Suriya prezidenti Bashar al-Assad öz ordusuna İdlib vilayətinə hücum zamanı xlor da daxil olmaqla, kimyəvi silahdan istifadəyə icazə verib. Bu haqda “The Wall Street Journal” qəzeti Amerika kəşfiyyatındakı mənbələrə istinadla yazır.
Birləşmiş Ştatların müdafiə nazirliyi, kimyəvi silah tətbiq edərsə, Suriya hökumətinə qarşı cavab tədbirlərini hazırlayır. Prezidenti Donald Trump hələlik, necə reaksiya verməli olmalarını qərarlaşdırmayıb. Eyni zamanda Dəməşqlə ittifaq halında olan Rusiya və İran hərbçilərinə zərbələr endirməyə də qərar verilməyib.
VAŞİNQTON VARİANTLARA BAXIR
Məsələnin müzakirəsindən xəbərdar məmurların deməsinə görə, Trump Suriya ordusuna irimiqyaslı zərbə endirməklə hədələyib. Bu Assad-ın 3 milyon nəfərin yaşadığı vilayətdə kütləvi qan axıdılmasına imkan verəcəyi halda edilə bilər. Bu vilayətdə silahlı müxalifətin 70 min üzvü toplaşıb.
Vaşinqton qeyri-hərbi təzyiq vasitələrini də nəzərdən keçirir, məsələn, Suriya rəsmilərinə qarşı iqtisadi sanksiyalara baxılır. Bu haqda qəzeti prezident administrasiyasının yüksəkçinli rəsmisi danışıb.
Son iki il ərzində Trump administrasiyası Suriyanın infrastrukturunu iki dəfə vurub, bu zərbələrə onlarla dinc sakinin öldüyü kimyəvi hücumların səbəb olduğu bildirilib.
Bir həftə öncə Ağ ev Assadı hədələyib ki, İdlibdə kimyəvi silaha əl atılarsa, buna dərhal hərbi addımla cavab veriləcək. Ancaq WSJ yazır ki. Vaşinqton ən pis ssenaridən qaçmağa çalışır. Elə bu səbəbdən milli təhlükəsizlik müşaviri John Bolton və dövlət katibi Mike Pompeo Moskvanı inandırmağa çalışır ki, Assadın mümkün kimyəvi hücumlarını önləsin.
Rusiyanın Müdafiə Nazirliyi isə bu arada Suriya müxalifətinin provokasiyaya hazırlaşması versiyasını yayır. Kremlin fikrincə, bu, Qərb müttəfiqlərə Assad ordusuna zərbə endirməyə əsas verəcək.
Hüquq müdafiəçiləri son 3 gündə Suriyada onlarla dinc sakinin həlak olduğunu bildirir. Onların içində uşaqlar da var. Üç xəstəxana, iki mülki müdafiə mərkəzi dağıdılıb, minlərlə adam tibbi yardımsız qalıb.
BMT, Qərb ölkələri və Türkiyə Suriya hakimiyyətini və Rusiyanı İdlibə hücumla bağlı xəbərdar edib. Moskva və Dəməşq isə İdlibin Suriya hökumətinin nəzarətinə keçməsində israrlıdırlar.