Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

Neft Fondu bu ilin 8 ayında ötən ildəkindən çox dollar satıb-Media icmalı


Dollar
Dollar

Qeyri-neft sektorunda vəziyyət, manatın mövqeyini laxladan iqtisadi amillər, süni şəraitdə zəli istehsalı və başqa məsələlər medianın aparıcı mövzularındandır...

İqtisadi faktorlar manata qarşı

Azadliq.info saytında «Manatın sabitliyini qoruyan bütün iqtisadi faktorlar təslim olur» sərlövhəli yazı oxumaq olar.

Saytda manatın vəziyyəti ilə bağlı iqtisadçı-ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verilib.

Ekspert deyib ki, son aylar manatın sabitliyindən ötrü əhəmiyyət kəsb edən iqtisadi göstəricilər pisləşməyə başlayıb. O, bu sırada daha mühüm hesab etdiyi 3 məqam üzərində xüsusi dayanır.

Q.İbadoğlu birinci vurğulayıb ki, valyutaya tələbat sürətlə artmaqdadır: «Neft Fondunun (NF) açıqladığı məlumata görə, bu ilin 8 ayında satdığı valyuta vəsaitinin həcmi 4 milyard 244 milyon 800 min dollar təşkil edib. Bu isə 2017-ci il üzrə cəmi valyuta satışından 17.9 faiz çoxdur».

İkinci məqama gəlincə, Q.İbadoğlu deyib ki, idxal artır, müsbət saldo azalmaqdadır: «Rəsmi statistikaya əsasən, bu ilin birinci yarısında idxalın həcmi 4 milyard 659 milyon dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36.6 faiz çoxdur. Bununla yanaşı, bu ilin ikinci rübünün göstəricilərinə görə, xarici ticarətdə müsbət saldo may ayında aprel ayına nisbətən 40 faizdən, iyun ayında isə may ayına nisbətən 46 faizdən çox azalaraq 486.9 milyon ABŞ dolları təşkil edib».

Ekspertə görə, xarici ticarətdə müsbət saldonun sürətlə azalması yalnız idxalın artımı ilə bağlı deyil, həm də ixrac azalmaqdadır.

Nəhayət, ekspert üçüncü məqam kimi Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasını göstərir: «Cari ilin avqust ayında Mərkəzi Bankın valyuta ehtiyatları iyun ayındakı 5546.9 milyon dollardan 5503.5 dollaradək azalıb...».

Traktor
Traktor

«Hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə...»

«Azərbaycan» qəzetində «İxracatda kənd təsərrüfatı məhsullarının çəkisi artır» sərlövhəli yazı dərc edilib.

Bu yazıda ölkə iqtisadiyyatı ilə bağlı Q.İbadoğludan fərqli fikirlər ortaya qoyulur.

Müəllif yazıb ki, son illər köklü islahatların, qanunvericilik bazasının təkmilləşdirilməsinin, sahibkarlara hərtərəfli güzəştlərin və bir çox bürokratik əngəllərin aradan götürülməsinin əsas hədəfi qeyri-neft sektorunu inkişaf etdirməkdir. Yazıda vurğulanır ki, hazırda qeyri-neft sektorunda məhsul istehsalının artması aparılan siyasətin nəticəsidir: «Cari ilin birinci yarısında ümumi daxili məhsul 1.3, qeyri-neft sektoru 2 faiz çoxalıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində qeyri-neft sənayesində 8.8, kənd təsərrüfatında 7.6, informasiya və rabitə xidmətlərində 4.9, ticarətdə isə 2.5 faiz artıma nail olunub».

Yazıda qeyd edilir ki, kənd təsərrüfatı qeyri-neft sektorunda aparıcı sahələrdən biridir. Müəllifin fikrincə, son dövrlər bu sahədə fermerlərə lazımi dəstək verilir, məhsul istehsalı artıb .

Yazıda prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aqrar sektorun inkişafının əhəmiyyəti barədə dediklərindən də sitat gətirilir: «...Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir sistemlər var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik...».

Zəli
Zəli

«Süni şəraitdə zəli yetişdirib xaricə satmaq...»

Trend.az saytında «Azərbaycanda süni şəraitdə yetişdirilən zəlilərin ölkə daxilində və xaricdə satılması üçün danışıqlara başlanılıb» başlıqlı yazı yer alır.

Yazıda bildirilir ki, Azərbaycanda süni şəraitdə yetişdirilən zəlilərin ilk dəfə olaraq ölkə daxilində və ölkədən kənarda satılmasından ötrü danışıqlara başlanılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib ki, yerli şirkətlərdən biri Zoologiya İnstitutunun yetişdirdiyi zəlilərlə maraqlanmağa başlayıb.

«Şirkətlə bağlanılacaq xidməti müqavilə əsasında Zoologiya İnstitutunun zəliləri yetişdirməsi, daha sonra həmin şirkətə satılması, şirkətin isə onu bazara çıxarması nəzərdə tutulur. Zəlilərin institutun Ağsu Təcrübə Dayaq Məntəqəsindəki süni göllərdə çoxaldılmaqla satış üçün hazırlanması planlaşdırılır», - yazıda qeyd edilir

E.Yusifov sayta deyib ki, Azərbaycanda ilk dəfə olaraq Zoologiya İnstitutu zəliləri süni şəraitdə çoxaldıb. Artıq 2000-ə qədər zəli çoxaldılaraq institutun Mingəçevir Təcrübə Dayaq Məntəqəsinə təhvil verilib.

Zəlilərin çox yüksək artım qabiliyyətinin olduğunu söyləyən institut direktoru əlavə edib ki, 1 zəli bir il ərzində 1-2 barama verir, hər baramadansa 12-13 bala çıxır: «Min zəli bir ilin sonunda təxminən 15 min, ikinci ilin sonunda 350 min, üçüncü ilin sonunda isə 5 milyon zəli olur. Azərbaycanın daxilində zəlilərin qiyməti 50 qəpikdən 2 manata qədər dəyişir. Xaricdə isə bir zəli təxminən 8 avroya satılır».

Zəlilərdən, əsasən, tibdə müalicə məqsədilə istifadə edirlər...

XS
SM
MD
LG