdiqləndi.

Donald Trump
Donald Trump

1789-cu ildə ABŞ Konstitusiyasına uyğun olaraq yaradılandan Ali Məhkəmədə 113 kişi və qadın çalışıb. Onların xidmət müddəti ortalama 16 il olub.

Ali Məhkəmə ABŞ Konstitusiyasının interpretasiyasında vacib rol oynayır. Bu məhkəmə digər qanunvericiliyin yozumunda da yekun söz sahibidir.

Adətən, bu məhkəmə abort hüquqları, silahlara nəzarət, gey hüquqları, hətta hökumətin digər iki qanadında seçkilərlə bağlı qərarlar verir.

Ali Məhkəmənin ən güclü alətlərindən biri özünün yaratdığı məhkəmə baxışıdır (nəzarətidir). Bu, qanunverici qanadın qanunlarını qeyri-konstitusion elan etmək səlahiyyəti verir.

DEMOKRATLARIN QƏZƏBİ

Konqresin hər iki palatasında hazırda azlıqda olan demokratlar Kavanaugh-nun təsdiqini əngəlləməyə çalışırlar.

Senatın ədliyyə komitəsinin keçirdiyi dinləmələrdə senatorlar Kavanaugh-dan presedent hüququna, qanun və konstitusiyanın spesifik aspektlərinə yanaşmasını soruşublar. Onlar digər şahidləri də dindirəcəklər.

Anthony Kennedy
Anthony Kennedy

Sentyabrın 4-də başlanan dinləmədə demokrat senatorlar xeyli suallar qaldırıblar, çünki Kavanaugh-nun keçmiş respublikaçı administrasiyadakı xidmətinə dair on minlərlə səhifəlik sənədlər elə iclas ərəfəsində ortaya çıxıb.

Ancaq Respublikaçılar Senatda 51-49 səs üstünlüyünə sahib olduqlarından nominasiyanı təsdiqlətmək çətin olmaya bilər. Buna görə də demokratlar azı iki respublikaçını dilə tutmağa çalışırlar ki, mühafizəkar Kavanaugh-nun nominasiyasının əleyhinə səs versin.

Təsdiqlənərsə, mühafizəkar Kavanaugh Ali Məhkəmədə Anthony Kennedy-ni əvəzləyəcək. Kennedy də mühafizəkardır, amma bəzən azlıqların tərəfini tutduğundan qərarların dəyişməsində rolu olub. Alimlərin fikrincə, məhkəmədə balansın 5-4 mühafizəkarların xeyrinə olması durumu sağa yönəldə bilər.

KAVANAUGH-NUN BAXIŞLARI

Demokratların iddiasına görə, Trump Kavanaugh-nu keçmiş yazılarına və şərhlərinə görə seçib, onun hakimiyyətin icra qanadının, yaxud digər ABŞ rəsmilərinin tərəfində duracağını tutacağını gözləyir. Axı, hazırda xüsusi prokuror Robert Mueller Trump-ın seçki kampaniyasının Rusiya rəsmiləri ilə mümkün kontaktlarını araşdırır.

Brett Kavanaugh dinləməyə gələrkən ona etiraz edən fəal
Brett Kavanaugh dinləməyə gələrkən ona etiraz edən fəal

“Demokratlar Kavanaugh-nun təsdiqlənməsinin çox riskli olduğunu anlayırlar və bunu bloklamaqdan ötrü bütün cəhdləri səfərbər ediblər”, – Massaçusets Universitetində Hüquq Araşdırmalarının direktoru, professor Paul M. Collins AzadlıqRadiosuna deyib.

Kavanaugh indiyədək sualları cavablandırmayıb. O, icra orqanının səlahiyyəti və imtiyazlarına dair sualların Ali Məhkəmədə necə mübahisələndirəcəyi məsələlərini hipotetik adlandırıb, “cari hadisələri” şərh etmək istəmədiyini bildirib.

Seçki kampaniyası dövründə Trump deyirdi ki, aborta qarşı çıxan hakimləri seçəcək.

Demokratlar və qadın haqları qrupları Kavanaugh-nun abort hüquqlarına dair, qadınların qanuni aborta çıxışını məhdudlaşdıra biləcək baxışlarından narahatlıq dilə gətiriblər.

Kavanaugh respublikaçı prezident George H.W. Bush administrasiyasında xidmət edib. 2006-cı ildən Vaşinqtonda ABŞ Apelyasiya Məhkəməsinin hakimidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG