Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:48

Erdogan Rusiya və İrana xəbərdarlıq edir


Recep Tayyip Erdogan (sağda), Hassan Rouhani (ortada) və Vladimir Putin
Recep Tayyip Erdogan (sağda), Hassan Rouhani (ortada) və Vladimir Putin

Türkiyə prezidenti Rusiya və İrana xəbərdarlıq edib ki, Suriya hökumət qüvvələri və müttəfiqlərinin İdlib vilayətinə hücumu qırğınla sonuclanar.

Recep Tayyip Erdogan sentyabrın 7-də İran prezidenti Hassan Rohani və rusiyalı həmkarı Vladimir Putin-lə birlikdə Tehranda keçirilən sammitdə danışıb.

Rohani-nin fikrincə, Suriyada döyüş bütün ekstremistlərin “kökü kəsilənədək” davam etməlidir, amma döyüşlərin dinc sakinlərə ziyanı dəyməməlidir.

Bu sammitdən bir neçə saat öncə İdlibin bəzi hissələrinin vurulması xəbərləri yayılıb. Məlumatı Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı açıqlayıb.

İdlib yaxınlığında kənd
İdlib yaxınlığında kənd

Putin Tehrana xarici işlər naziri Sergei Lavrov, müdafiə naziri Sergei Shoigu, xarici siyasət üzrə köməkçisi Yury Ushakov-la birlikdə gedib. Sammitdən öncə Erdogan-la ayrıca görüşüb.

İranın Suriya üzrə aparıcı diplomatının İran mediasına deməsinə görə, İdliblə bağlı dilemma var, çünki həm “terrorçular”dan təmizlənməlidir, həm də milyonlarla dinc sakinin təhlükəsizliyi təmin olunmalıdır.

***

Sentyabrın 7-də Rusiya, Türkiyə və İran prezidentləri Tehranda sammit keçirirlər. Onlar Suriyada üsyançıların əlində olan sonuncu məkanda qanlı toqquşmaları önləyəcəklərinə ümid edirlər.

BMT Suriya prezidenti Bashar al-Assad qüvvələrinin İdlib vilayətini ələ keçirməyi hədəfləyən hücumunun “faciəvi” ola biləcəyinə dair xəbərdarlıq edib. İndi üç lider bu hücumla bağlı razılığa gəlməyə çalışırlar.

Türkiyəylə sərhəd İdlibdə Assad-la savaşan onminlərlə üsyançı qalır.

Bu üsyançılar arasında Al-Qaeda qruplaşmasına bağlı 10 minədək döyüşçü də var. Vilayətdə 3 milyonadək dinc şəxs yaşayır və onların demək olar, yarısı Suriyanın digər yerlərindən köçkün düşüb.

“TERRORÇU” QRUPLARIN MƏHVİNDƏN DANIŞIRLAR

Rusiya və İran Suriya hökumətinin müttəfiqidir. Yeddi ildir gedən vətəndaş müharibəsində 400 mindən çox adam didərgin düşüb, milyonlarla şəxs məcburi köçkünə çevrilib.

Tehran sammiti
Tehran sammiti

Bu vilayət Suriya və Rusiya üçün strateji baxımdan vacibdir, çünki Assad-ın əsas istehkamı olan Latakya ilə sərhəddir, Rusiyanın ölkədəki ən böyük hava bazası da burada yerləşir.

Türkiyə vilayətdəki üsyançı qrupların çoxunu dəstəkləyir, ancaq bu yaxınlarda əsas üsyançı qrup, Al-Qaeda-ya bağlı Hayat Tahrir al-Sham-ı “terror təşkilatı” elan edib, onun məhv olunmalı olduğunu deyib.

Rusiya rəsmiləri də belə “terrorçu” qrupların “məhv”indən danışır. Rusiya ordusu bildirir ki, ekstremist döyüşçülərlə Türkiyənin dəstəklədiyi digər üsyançı qrupları ayırmağa çalışır.

Birləşmiş Ştatlar, Fransa və Britaniya xəbərdarlıq edib ki, Assad İdlibə hücum zamanı kimyəvi silaha əl atsa, ona qarşı tədbir görüləcək. Ölkənin digər yerlərində döyüşlər zamanı onun belə davrandığı iddia olunur.

BMT-nin xəbərdarlığına görə, İdlibə hücum daha 800 min dinc sakinin evindən didərgin düşməsinə səbəb olar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG